Taqanroq şəhərində dron hücumundan sonra baş verən yanğın, Rostov vilayəti, Rusiya; 12 sentyabr 2026 (foto: “Exilenova+”)

 

 

Rusiya həftəsonu Ukraynaya qarşı irimiqyaslı raket və dron hücumlarını davam etdirib. Kiyev isə Rusiyanın neft emalı, kimya sənayesi və zərbə dronları infrastrukturu daxil olmaqla, bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Rusiyanın Ukraynaya hücumları

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 12-nə keçən gecə Rusiya sayı açıqlanmayan “İskəndər-M” və KN-23 ballistik raketlərindən, səkkiz “Kalibr”, altı X-59/69 raketindən və 129 PUA-dan istifadə edib. Ukrayna tərəfi 110 hava hədəfinin zərərsizləşdirildiyini, 20 məkanda zərbə qeydə alındığını bildirib. Şənbə günü saat 06:30–18:00 aralığında 410 PUA-nın buraxıldığı, onlardan 336-nın vurulduğu və ya elektron vasitələrlə sıradan çıxarıldığı açıqlanıb.

Ən ağır dağıntılardan biri Odesada baş verib. 25 mərtəbəli yaşayış binasının yuxarı mərtəbələri dağılıb və yanıb. Xilasetmə işlərinin yekununa görə, iki nəfər həlak olub, 25 nəfər yaralanıb. Çernomorskda yaşayış evləri, qaz xətti və reabilitasiya mərkəzinin yerləşdiyi hotel vurulub; altısı hərəkət məhdudiyyətli olmaqla, 11 nəfər yaralanıb.

Zaporojyedə yaşayış evinə zərbə nəticəsində iki nəfər ölüb, azı bir nəfər yaralanıb. “Zaporizhstal” zavodunun istehsal sahəsinə dörd ballistik raketin dəydiyi, avadanlıq, enerji və logistika infrastrukturunun zədələndiyi, dörd işçinin yaralandığı bildirilib. Krivoy Roqda “ArcelorMittal” şirkətinin sənaye sahəsinə hücum zamanı podratçı şirkətlərin iki əməkdaşı həlak olub, dörd nəfər yaralanıb; beş çoxmənzilli bina, tibbi yardım mərkəzi və üç təhsil müəssisəsi də zərər görüb.

Kramatorskda şənbə günü mülki avtomobillərə hücumlar üç nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olub. Zviaheldə ərzaq mağazasına zərbə nəticəsində iki nəfər ölüb. Lutsk və Fastivdə dəmir yolu obyektləri, Rivne və Jitomir vilayətlərində yanacaqdoldurma məntəqələri, Dneprdə sənaye müəssisəsi hədəf alınıb.

Sentyabrın 13-nə keçən gecə isə Rusiya Ukrayna ərazisinə müxtəlif tipli 453 PUA buraxıb. Ukrayna HHQ 405 PUA və dörd S8000 “Banderol” sursatının zərərsizləşdirildiyini, 13 məkana zərər dəydiyini bildirib. Bazar günü 323 PUA hücumu qeydə alınıb.

Odesa vilayətinə hücum zamanı evlər, anbarlar, təsərrüfat tikililəri və avtoservis zədələnib; ikisi uşaq olmaqla 24 nəfər yaralanıb. Kramatorskda avtomobilə və şəhərə endirilən zərbələr nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb. Nikolayevskdə enerji infrastrukturu vurulub, 71 yaşlı qadın həlak olub.

Polşa sərhədi yaxınlığındakı Yahodın dəmir yolu stansiyasında yanacaqdoldurma məntəqəsi və Kiyev–Varşava qatarının lokomotivi vurulub. Sərnişinlər əvvəlcədən təxliyə olunduğundan xəsarət alan olmayıb. Rivne vilayətində elektrik kəsintiləri yaranıb, Ternopildə nəqliyyat və sənaye infrastrukturu, İvano-Frankivskdə sənaye obyekti və yaşayış binası, Lvov vilayətində isə məktəb və evlər zədələnib. Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Yahodına hücumu “Aİ və NATO-nun qapısını döyən terror” adlandırıb.

Zelenski Rusiyanın hücumları “iqtisadi sahəyə yönləndirdiyini”, ərzaq anbarlarının, YDM-lərin, əczaçılıq obyektlərinin, sərnişin qatarlarının və mülki müəssisələrin vurulduğunu bildirib. O, həftə boyu Ukrayna ərazisinə 2 100 dron, 1 700 idarəolunan aviabomba və 78 raket atıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə zərbələrin hərbi məhsul istehsal edən metallurgiya müəssisələrinə, Odesadakı liman və nəqliyyat infrastrukturuna yönəldiyini iddia edib.

Ukraynanın Rusiya ərazisinə zərbələri

Sentyabrın 12-nə keçən gecə Ukrayna Baş Qərargahı Samara vilayətindəki “Tolyattikauçuk” kimya kombinatının vurulduğunu və ərazidə yanğın başladığını açıqlayıb. Müəssisə sintetik kauçuk və yüksək oktanlı yanacaq əlavələri istehsal edir. Rusiya rəsmiləri bir əməkdaşın yaralandığını və bəzi yaşayış binalarına ziyan dəydiyini bildiriblər.

Ukrayna qüvvələri Taqanroq ətrafında iki PUA anbarının, FPV-dron istehsalı sahəsinin, “Pantsir-S2” hava hücumundan müdafiə kompleksinin, yanacaq çəninin və P-18 radarının vurulduğunu açıqlayıb. Yerli hakimiyyət nümayəndələri şəhərdə bir neçə yanğın olduğunu təsdiqləsələr də, hərbi obyektlərin vurulduğunu açıqlamayıb.

Bazar günü Ukrayna Baş Qərargahı Krasnodar diyarındakı Slavyansk neft emalı zavodunun və Tatarıstanın Nijnekamsk şəhərindəki TANECO zavodunun vurulduğunu bildirib. Hər iki müəssisədə yanğın qeydə alınıb. Rusiya hakimiyyətinin son məlumatına görə, Nijnekamsk hücumunda iki nəfər ölüb, 14 nəfər yaralanıb. Slavyansk şəhərində isə üç nəfər yaralanıb; qaz xətti, dörd ev və poliklinika zədələnib.

Ukrayna tərəfi həmçinin Millerovoda Rusiya zərbə dronlarının saxlandığı və buraxıldığı meydançanın, Bryansk vilayətində radar və silah anbarının, işğal edilmiş Donetsk, Xerson və Krımdakı PUA bazaları, retranslyatorlar və antenna komplekslərinin vurulduğunu açıqlayıb.

Yay aylarında Ukraynanın 200 kvadratkilometr ərazini işğaldan azad etdiyi bildirilir
OSINT-in analitiki Clement Molinin sözlərinə görə, Ukrayna mayın 22-dən sentyabrın əvvəlinədək Liman şəhərinin şimalındakı əks-hücum nəticəsində 200 kvadratkilometrdən çox ərazini işğaldan azad edib.

Polşanın OSW mərkəzi Rusiya nəzarətindəki sahənin 200 kvadratkilometrədək daraldığını, lakin tərk edilmiş ərazinin böyük hissəsinin hələ “boz zona” olduğunu yazır.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə dünənki söhbətində Zelenskini Rusiyanın neft emalı zavodlarına və dizel istehsalı-paylanması infrastrukturlarına zərbələri dayandırmağa çağırıb. Trampın sözlərinə görə, bu hücumlar qlobal dizel çatışmazlığı yaradır: “Dizel yanacağına toxunmayın, çünki bu, dünyaya zərər vurur”.

Amma “Associated Press” agentliyi qeyd edir ki, dünya bazarındakı çatışmazlığa İran müharibəsi və Hörmüz boğazından tədarükün azalması da ciddi təsir göstərib; Rusiya zavodlarındakı fasilələr vəziyyəti ağırlaşdırıb. Zelenski Trampın çağırışına hələ cavab verməyib.

“Politfm”