Foto: Evelyn Hockstein / “Reuters”

 

 


ABŞ prezidenti Donald Tramp Venesuelanı ölkəsinin 51-ci ştatına çevirməyi “ciddi şəkildə nəzərdən keçirdiyini” deyib.

Tramp bu barədə dünən – mayın 11-də “Fox News” telekanalının əməkdaşına telefonla müsahibə verərkən danışıb. O, fikrini Venesuelanın 40 trilyon ABŞ dolları dəyərində neft ehtiyatlarına malik olmasıyla əsaslandırıb.

Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez həmin gün jurnalistlərin sualına cavab olaraq deyib ki, ölkəsi ABŞ-nin 51-ci ştatı olmağı planlaşdırmır:

“Biz öz bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi və tariximizi müdafiə etməyə davam edəcəyik. Venesuela koloniya deyil, azad ölkədir”.

Rodrigez daha əvvəl Venesuelanın vitse-prezidenti idi. Prezident Nikolas Maduro bu ilin əvvəlində ABŞ hərbçiləri tərəfindən qaçırılandan sonra prezident səlahiyyətlərini icra etməyə başlayıb. Sələfindən fərqli olaraq ABŞ ilə enerji sahəsində və digər istiqamətlərdə əməkdaşlıq edir.

Tramp administrasiyası ABŞ-nin enerji şirkətlərini Venesuelaya sərmayə qoymağa çağırır. Son 20 ildə bu ölkədə Amerika şirkətlərindən yalnız “Chevron” fəaliyyət göstərib.


“Politfm”