Kral Dəniz Qüvvələrinin hərbi gəmisi iki Britaniya tankerini Fars körfəzində müşayiət edir (foto: AFP)
İran Hörmüz boğazını açmağa hazırdır, amma nüvə danışıqlarının sonraya saxlanması şərtilə. Bu barədə “Axios” məlumat yayıb.
Nəşr üç rəsmi mənbəyə istinadən yazır ki, Tehran rəhbərliyi bu təklifini Pakistan vasitəsilə ABŞ-yə çatdırıb.
İran atəşkəsin uzunmüddətli olmasını və ya müharibənin qəti şəkildə dayandırılması barədə razılığa gəlinməsini istəyir.
Tehran təklif edir ki, nüvə proqramıyla bağlı danışıqlar ikinci mərhələdə — boğaz tam açılandan və dəniz blokadası qaldırılandan sonra başlasın. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi bunu İslamabaddakı müzakirələr zamanı gündəmə gətirib.
İran rəhbərliyində fikir ayrılığı
Nəşrin yazdığına görə, Pakistan, Misir, Türkiyə və Qətər rəsmiləriylə danışıqlarda Əraqçi etiraf edib ki, ABŞ-nin tələblərinə münasibətdə İran rəhbərliyində konsensus yoxdur.
Ağ Ev İran tərəfinin yeni təklifini dəyərləndirəcəkmi sualı hələ ki açıqdır.
ABŞ və İran arasında 8 apreldə əldə olunmuş atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar nəticəsiz qalıb.
13 apreldə ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq etmək qərarı verib.
ABŞ ordusu Hörmüz boğazına daxil olan və çıxan İranla əlaqəli gəmiləri yoxlamağa, Oman dənizi və Hind okeanında İrana məxsus bəzi ticarət gəmilərinə hücum edərək onları ələ keçirməyə başlayıb.
Tehran buna cavab olaraq biri İsrailə məxsus olmaqla, Hörmüz boğazında bir neçə gəminin hərəkətini bloklayıb.
“Politfm”



