Foto: Ukrayna Prezidentinin Ofisi
Ukrayna Prezidenti Volodimir Zelenski raket proqramlarına həsr olunmuş iclasdan sonra bildirib ki, 2026-2027-ci illərdə ölkə öz ballistik raketlərinin və raketdən müdafiə sistemlərinin hazırlanmasında ciddi nəticələr əldə etməyi hədəfləyir.
Zelenski ballistik raketlərin hazırlanması və “Freyja” müdafiə sistemi proqramının icrasına həsr olunmuş iclasdan sonra sosial şəbəkədə yazıb ki, “Öz ballistik raketlərini hazırlamaq və yeni müdafiə sistemi yaratmaq dünyada yalnız bir neçə ölkənin bacardığı mürəkkəb vəzifədir. Ukrayna bunun öhdəsindən gələ bilər. Ukraynalılar buna imkan verən elmi bazaya və təcrübəyə malikdirlər. Eyni zamanda, müdafiə sənayemiz qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi səviyyəyə yüksəlib”.
Onun sözlərinə görə, layihədə iştirak edən qurumlar proqramların hazırkı vəziyyəti, mövcud ehtiyaclar və əldə olunan nəticələr barədə hesabat təqdim ediblər. İclasda fəaliyyət planı təsdiqlənib, həmçinin proqramların sürətləndirilməsi tələb olunan istiqamətləri üzrə məsul şəxslər müəyyənləşdirilib.
Zelenski bildirib ki, layihəyə Milli Təhlükəsizlik və Müdafiə Şurası, Baş nazir, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Hərbi Hava Qüvvələri Komandanlığı, “Brave1” müdafiə texnologiyaları platforması və Ukraynanın aparıcı müdafiə sənayesi şirkətləri cəlb olunub.
İclasda həmçinin kritik komponentlərin tədarükü, tərəfdaş ölkələrlə texnoloji əməkdaşlığın genişləndirilməsi və istehsalın lokallaşdırılması məsələləri müzakirə edilib.
“”Freyja” proqramı irəliləyir və bu, son dərəcə vacibdir. Avropanın istənilən ballistik təhlükəyə qarşı effektiv müdafiə üçün birgə və həqiqətən genişmiqyaslı imkanlara ehtiyacı var. Biz bu sahədə töhfə verməyə hazır olan əlavə tərəfdaş ölkələrin antiballistik koalisiyaya qoşulmasını dəstəkləyir və gözləyirik” deyə, Zelenski qeyd edib.
Prezident əlavə edib ki, iclasda tərəfdaşlarla PAC-2 və PAC-3 raketləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.
“Politfm”



