Foto: internet
2026-cı il may ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda əhalinin sayı 10 milyon 270 min 338 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, keçən ilin eyni dövrüylə müqayisədə əhali sayında 7987 nəfər və ya 0,1 faiz artım qeydə alınıb.
Ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi kəndlərdə yaşayır.
Mütəxəssislər 0,1%-lik artımın kifayət qədər aşağı göstərici olduğunu bildirirlər. Yüksək doğum səviyyəsinə malik ölkələrdə illik artım adətən 1%-dən yuxarı olur. 10 il əvvələ qədər Azərbaycanda artım məhz bu səviyyədəydi.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2016-cı ilin yanvar-aprel aylarında ölkə əhalisi 33,6 min nəfər və ya 0,3 faiz artıb.
2006-cı ildə isə artım tempi daha da yüksək olub. Həmin ilin ilk altı ayında əhalinin sayı 47 min nəfər və ya 0,6 faiz çoxalıb. Doğum səviyyəsi də indiki göstəricilərdən xeyli dərəcədə yüksək olub: hər 1000 nəfərə 18 doğum, orta hesabla bir qadına üç uşaq düşüb (Worldometer).
Beləliklə, 2026-cı ilin ilk dörd ayında qeydə alınan 0,1 faizlik artım 10 il əvvəlki 0,3 faizlik göstəricidən üç dəfə, 20 il əvvəlki dinamikadan isə təxminən 6 dəfə azdır. Bu fərq ölkənin demoqrafik modelində ciddi dəyişiklik baş verdiyini göstərir.
2000-ci illərin ortalarında Azərbaycanda sürətli təbii artım mərhələsindəydi. Əhalinin yaş strukturu daha gənc idi, doğum səviyyəsi yüksək qalırdı və hər il ölkə əhalisinə on minlərlə yeni sakin əlavə olunurdu. Sonrakı illərdə isə doğumların sayı tədricən azalmağa başladı, ailələrin orta uşaq sayı kiçildi və təbii artım zəiflədi.
Doğrudur, bu gün Azərbaycan əhalisi artan ölkələr sırasındadır. Amma statistika demoqrafik artım sürətinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini ortaya qoyur. Ölkə artıq sürətli demoqrafik genişlənmə mərhələsindən çıxaraq aşağı səviyyəli artım mərhələsinə daxil olub.
Əgər bu tendensiya davam edərsə, yaxın onilliklərdə əmək bazarının formalaşması, əhalinin yaş strukturu, pensiya sistemi və sosial siyasətlə bağlı problemlər daha qabarıq şəkildə gündəmə gələ bilər.
Azərbaycanda son illər doğumların sayının azalması, nikah yaşının yüksəlməsi və ailələrin daha az uşaq sahibi olması tendensiyası müşahidə olunur. Buna görə də əhali artımının tempi əvvəlki onilliklərlə müqayisədə zəifləyib.
İlin ilk dörd ayındakı 0,1%-lik artım eyni templə davam etsə, illik artım təxminən 0,3–0,4% səviyyəsində formalaşa bilər. Bu isə demoqrafik baxımdan daha çox yavaşlayan artım modelinə uyğundur.
Bu statistika həmçinin onu göstərir ki, Azərbaycan hələlik əhali sayının azalması mərhələsinə keçməyib. Amma artım tempinin aşağı olması uzunmüddətli perspektivdə əhalinin yaşlanması, əmək qabiliyyətli əhalinin payının azalması və doğum səviyyəsinin gələcək dinamikasıyla bağlı narahatlıq yaradır.
0,1%-lik artım əhali sayının hələ çoxalmağa davam etdiyini göstərsə də, bu temp əvvəlki dövrlərlə müqayisədə kifayət qədər zəifdir və demoqrafik baxımdan yavaşlama tendensiyasına işarə edir.
“Politfm”



