Foto: Ukrayna prezidentinin Ofisi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində HHM vasitələrinin azaldığı barədə ABŞ Prezidenti Donald Trampa və Konqresə məktub göndərib.
Bu barədə Ukrayna KİV-ləri prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıblar. Zelenskinin belə bir məktub yazdığını daha əvvəl “Kyiv Independent” nəşri xəbər vermişdi.
Nəşrin tanış olduğu məktubda deyilir:
“Raket əleyhinə müdafiədən söhbət gedəndə biz dostlarımıza güvənirik”.
Həmçinin qeyd olunur ki, Ukrayna ballistik raketlərdən müdafiə məsələsində “demək olar ki, tamamilə” ABŞ-dən asılı vəziyyətdədir.
Məktubda vurğulanır ki, ABŞ-nin PURL proqramı vasitəsilə Ukraynaya ötürülən silahların həcmi artıq Kiyevin üzləşdiyi təhlükənin real səviyyəsinə uyğun gəlmir.
Bu proqram NATO ölkələrinə imkan verir ki, ABŞ-dən Ukrayna üçün silah alınmasını maliyyələşdirsinlər.
“Kyiv Independent”-ə danışan mənbənin sözlərinə görə, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina Zelenskinin məktubunu Ağ Evdə işləyənlərə, Nümayəndələr Palatasının spikeri Mayk Consona və Konqresin digər üzvlərinə çatdırıb.
“Politfm”



