Foto: “Getty Imaces”
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı hesab edir ki, NATO müasir döyüş meydanının tələblərinə uyğunlaşmaq baxımından Rusiyadan ciddi şəkildə geri qalır. Onun fikrincə, alyansın mövcud hərbi doktrinaları yeni müharibə reallıqlarını tam əks etdirmir və bu fərqi aradan qaldırmaq üçün uzun illər lazım olacaq.
“The Times” yazır ki, Zalujnı bu fikirləri Ukrayna səfirlərinin Kiyevdə keçirilən toplantısında səsləndirib. O bildirib ki, NATO-nun əsas yanaşmaları hələ də İkinci Dünya müharibəsi və Soyuq müharibə dövrünün prinsiplərinə əsaslanır. Halbuki Rusiya-Ukrayna müharibəsi göstərib ki, döyüş meydanında üstünlük artıq yalnız tank, artilleriya və aviasiyanın sayından asılı deyil. Müasir müharibənin əsas elementlərindən biri pilotsuz uçuş aparatları, rəqəmsal kəşfiyyat, elektron mübarizə vasitələri və sürətli qərarvermə sistemləridir.
Zalujnının sözlərinə görə, Ukrayna ordusu son illərdə məhz bu yeni şəraitdə döyüşərək təcrübə qazanıb və klassik NATO yanaşmalarından fərqli fəaliyyət modeli formalaşdırıb. O hesab edir ki, alyans bugünkü vəziyyətini dəyişməsə, hətta növbəti on iki il ərzində belə Rusiyanın döyüş imkanlarının yalnız müəyyən hissəsinə çata biləcək.
Məqalədə qeyd olunur ki, Ukraynanın pilotsuz uçuş aparatlarından istifadədə əldə etdiyi təcrübə NATO hərbçilərinin də diqqətini cəlb edib. “The Wall Street Journal” nəşrinin daha əvvəl dərc etdiyi materiala istinadən bildirilir ki, “Hedgehog-2025” hərbi təlimləri zamanı cəmi bir neçə ukraynalı dron operatoru şərti döyüş şəraitində NATO-nun böyük qüvvələrinə ciddi itkilər verdirə bilib. Onların fəaliyyəti nəticəsində minlərlə hərbçi, o cümlədən Britaniya briqadası “məhv edilmiş” hesab olunub. Bu hadisə pilotsuz sistemlərin müasir müharibədə yaratdığı yeni reallığın göstəricilərindən biri kimi qiymətləndirilir.
Zalujnı çıxışında Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də toxunub. Onun fikrincə, uzun illər boyu Kiyevə verilən vədlərə baxmayaraq yaxın perspektivdə ölkənin alyansa qəbul olunacağına inanmaq üçün əsas yoxdur. Zalujnı bildirib ki, özü təxminən on iki il ərzində NATO standartlarının tətbiqi istiqamətində çalışsa da, bu müddətdə Ukraynaya üzvlüklə bağlı eyni vədlərin təkrarlandığını görüb (“Reuters”).
Keçmiş baş komandan hesab edir ki, Ukraynanın Konstitusiyasında NATO üzvlüyü strateji məqsəd kimi göstərilsə də, mövcud siyasi və hərbi şərait bu məqsədin yaxın illərdə reallaşacağını deməyə imkan vermir. Onun fikrincə, məsələ təkcə siyasi qərarlardan yox, həm də alyans daxilindəki mövcud yanaşmalardan asılıdır (“Reuters”)
“The Times” xatırladır ki, Prezident Volodimir Zelenski də son aylarda NATO-ya üzvlüyün qısa müddətdə mümkün olmayacağını etiraf edib və bunun əvəzində ölkəsi üçün konkret təhlükəsizlik zəmanətlərinin daha real seçim ola biləcəyini bildirib. Ukraynanın NATO-ya qəbul edilməyəcəyini daha əvvəl ABŞ Prezidenti Donald Tramp da demişdi.
Nəşr yazır ki, Zalujnının bu açıqlamaları onun siyasi çəkisini yenidən gündəmə gətirib. İctimai rəy sorğularına görə, o, hazırda Ukraynada ən yüksək etimad göstərilən siyasi fiqurlardan biridir. Bir sıra Ukrayna KİV-ləri ehtimal edir ki, ölkədə prezident seçkiləri keçirilərsə, Zalujnı Volodimir Zelenskinin əsas rəqiblərindən biri ola bilər. Amma hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər hələlik təxirə salınıb.
“The Times” cəbhədəki vəziyyətə də toxunub. Bildirilir ki, Rusiya ordusu iyul ayında müharibənin əvvəlindən bəri ən intensiv hücum əməliyyatları həyata keçirib. Müxtəlif hesablamalara görə, ay ərzində təxminən səkkiz min hücum qeydə alınıb. Əsas döyüşlər Donetsk vilayətində, xüsusilə Kramatorsk və Slavyansk istiqamətlərində davam edir.
Amma hərbi analitiklər hesab edirlər ki, Rusiyanın hücumlarının intensivləşməsinə baxmayaraq bu il həmin şəhərlərin ələ keçirilməsi ehtimalı yüksək deyil. (“The Guardian”).
“The Times”-ın məqaləsində vurğulanır ki, Ukrayna müharibəsi klassik hərbi doktrinaların əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. Kütləvi şəkildə istifadə olunan pilotsuz uçuş aparatları, süni intellekt elementləri, real vaxt rejimində kəşfiyyat məlumatlarının emalı və elektron mübarizə vasitələri döyüş əməliyyatlarının xarakterini dəyişdirib.
Zalujnı deyib ki, gələcək müharibələrdə üstünlük qazanmaq istəyən ordular məhz bu istiqamətlərdə genişmiqyaslı modernləşməyə start verməlidirlər.
“Politfm”



