Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması ərəfəsində vəliəhd Məhəmməd bin Salmanla görüşü; Məkkə, Səudiyyə Ərəbistanı, 7 avqust 2026 (foto: Murat Çetinmühürdar / Türkiyə Prezidentinin Mətbuat Xidməti / “Reuters” vasitəsilə

 




Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə bu gün Məkkədə müdafiə sahəsində birgə saziş imzalayıblar.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edir ki, bu addım ABŞ-nin sünni müttəfiqlərində narahatlıq yaradıb.
Fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra, uzun illər davam edən regional qeyri-sabitliyin fonunda münaqişə daha da kəskinləşib. O vaxtdan bəri İran və onun müttəfiqləri Səudiyyə Ərəbistanını və Fars körfəzinin digər dövlətlərini atəşə tutur, onların enerji daşıyıcılarının tədarükünü pozurlar.

Tərəflərin birgə bəyanatında bildirilir ki, saziş istənilən təcavüz aktına qarşı kollektiv çəkindirməni gücləndirməyi nəzərdə tutur. Sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum onların hamısına qarşı hücum kimi qiymətləndiriləcək.

Birgə bəyanatda “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində hər bir tərəfin üzərinə götürdüyü öhdəliklərin təfərrüatları açıqlanmasa da, sənədin məqsədinin kollektiv təhlükəsizliyi möhkəmləndirmək, regionda və onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək olduğu vurğulanır.

“Bu saziş kollektiv müdafiə müddəasını ehtiva edir. O, yalnız müdafiə xarakteri daşıyır və tərəflər arasında qarşılıqlı dəstəyi yalnız müdafiə məsələləri ilə məhdudlaşdırır” – Türkiyə rəsmisi belə deyib.

Onun sözlərinə görə, saziş hər hansı konkret ölkəyə qarşı yönəlməyib, regionun digər dövlətləri üçün açıqdır, həmçinin mövcud ikitərəfli və çoxtərəfli razılaşmaları ləğv etmir və ya onları əvəzləmir.

Bununla belə, hər üç ölkə həm İsrailin, həm də şiə İranın getdikcə daha aqressiv xarakter alan hərbi siyasətindən ciddi narahatdır. Onların uzunmüddətli müttəfiqi olan ABŞ isə regionda artan gərginliyi cilovlamaqda çətinlik çəkir.

Güclü siyasi simvolizm

“Samitin siyasi simvolizmi böyük əhəmiyyət daşıyır. Müsəlman dünyasının ən nüfuzlu üç dövləti artan qeyri-müəyyənlik şəraitində bir araya gəlir. Bu, region ölkələrinin və orta güclərin təhlükəsizlik məsələlərində daha sıx koordinasiyaya hazır olduqlarını göstərir” – Səudiyyə Ərəbistanında yerləşən “Gulf Research Center” analitik mərkəzinin sədri Əbdüləziz Sager belə deyib.

“Əgər bu üçtərəfli format institusionallaşdırılaraq konkret əməkdaşlığa çevrilərsə, üç ölkənin ümumi diplomatik və müdafiə potensialını gücləndirə, eyni zamanda regiona daha çox söykənən təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər” deyə, o əlavə edib.

Türkiyə NATO-da ikinci ən böyük orduya malik ölkədir. Səudiyyə Ərəbistanı Fars körfəzinin ən güclü dövləti olmaqla yanaşı, İslamın ən müqəddəs məkanlarına ev sahibliyi edir və dünyanın ən böyük neft ixracatçılarından biridir. Pakistan isə nüvə silahına malik yeganə müsəlman ölkəsidir.

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Məkkəyə səfərindən əvvəl nüfuzlu ordu komandanı Asim Munirin müşayiəti ilə ümrə ziyarətinə gedib.

Onlar müharibə başlayandan bəri İranın, eləcə də onun Yəməndəki husi müttəfiqlərinin və İraqdakı şiə silahlı qruplaşmalarının dəfələrlə hücumlarına məruz qalmış Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüblər.

Münaqişə həmçinin Ər-Riyadın Fars körfəzindəki müttəfiqlərinin təhlükəsizliyini zəiflədib və müharibəyədək dünya üzrə enerji daşıyıcılarının təxminən beşdə birinin daşındığı Hörmüz boğazında gəmiçiliyin böyük hissəsini iflic edib.
Sazişə “Reuters”-in hələ yanvar ayında məlumat verdiyi, təxminən bir il davam edən danışıqlardan sonra nail olunub.

Saziş uzunmüddətli hərbi əlaqələri möhkəmləndirir

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə münaqişələr davam edir. Bu müddətdə regionun, demək olar ki, bütün ölkələri sərhədlərarası hücumlara, raket zərbələrinə və ya pilotsuz uçuş aparatlarıyla həyata keçirilən hücumlara məruz qalıb. İsrail Qəzzada müharibəyə başlayıb, Livanın cənubuna müdaxilə edib, Suriyada əraziləri nəzarətə götürüb, həmçinin İrana qarşı iki hava əməliyyatı həyata keçirib.

Tehran isə ABŞ-nin hərbi bazalarına, eləcə də Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İordaniya və İsraildəki mülki infrastruktura zərbələr endirib.

Yaxın Şərqlə həmsərhəd olan Türkiyə və Pakistan genişmiqyaslı birbaşa hücumlardan yayına bilsələr də, hər iki ölkə öz təhlükəsizliyi və iqtisadi rifahı üçün risk yaradan münaqişələrin nizamlanmasında maraqlıdır.

Səudiyyə Ərəbistanı üçünsə son üç ildə Yaxın Şərqdə baş verən münaqişələrin nəticələri daha ağır olub. Münaqişələr ölkənin neft ixracını və iddialı inkişaf planlarını risk altına salmaqla yanaşı, ABŞ-nin uzunmüddətli təhlükəsizlik təminatının etibarlılığı ilə bağlı ciddi suallar doğurub.

Dünən Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmisi bildirib ki, İranın himayəsi altında fəaliyyət göstərən İraq silahlı qruplaşmalarının və husilərin koordinasiyalı hücumları gözlənilir. Onun sözlərinə görə, Ər-Riyad məhz buna görə təhlükəsizlik sahəsində tərəfdaşlıqlarını genişləndirməyə xüsusi önəm verir.

Sazişin islamın ən müqəddəs məkanı sayılan Məkkədə imzalanması üç ölkə arasında uzun illərdir mövcud olan ikitərəfli hərbi əlaqələri möhkəmləndirən bu pakta əlavə simvolik əhəmiyyət qazandırır.

Avstraliya Milli Universitetinin Strateji və Müdafiə Araşdırmaları Mərkəzinin eksperti Mənsur Əhməd bildirib ki, Pakistan və Türkiyə inkişaf etmiş müdafiə sənayesinə malikdirlər, Səudiyyə Ərəbistanı isə texnoloji investisiyalar vasitəsilə bu əməkdaşlığa töhfə verə bilər.

Bununla belə, Əhməd hesab edir ki, sazişə nüvə komponentinin daxil edilməsi ehtimalı azdır. Çünki Pakistanın nüvə silahından çəkindirmə strategiyası əsasən Hindistandan təhdidə qarşı yönəlib.

Pakistan onilliklərdir ki, Səudiyyə Ərəbistanı ordusuna təlim və texniki dəstək verir, Türkiyə iləsə hərbi gəmilər və təlim təyyarələri üzrə əməkdaşlıq edir. 2023-cü ildə Ər-Riyad Türkiyədən pilotsuz uçuş aparatları almağa razılıq verib. Ankara bunu müdafiə sənayesi məhsullarının ixracı sahəsində ölkə tarixinin ən böyük müqaviləsi adlandırıb.

“Reuters” may ayında yazmışdı ki, Pakistan o vaxtdan bəri krallıqda 8 minə yaxın hərbçi, qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri yerləşdirib. İslamabad eyni zamanda Fars körfəzi ölkələri ilə də təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Agentliyin iyul ayında yaydığı məlumata görə, Pakistan enerji əməkdaşlığı və investisiyalar müqabilində Küveytlə mövcud sazişin genişləndirilməsi barədə danışıqlara başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası və ölkənin Xarici İşlər Nazirliyi “Reuters”-in yeni üçtərəfli sazişlə bağlı şərh sorğusuna cavab verməyib.

“Politfm”