Başda İstanbul olmaqla, Türkiyənin bir çox şəhərində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı etiraz aksiyaları davam edir.

Məlumata görə, bu gün küçələrə çıxanların sayı əvvəlki günlərlə müqayisədə xeyli artıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbuldakı mitinqdə çıxışı zamanı bəzi media qurumlarını sərt tənqid edib. O bildirib ki, etirazları işıqlandırmayan televiziya kanalları və onlara bağlı markalar boykot ediləcək.

“İndi kanalları gəzin, burada olan 1 milyon nəfəri göstərməyən hər kəsi – təkcə televiziyalarını yox, bütün markalarını boykot edəcəyik.
O şirin günlər bitdi, gülüm.
Ya bizi göstərəcəksən, ya da dibi görəcəksən,” – deyə o qeyd edib.

Xatırladaq ki, Əkrəm İmamoğlu martın 19-da korrupsiya ittihamı ilə saxlanılıb və martın 23-də həbs edilib. O, ittihamları rədd edir və bunları siyasi fəaliyyəti ilə əlaqələndirir. İmamoğlunun saxlanmasından sonra Türkiyənin bir çox bölgəsində genişmiqyaslı etirazlar başlayıb.