ABŞ prezidenti Donald Tramp İran müharibəsinin yaratdığı neft şokunun təsirlərini azaltmaq üçün əlində olan vasitələri sürətlə istifadə edir. Enerji böhranı qlobal iqtisadiyyat üçün riskləri artırır. Bəs ən həssas vəziyyətdə olan kimdir?

ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlarla başlayan İran müharibəsi üçüncü həftəsinə daxil olarkən, xam neft tədarükündəki azalmanın ciddi enerji böhranına səbəb olacağı ilə bağlı narahatlıqlar artır.

İranın Hörmüz boğazını faktiki bağlaması nəticəsində dünya neft tədarükünün ən azı 15 faizi körfəz bölgəsində olaraq ilişib qalıb.
Bu, İkinci dünya müharibəsindən bəri baş verən ən böyük neft şoklarından biri hesab olunur.

Bu şok nəticəsində “Brent” markalı xam neftin bir barelinin qiyməti 100 dolları keçib. Dizel və təyyarə yanacağı kimi emal olunmuş yanacaqların qlobal qiymətləri isə uzunmüddətli qıtlıq qorxusu səbəbindən daha da kəskin artıb.

İranın yeni dini lideri Müctəba Xamenei bildirib ki, hücumların dayandırılması üçün ABŞ və İsrailə təzyiq göstərmək məqsədilə Hörmüz boğazı bağlı qalacaq. Bununla belə, o qeyd edib ki, bəzi ölkələr gəmilərinin bu marşrutdan keçməsini İran donanması ilə koordinasiya edə bilərlər.

Böhrandan çıxış yolları axtarılır

Vaşinqton administrasiyası etiraf edir ki, ABŞ donanması hazırda Hörmüz boğazını hərbi güc tətbiq edərək açmağa qadir deyil.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı alternativ marşrut tapmağa çalışır və gündə 5 milyon barelədək nefti Qırmızı dənizdəki Yanbu limanına yönəltməyə cəhd edir.
Birləşmiş Ərəb Əmirlikləri də neft satışını Hörmüz boğazı əvəzinə Füceyra limanındakı terminala yönəldir.
Lakin bütün bu səylər getdikcə böyüyən enerji çatışmazlığını aradan qaldırmağa kifayət etmir. Müharibədən əvvəl bu bölgədən dünyaya gündə təxminən 15 milyon barel neft göndərilirdi, indi isə bu həcmlər qlobal bazara çatdırıla bilmir.

Trampın səyləri nəticə verirmi?

ABŞ Hörmüz boğazında gəmilərin keçidini bərpa etməyə çalışır.
Tramp administrasiyası gəmiləri təşviq etmək üçün müharibə nəticəsində yarana biləcək itkilərə qarşı maliyyə zəmanəti ilə sığorta təklif edir. Lakin ticarət gəmiçilik şirkətləri bu riski götürmək istəmir.
Prezident Donald Tramp həmçinin müttəfiqlərini bölgəyə donanma göndərməyə çağırıb. Lakin ABŞ müttəfiqləri bu çağırışa ehtiyatla yanaşıb və bir çoxu açıq şəkildə imtina edib. Hətta razılıq olsa belə, belə bir missiyanın planlaşdırılması və həyata keçirilməsi həftələrlə vaxt ala bilər.

OPEC+ da kömək edə bilmir

OPEC və digər 10 neft istehsalçısından ibarət OPEC+ əvvəlki böhranlarda neft çatışmazlığını “ehtiyat istehsal gücü” ilə kompensasiya edirdi.

Ancaq bu dəfə bu seçim də effektiv görünmür.
Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, İran müharibəsindən əvvəl gündə 3,9 milyon barel ehtiyat istehsal gücü mövcud idi və bunun böyük hissəsi Yaxın Şərqdə yerləşirdi.

Təkcə Səudiyyə Ərəbistanında ehtiyat gücü 1,7 milyon barel təşkil edir. Lakin həmin nefti də bazara çıxarmaq çətinləşib.
IEA artıq hərəkətə keçib və 32 üzv ölkənin fövqəladə ehtiyatlarından 400 milyon barel neftin bazara buraxılacağını açıqlayıb. Bu, təşkilatın idarə etdiyi strateji neft ehtiyatlarının təxminən üçdə birinə bərabərdir.

ABŞ də ehtiyatlarından istifadə edir

ABŞ 415 milyon barellik strateji neft ehtiyatından 172 milyon barelini bazara çıxaracaq.

JP Morgana görə, bundan sonra texniki və əməliyyat məhdudiyyətləri səbəbindən ABŞ-nin cəmi 100 milyon barel ehtiyatı qalacaq.

Tramp administrasiyası həmçinin əsrlik Jones qanununun müvəqqəti dayandırılmasını nəzərdən keçirir. Bu qanun xarici bayraqlı gəmilərin ABŞ limanları arasında yük daşımasını qadağan edir.

Bu addım Körfəz sahilindəki neft emalı mərkəzlərindən ABŞ-nin şərq və qərb sahillərinə yanacaq daşınmasını asanlaşdıra bilər. Lakin bunun xam neft qiymətlərinə təsirinin məhdud olacağı düşünülür. Trampın benzin və dizel vergilərini azaltmaq çağırışı da ciddi həll yolu kimi görülmür.

Rusiya nefti bazarı rahatlada bilərmi?

Tramp administrasiyası artan benzin qiymətlərinin siyasi təsirlərinin fərqindədir. Bu səbəbdən Vaşinqton enerji qiymətlərinə təzyiqi azaltmaq üçün Rusiyaya tətbiq olunan bəzi sanksiyaları müvəqqəti yumşaldıb.

ABŞ 30 gün müddətinə dənizdə gözləyən rus xam nefti və neft məhsullarının alınmasına icazə verib.

Qlobal tanker məlumat şirkəti “Kpler”in məlumatına görə, 12 mart tarixinə tankerlərdə təxminən 245 milyon barel Rusiya nefti və neft məhsulu mövcud olub. Bu həcm İran müharibəsi səbəbilə bazara çıxa bilməyən Yaxın Şərq neftinə yaxın göstəricidir.

Lakin ekspertlər hesab edirlər ki, bu istisna bazarları rahatlaşdırmaq üçün kifayət etməyəcək. Çünki Qərbin sanksiyalarına baxmayaraq Çin, Hindistan və Türkiyə artıq Rusiya neftinin böyük hissəsini satın alır. Buna görə də əlavə tədarük bazara ciddi ölçüdə təsir edə bilməz.

Risklər nələrdir?

Bütün göstəricilər bir həqiqəti ortaya qoyur:
Tramp administrasiyasında Hörmüz boğazının bağlanmasının qlobal neft bazarına təsirini tam kompensasiya edə biləcək real alətlər yoxdur.

Təklif tələbi ödəmədikdə təkcə qiymətlər artmır, eyni zamanda istehlak da azalır. Neft bazarında isə bu vəziyyət daha böyük risklər yaradır. Bu baxımdan enerji böhranı qlobal iqtisadiyyata ciddi zərbə vura bilər.

“Politfm”