Foto: “vergilər.az”
“Əkinə yararlı torpaqlar daim istifadədə olmalıdır”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mayın 8-də “İqtisadiyyat.az” saytına aşıqlamasında belə deyib.
Onun sözlərinə görə, ölkədə istifadəsiz torpaqlar çoxdur, hətta 10-15 il ərzində istifadə olunmayan torpaq sahələri də var və həmin torpaqlar öz münbitliyini itirir, gələcəkdə yüksək məhsul vermək qabiliyyətinə malik olmur:
“Ona görə də torpaqlar mütləq istifadə edilməlidir. Əgər kimsə torpağından lazımi qaydada istifadə edə bilmirsə, onu digərinə icarəyə verə bilər. Əgər icarəyə vermək istəmirsə, müəyyən mexanizmlər olmalıdır, torpaq ondan alınıb başqa şəxsə icarəyə verilməlidir və deyildiyi kimi torpaq sahibinin hesabına vəsait köçürülə bilər”.
Daha əvvəl – mayın 4-də Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deyib ki, nazirlik əkilməyən torpaqlarla bağlı layihə təqdim etməyə hazırlaşır.
Abdullayev bildirib ki, “Əgər torpaq mülkiyyətçisi iki il müddətində ondan istifadə etmirsə, dövlət həmin torpağı mülkiyyətçinin adından icarəyə verir, icarə haqqını isə sahibinin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi, həm də gəlirli edir”.
Nazirliyin nümayəndəsi həmçinin qeyd edib ki, Azərbaycanda torpaq sahələrinin 75-76%-inin ölçüsü 3 hektardan azdır və bu torpaqlarda təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil.
Tahir Rzayev sayta açıqlamasında bu haqda da danışıb:
“Kiçik torpaq sahələrinin istifadəsi bu gün yüksək səmərə vermir. “Kooperasiya haqqında” Qanun qəbul etmişik. Bu qanunun tələblərinə görə ailə təsərrüfatları yaradılmalıdır, müəyyən kiçik torpaq mülkiyyətçilərinin torpaqları birləşməli və iri təsərrüfatlar yaradılmalıdır. Çünki iri təsərrüfatlar daha çox məhsul vermək imkanına malikdir. Ancaq nədənsə bu proses çox zəif gedir. Bir də görürsən ki, sahibkar 6 hektar torpaq sahəsini üç hissəyə ayıraraq taxıl, pambıq və yonca əkir və onun suvarılması, texnikanın işləməsi, orada müəyyən xidmətin baş tutması çətinləşir. Ancaq bir də var ki, 50 hektar yer ola və onun hamısına taxıl əkəsən. 50 hektar həm normal suvarıla bilər, həm texnika orada yaxşı, səmərəli işləyə bilər və sözsüz ki, maşın mexanizmlərinin bir sahədən digər sahəyə keçməsi asanlaşar”.
Mülkiyyət hüququ
Həm Abdullayevin, həm də Rzayevin dedikləri ilk baxışda kənd təsərrüfatında məhsuldarlığın artırılması, istifadəsiz torpaqların dövriyyəyə qaytarılması və aqrar sahədə səmərəliliyin yüksəldilməsi kimi təqdim olunur.
Amma bu fikirlər torpaq sahiblərinin maraqları baxımından təhlil ediləndə həm iqtisadi baxımdan, həm də mülkiyyət hüquqlarıyla bağlı ciddi və həssas məqamlar ortaya çıxır.
Deputatın “Əgər kimsə torpağından lazımi qaydada istifadə edə bilmirsə, torpaq ondan alınıb başqa şəxsə icarəyə verilə bilər” fikri əslində Azərbaycanda kənd təsərrüfatı torpaqları üzərində dövlət müdaxiləsinin sərhədləri barədə yeni müzakirə açır. Çünki burada söhbət artıq sadəcə tövsiyədən deyil, müəyyən hallarda mülkiyyətçinin iradəsindən kənar mexanizmlərin tətbiqindən gedir. Bu isə xüsusilə kənd yerlərində torpağı əsas kapital, təhlükəsizlik vasitəsi və ailə mirası hesab edən insanlar üçün ciddi narahatlıq yarada bilər.
Əkinə mane olan səbəblər
Əslində, Azərbaycanda minlərlə insan torpağını iqtisadi gəlir əldə etmək üçün deyil, ehtiyat resurs kimi saxlayır. Bir çox hallarda kənddən şəhərə köç etmiş ailələr torpağı aktiv becərməsə də, onu gələcək üçün qoruyur. Digər tərəfdən, su çatışmazlığı, texnika problemi, kreditlərə çıxışın zəifliyi və kənd təsərrüfatının aşağı gəlirliliyi səbəbindən torpağın istifadəsiz qalması heç də həmişə sahibkarın səhlənkarlığından qaynaqlanmır. Bu baxımdan “istifadə olunmayan torpaq” faktlarının necə müəyyən ediləcəyi gələcəkdə ən mübahisəli məsələlərdən birinə çevrilə bilər.
Sovet dövrünə qayıdış, yoxsa inhisarlaşma?
Tahir Rzayevin vurğuladığı digər mühüm xətt kiçik torpaq sahələrinin birləşdirilməsi və iri təsərrüfat modelinə keçiddir. O, 6 hektarın müxtəlif hissələrə bölünməsini səmərəsiz sayaraq 50 hektarlıq vahid təsərrüfat nümunəsini daha effektiv model kimi təqdim edir.
İqtisadi məntiqlə bu arqument müəyyən qədər əsaslı görünür: iri sahələrdə texnika, suvarma və logistika xərcləri daha az olur. Amma burada da torpaq sahibləri üçün əsas sual yaranır — kooperasiya könüllü olacaq, yoxsa zamanla iqtisadi və inzibati təzyiq mexanizminə çevriləcək?
Çünki postsovet məkanında “torpaqların birləşdirilməsi” ideyası cəmiyyətdə həmişə həssas qəbul olunub. Nəzərə almaq lazımdır ki, kəndli üçün torpaq təkcə istehsal vasitəsi deyil. Torpağa sahibi olmaq müstəqillik dövrünün ən önəmli simvollarındandır. 1990-cı illərin torpaq islahatlarından sonra kənd əhalisində formalaşmış psixologiyaya görə, torpaq üzərində nəzarətin zəifləməsi gələcəkdə həmin mülkiyyətin faktiki olaraq əldən çıxması deməkdir.
Məhz buna görə də deputatın “Torpaq ondan alınıb başqa şəxsə icarəyə verilə bilər” fikri iqtisadi arqumentdən daha çox, siyasi və sosial məna kəsb edir. Çünki bu yanaşma praktikada böyük aqrar şirkətlərin və iri fermer təsərrüfatlarının maraqlarını gücləndirə bilər. Maddi imkanları zəif olan kiçik torpaq sahibləri isə zamanla öz torpaqları üzərində formal mülkiyyətçi statusunda qalaraq faktiki idarəetməni itirə bilərlər.
Burada başqa bir həssas məqam da var. Deputat torpaq sahibinin hesabına vəsait köçürülməsini alternativ variant kimi göstərir. Ancaq kənd yerlərində insanlar üçün torpaqdan gələn sabit gəlir yalnız icarə haqqıyla ölçülmür. Torpaq həm də ailənin sosial statusu, məşğulluq imkanı və kənddə qalmasının əsas səbəblərindən biridir. Əgər proses əsasən iri təsərrüfatların xeyrinə inkişaf etsə, bu, kəndlərdə kiçik mülkiyyətçi təbəqəsinin zəifləməsinə və aqrar sektorda mərkəzləşmənin artmasına səbəb ola bilər.
Kömək əvəzinə “kötək”?
Deputatın açıqlamasında real problemlər də etiraf olunur. Doğrudan da, uzun illər istifadəsiz qalan torpaqların münbitliyi azalır, pərakəndə əkinçilik isə bir çox hallarda aşağı məhsuldarlıq yaradır. Amma bu problemi həlli təkcə inzibati müdaxiləylə həll etmək doğru deyil. Kəndlilərin maraqlarına uyğun həll variantı subsidiya siyasətinin, suvarma infrastrukturunun, kənd təsərrüfatı kreditlərinin, texnika əlçatanlığının və bazara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Əks halda belə bir mənzərə yarana bilər – dövlət əvvəlcə kənd təsərrüfatını iqtisadi baxımdan zəif gəlirli sahəyə çevirir, sonra da bu zəifliyi əsas gətirərək torpaqların daha iri oyunçuların nəzarətinə keçməsinə şərait yaradır.
Hökumətin yeni aqrar siyasəti bu sualları da aktuallaşdırır – yaxın illərdə Azərbaycanda torpaq mülkiyyətşiliyi necə formalaşacaq, kiçik torpaq sahibləri sistemdə hansı yerə malik olacaqlar, dövlətin xüsusi mülkiyyətə müdaxilə sərhədləri harda başlayıb harda bitəcək?
“Politfm”



