Osmanlı və Səfəvilər dövründən bəri çoxəsrlik rəqabət tarixinə malik iki qonşunun – Türkiyə və İranın maraqları son illərdə bir neçə dəfə toqquşub – ən azı Suriyada və Cənubi Qafqazda.


Bu iki ölkənin 534 km uzunluğunda ortaq sərhədi var. İran İslam Respublikasında baş verəcək hər hansı xaos və ya müharibə qaçılmaz olaraq qaçqın axınına gətirib çıxarar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünya türklərinin və müsəlmanlarının lideri olmaq ambisiyasında olsa da, ağır iqtisadi böhran keçirən və artıq qonşu Suriyadan 3 milyondan çox qaçqın qəbul etmiş Türkiyə yeni miqrasiya axınına hazır deyil.

“Sərhədlərimizin təhlükəsizliyi bizim üçün qırmızı xətdir. İrandakı hər hansı bir qeyri-sabitlik və ya xaos bölgədə yeni bir köç dalğasına yol aça bilər. Biz bu məsələdə Tehranla sıx əməkdaşlıq edirik” – Ərdoğan Türkiyənin miqrasiya təhlükəsiylə bağlı narahatlığını belə ifadə edib.

Ankara üçün digər potensial problem İranda kürd məsələsinin kəskinləşməsi ola bilər. Tehranda rejimin süqutu və xaos yaranacağı təqdirdə üsyankar kürd əyalətləri ayrılmaq və ya öz muxtariyyətlərini yaratmaq üçün silahlı mübarizəyə başlaya bilərlər.

Bundan başqa, Türkiyə tərəfi qorxur ki, Tehranın mövqelərinin zəifləməsi Ankaranın digər geosiyasi rəqibi olan İsrailin mövqelərini gücləndirər. Ərdoğan hökuməti bu qənaətdədir ki, yəhudi dövləti “molla rejimi”nin süqutunu və Tehranda qərbpərəst, İsrailpərəst rejimin qurulmasını istəyir.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bunu belə ifadə edib:
“Türkiyənin sionist rejimin təxribatlarına qarşı nümayiş etdirdiyi prinsipial mövqeyi yüksək qiymətləndiririk. Regional sülh üçün Tehran və Ankara birgə hərəkət etməlidir.”


Bundan başqa, İslam Respublikası Türkiyəyə təbii qazın əsas tədarükçülərindən biri olaraq qalır. 2024-cü ilin yekunlarına görə, Türkiyədə İran qazının payı 13,5% təşkil edib. Keçən ilsə bu göstərici artaraq artıq 20%-ə yaxınlaşıb.

İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan mövcud qaz müqaviləsinin müddəti 2026-cı ilin noyabrında başa çatacaq. Hazırda müqavilənin uzadılmasıyla bağlı danışıqlar gedir.

Eyni zamanda, 2025-ci ilin fevralında Türkiyənin nəhəng “Botaş” şirkəti və Türkmənistanın dövlət konserni “Türkmənqaz” illik 2 milyard kubmetrə qədər Türkmənistan qazının SWAP sxemi üzrə və İran vasitəsilə Türkiyəyə ixracını nəzərdə tutan saziş imzalayıblar.

“Bizim İranla köklü enerji bağlarımız var. 2026-cı ildə başa çatacaq qaz müqaviləsinin yenilənməsi üçün artıq işlərə başlamışıq. Türkiyənin sənayesi və isidilməsi üçün İran qazı strateji əhəmiyyətini qoruyur” – Ərdoğan belə deyib.
İran Prezidenti Məsud Pezeşkianın ixracatı artırmaqla bağlı vədi bu əməkdaşlığın İran üçün də con dərəcəönəmli olduğunu göstərir:
“Türkiyə ilə qaz ixracatımızı ikiqat artırmağa hazırıq. Biz təkcə qonşu deyilik, həm də regionun enerji təhlükəsizliyini təmin edən iki əsas tərəfdaşıq”.

İran neftinin Türkiyəyə tədarüküylə bağlı məlumatlarsa kifayət qədər ziddiyyətli olaraq qalır. Türkiyə rəsmiləri İrandan neft aldıqlarını təkzib edirlər. Amma “Eurostat”-ın məlumatlarına görə, 2024-cü ildə Ankara dörd illik fasilədən sonra İran neftinin idxalını bərpa edib.

Türkiyə tərəfi Tehrandakı rejimin zəifləməsinin əleyhinə deyil. Ancaq Ankara hər vəchlə çalışacaq ki, zəifləmiş molla rejimi mümkün qədər uzun müddət hakimiyyətdə qalsın.

“Politfm”

Məqalədə “Berliner Zeitung”, “TRT World” və “Tehran Times” nəşrlərinin xəbərlərindən istifadə olunub.