İllüstarsiya: “ChatGPT”

 

 

Alimlər müəyyən ediblər ki, insan DNT-sindəki dəyişikliklər prostat və döş xərçəngi riskini illər əvvəl üzə çıxara bilər.

Onların təklif etdiyi yeni üsulda DNT parçalarında metilləşmə adlanan kimyəvi dəyişiklikləri araşdırılır. Bu dəyişikliklər genlərin fəaliyyətinə təsir edir və orqanizmdə gedən bioloji dəyişikliklər barədə məlumat verir.

Tədqiqatın nəticələri sentyabrın 21-də “Cell Genomics” jurnalında dərc olunub. Araşdırmanı Toronto və Oksford universitetlərinin alimləri həyata keçiriblər.
İllər əvvəl götürülmüş qan nümunələrində xərçəng izi

Alimlər Ontario Sağlamlıq Araşdırması layihəsində saxlanılan 491 qan nümunəsini öyrəniblər. Qan götürülən tarixdə o insanların heç birində xərçəng aşkarlanmamışdı. Sonrakı illərdə isə onların bir qismində prostat və ya döş xərçəngi müəyyən edilib.

Bəzi qan nümunələr diaqnozdan doqquz il əvvəl götürülmüş olub. Bu, alimlərə imkan verib ki, sonradan xəstələnən insanlarda hansı dəyişikliklərin daha əvvəl başlandığını araşdırsınlar.

Tədqiqatçılar qanda hüceyrələrdən ayrılmış DNT parçalarını öyrəniblər. Hüceyrələr məhv olduqda və ya yeniləndikdə onların DNT-sinin kiçik hissələri qana keçir. Bu parçaların üzərində metilləşmə adlanan kimyəvi işarələr qalır.

Metilləşmə genləri bir növ açıb-bağlayan mexanizmdir. Hüceyrələrin böyüməsi, immun sisteminin fəaliyyəti və iltihab kimi proseslər dəyişəndə bu işarələrin düzülüşü də dəyişə bilir. Xərçəng inkişaf etməyə başlayanda həmin dəyişikliklərin bir hissəsi qanda da görünür.

Prostat xərçənginə dair nəticələr daha aydın olub

Araşdırma göstərib ki, prostat xərçəngi ilə bağlı ən aydın dəyişikliklər genlərin fəaliyyətini zəiflədən DNT sahələrində yaranıb.
Alimlər bu işarələrin köməyi ilə diaqnozdan 5–8 il əvvəl yüksək risk qrupuna daxil olan şəxsləri ayıra biliblər. Analizin yüksək riskli saydığı kişilərdə sonradan prostat xərçəngi aşkarlanması göstəricisi digərləri ilə müqayisədə 3,55 dəfə çox olub.

Prostat xərçəngiylə bağlı hamını əhatə edən etibarlı müayinə proqramı yoxdur. Mövcud analizlər bəzən təhlükəli şişlərlə ləng inkişaf edən və müalicə tələb etməyən dəyişiklikləri bir-birindən ayıra bilmir. Yeni qan analizi üsulu gələcəkdə hansı şəxslərin daha tez-tez müayinədən keçməli olduğunu müəyyənləşdirməyə kömək edə bilər.

Döş xərçəngini müəyyənləşdirmək nisbətən çətindir

Alimlər döş xərçəngi ilə bağlı dəyişikliklərin də diaqnozdan 1,5–8 il əvvəl yarandığını müəyyən ediblər. Ancaq bu nəticələr prostat xərçəngi üzrə əldə edilən göstəricilər qədər dəqiq olmayıb.

Analizin yüksək risk qrupuna daxil etdiyi qadınlarda sonradan döş xərçəngi aşkarlanması göstəricisi 2,3 dəfə yüksək olub. Buna baxmayaraq tədqiqatçılar hesab edirlər ki, hələlik üsul bütün qadınların müayinəsi üçün kifayət qədər dəqiq deyil.

Gələcəkdə bu analiz mamoqrafiyaya əlavə edilə bilər. Məsələn, nəticə yüksək risk göstərərsə, həmin qadın daha sıx nəzarətdə saxlanıla və əlavə müayinələrə göndərilə bilər.
Nəticə diaqnoz deyil

Araşdırmanın nəticəsi o demək deyil ki, hazırda adi qan analizi ilə xərçəngi səkkiz il əvvəldən dəqiq müəyyənləşdirmək mümkündür. Hələ ki alimlər xəstə insanlarında qanında daha əvvəl yaranmış bioloji işarələri aşkar ediblər.

Tədqiqat 491 nümunə üzərində aparılıb. Analizin xəstəxanalarda tətbiqi üçün daha böyük və fərqli əhali qruplarını əhatə edən araşdırmalara ehtiyac var. Nəticələr ayrıca sınaqlarda təsdiqlənməli, yanlış müsbət və yanlış mənfi cavabların sayı dəqiq müəyyən edilməlidir.

Araşdırmaya rəhbərlik edən professor Filip Avadallanın sözlərinə görə, əvvəllər alimlər şişləri qanda aşkar etməyə çalışırdılar. İndi isə orqanizmdə xəstəliyin klinik əlamətləri hələ yaranmamış baş verən dəyişiklikləri görməyə yaxınlaşıblar.

Əgər nəticələr daha geniş araşdırmalarda təsdiqlənsə, mövcud müayinələrə sadə qan analizi də əlavə oluna bilər. Beləliklə, həkimlər hansı şəxsləri yaxından izləməli olduqlarını xəstəlik üzə çıxmamışdan illər əvvəl müəyyənləşdirmək fürsəti qazanarlar.

“Politfm”