2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldi. Təbii ki, Paşinyan çox ciddi xarici dəstək almışdı və söhbət ilk növbədə ABŞ-daki demokratlardan(+qlobalistlərdən) gedir. O zaman hakimiyyətdə Tramp idi. Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi Rusiyanı o qədər də narahat etmirdi. Rusiyanın Ermənistana total siyasi, iqtisadi, hərbi təsir gücü fonunda, Paşinyanın hakimiyyətə gəlməsi təsadüfi siyasi uğursuzluq kimi qiymətləndirilsə də, bu hadisəyə kritik uğursuzluq kimi baxılmırdı, ona görə ki, Kreml strateqləri istənilən anda Paşinyanı devirə biləcəyində əmin idilər. Bu əminlik əsaslı idi, Tramp bütün dünyada ABŞ-ın mövqelərini zəiflədirdi və Rusiya bu fürsətdən istifadə edirdi. ABŞ və Avropa arasında münasibətlər soyuyurdu, Avropanın ABŞ-a “təhlükəsizlik qarantı” kimi güvənci sürətlə zəifləyirdi və məsəyə o yerə çatdı ki, ABŞ-ın NATO-nu tərk etməsi məsələsi artıq gündəmə gəlirdi.

Kreml və Ağ Ev arasında diplomatik masada artıq Avropanın özü idi, o ki qaldı Cənubi Qafqaz. Respublikaçılar üçün, Cənubi Qafqazın Rusiyanın təsir dairəsində qalması heç mübahisə və alver predmeti də deyildi.

2018-2019-cu illərdə ABŞ-ın daxilində sürətlə güclənən iqtisadiyyat amerikalı seçicinin Trampa səs verəcəyində şübhə yaratmırdı, bundan əlavə Demokrat partiyasının daxilində qarşıdurmalar, intriqalar(Klinton-Sanders qarşıdurması), ən güclü namizədin Hillari Klintonun məğlubiyyətilə nəticələndi və partiya parçalanmış, zəif durumda idi. Bu mənzərə, Kremldə respublikaçıların 2020-ci ildə yenidən qələbəsində şübhə yaratmırdı. Trampın 2020-ci ildə qələbəsi, geosiyasi səhnədə ABŞ üçün fəlakətlə nəticələnəcək idi.

2020-ci ildə Trampı zəiflətməyə başlayan bir çox hadisələr(təbii ki, bu da təsadüf deyil) baş vermişdi və Kreml narahat olmağa başladı. Kremlin narahatlığının pik nöqtəsi 2020-ci ilin iyununa təsadüf edir, Bayden Demokrat partiyasının praymrizində qələbə qazananda. Demokrat partiyasının vahid namizədi olaraq, Bayden Rusiyaya qarşı son dərəcədə kəskin ritorikanı seçmişdi:

Putin məni tanıyır, mən isə onu tanıyıram. O bilir, mən Prezident olsam nələr olacaq.

2020-ci ilin iyun ayında artıq bəlli idi ki, Bayden ABŞ Prezidenti olsa, bizi, sivil dünyanın Rusiya ilə qlobal geosiyasi qarşıdurması gözləyir. Yuxarıda qeyd edildiyi kimi, məhz bu tarixdən Rusiyanın narahatlığı pik nöqtəyə çatır və bir çox geosiyasi təsir dairələrində, Rusiyanın mövqelərinin gücləndirilməsi prosesinə start verilir, o cümlədən Cənubi Qafqazda.

Baydenin praymrizdə qələbəsindən 3 ay sonra və ABŞ-da Prezident seçkilərinə 2 ay qalmış Qarabağda 44 günlük müharibə başlayır. Təbii ki, bu müharibəyə Kremlin öz hesablamaları və planları var idi, Kreml tələsirdi. Söhbət həm Qarabağın dağlıq hissəsinin öz nəzarətində saxlanmasından(sülhməramlı kontinqentin ora yerləşdirilməsindən), Paşinyanın devrilməsindən və s. gedir(bu addımlarla Rusiya hər 2 ölkədə öz təsir gücünü kəskin artıracaq idi). Rusiya özünü, Baydenin seçilməsindən sığortalayırdı.

Necə deyərlər “qorxan gözə çöp düşər” və 2020-ci il 3 noyabr seçkilərində Bayden qalib gəldi. Bu qələbə, demokratların sadəcə Ağ Evə girməsi deyil idi, bu total qələbə idi, ona görə ki, demokratlar həm Senatda həm də Nümayəndələr Palatasında çoxluğu əldə etmişdilər. Bu o demək idi ki, Bayden 2 il müddətinə(8 noyabr 2022-ci ildəki Konqresə ara seçkilərə qədər) bütün hakimiyyəti əlində cəmləşdirdi.

Qayıdaq Cənubi Qafqaza.

44 günlük müharibədə Ermənistanın məğlubiyyəti, Rusiyayönlü müxalifətin səfərbər olunaraq, Paşinyanı devirməsinə kart-blanş verirdi və Rusiya bu şansından istifadə etməyə çalışdı. Fevralın sonunda faktiki olaraq dövlət çevrilişinə cəhd baş vermişdi və Paşinyan bunu açıq bəyan etdi. Bu hadisə baş verəndə, Bayden artıq 1 ay idi ki ABŞ Prezidenti vəzifəsindəydi, Demokrat partiyası Rusiyaya qarşı bir çox regionlarda son dərəcədə sərt geosiyasi qarşıdurmaya start vermişdi, o cümlədə Cənubi Qafqazda. Məhz demokratlar 2021-ci ilin fevralında Paşinyanın devrilməsinə imkan vermədilər(təbii ki kəşfiyyat qurumlarının aktiv fəaliyyəti nəticəsində, “hansı formada və necə bu baş verirdi”, suallara cavablar isə, ancaq son dərcədə məlumatlı insanlarda var).

Məhz Bayden administrasiyasının cızdığı plana uyğun olaraq Paşinyan “Dağlıq Qarabağdan” birdəfəlik imtina etdi və bununla, faktiki olaraq Rusiyanın regiona təsirini kəskin endirdi. Və məhz bu prizmadan baxanda, Rusiyanın maraqları baxımından “Ermənistan özü Qarabağdan imtina etdi, günah özündədir” tezisi başa düşüləndir.

İndi isə əsas məsələyə gəlmişik, ilk baxışdan mürəkkəb, amma əslində çox sadə suallar ortaya çıxır:

-Tramp 2020-ci ildə seçilsəydi Paşinyan hakimiyyətdə qala biləcək idimi?

-Dünyanın, Avropanın və ABŞ-ın taleyini qoyaq bir kənara, Tramp 2020-ci ildə seçilsəydi, Qarabağın taleyi necə olacaq idi?

Kamran Cəfərov