Əl-Xavxa şəhərindən qaçan yəmənlilər Ədəndəki müvəqqəti sığınacağa yerləşdirilməyi gözləyirlər; 13 sentyabr 2026 (foto: AP)
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələr sentyabrın 13-də Qırmızı dəniz sahilindəki husi mövqelərinə hücum edib. Husilər isə həmin gün Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar (“Associated Press”).
Döyüşlərin şiddətlənməsi sentyabrın əvvəlindən 82 mindən çox yəmənlinin evini tərk etməsinə səbəb olub. Husilərin Bab əl-Məndəb boğazı istiqamətində irəliləməsi Qırmızı dənizdə gəmiçilik və neft daşınmaları ilə bağlı narahatlığı da artırıb.
Hökumət qüvvələri Məxa və Zübabdakı husi mövqelərini vurublart
Yəmən ordusu husilərin ötən həftə ələ keçirdiyi Məxa liman şəhərinə, sahildəki Zübab qəsəbəsinə və Təiz vilayətinin digər ərazilərinə hava zərbələri endirdiyini bildirib.
Husilər isə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Təizdə hava zərbələri endirdiyini, ölkənin şimalındakı Səədə vilayətini artilleriya atəşinə tutduğunu bildiriblər.
Yəmən hökuməti Qırmızı dəniz sahilinə əlavə qüvvələr göndərəcəyini açıqlayıb. Prezident Rəhbərlik Şurasının üzvü Sultan əl-Ərada Məxa və qərb sahilindəki digər mövqelərin itirilməsini “ağrılı və təəssüf doğuran” məğlubiyyət adlandırıb. Onun sözlərinə görə, geri çəkilən qüvvələr yenidən toplaşaraq döyüşə qayıdacaqlar.
Şuranın sədri Rəşad əl-Əlimi isə son məğlubiyyətləri həlledici saymayıb. O bildirib ki, hökumət dövlət qurumlarına nəzarəti və ölkənin bütün ərazisində suverenliyi bərpa etmək niyyətindədir.
Səudiyyədə iki nəfər yaralanıb
Səudiyyə Ərəbistanı hakimiyyəti bazar günü Əbha şəhərində və Xamis Muşayt bölgəsində həyəcan siqnallarını işə salıb, sakinləri sığınacaqlara getməyə çağırıb. Hər iki ərazi son həftələrdə dəfələrlə husilərin hücumuna məruz qalıb.
Husilərin sözçüsü Yəhya Səri Səudiyyə ərazisinə raket və dron buraxıldığını, Yəmən sərhədinin yaxınlığındakı hərbi bazanın vurulduğunu bildirib. O, hücumun vaxtı və nəticələri barədə sübut təqdim etməyib.
Səudiyyənin Mülki Müdafiə Xidmətinin məlumatına görə, Qırmızı dəniz sahilində, Yəmən sərhədinə yaxın başqa bir əraziyə mərmi düşüb. İki nəfər yaralanıb, bir məscidə və bir neçə binaya ziyan dəyib. Səudiyyə tərəfi mərminin husilər tərəfindən atıldığını bildirib.
Ər-Riyad həmin gün Yəməndə husilərə qarşı yeni əməliyyat keçirdiyini açıqlamayıb.
Husilər elan etdikləri blokada çərçivəsində Səudiyyənin neft obyektlərinə və gəmilərinə hücum etdiklərini bildirirlər. Qruplaşma başqa ölkələrə məxsus ticarət gəmilərini vurmaq niyyətində olmadığını deyir.
Yəməndəki vətəndaş müharibəsi 150 mindən çox insanın ölümünə səbəb olub
Qərb sahilinə nəzarət etmiş hökumətyönlü Milli Müqavimət Qüvvələrinin məlumatına görə, son dörd həftədə hökumət qüvvələrinin 500-dən çox döyüşçüsü həlak olub. Qurum həmçinin Hudeydə və Təiz vilayətlərində mindən çox husinin öldürüldüyünü iddia edib.
Husilər bu rəqəmlərlə bağlı AP-nin sorğusuna cavab verməyiblər. Tərəflərin açıqladığı itki sayı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Yəməndə vətəndaş müharibəsi on ildən çoxdur davam edir. Təxminən 150 min insanın ölümünə səbəb olan müharibə ölkə əhalisinin böyük hissəsini aclıq həddinə çatdırıb. 2022-ci ildə əldə edilən atəşkəsdən sonra genişmiqyaslı döyüşlər əsasən dayanmışdı.
Bab əl-Məndəb boğazında böhran dərinləşir
Husilər son hücum zamanı Məxa liman şəhərini və Bab əl-Məndəb boğazındakı adanı ələ keçiriblər. Bu, qruplaşmanın son illərdə bölgədə qazandığı ən böyük ərazi uğurudur.
Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir. Hörmüzdə gəmiçiliyin pozulduğu bir vaxtda bu boğaz Səudiyyə neftinin dünya bazarına çıxarılması üçün mühüm alternativ yola çevrilib.
Husilərin çatdığı ərazi Bab əl-Məndəb boğazının qarşı sahilində, Cibutidə yerləşən ABŞ hərbi bazasından təxminən 32 kilometr aralıdır.
Bu, ABŞ-nin Afrikadakı əsas hərbi bazasıdır. Cibutidə Çin, Fransa və Yaponiyaya məxsus hərbi obyektlər də yerləşir. Bununla belə, husilərin ABŞ bazasına hücum etməyə hazırlaşdığına dair məlumat yoxdur; AP yalnız tərəflər arasındakı coğrafi məsafəyə diqqət çəkir.
82 mindən çox insan evini tərk edib
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, sentyabrın əvvəlindən Yəməndə 82 mindən çox insan döyüşlər səbəbindən didərgin düşüb.
Onların bir hissəsi təhlükəli dəniz yolunu keçərək Cibutiyə çatıb. Sentyabrın 13-dək bu ölkəyə gələn yəmənlilərin sayı 2 mini ötüb. Cibuti qüvvələri dənizdə xilasetmə əməliyyatları aparır və gələnlərə ilkin yardım göstərirlər.
Məcburi köçkünlərin çoxu Yəmənin cənubundakı Ədən şəhərinə sığınıb. Düşərgə rəhbərlərinin sözlərinə görə, insanlar evlərini tələsik tərk etdikləri üçün geyim və digər zəruri əşyaları götürə bilməyiblər; düşərgələr, evlər və yollar müharibədən qaçanlarla dolub.
Hudeydə vilayətinin Əl-Xavxa şəhərindən qaçan qadın AP-yə bildirib ki, gecə saatlarında yola çıxıb və yol boyu yanan avtomobillər və avtobuslar, həmçinin yolda qalmış qadın və uşaq cəsədləri görüb.
“Politfm”



