Donald Tramp Alyaskanın Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson Birgə Hərbi Bazasının uçuş-enmə zolağında Vladimir Putini qarşılayır, 16 avqust 2025 (foto: AFP)


 

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Donbasın bütünlüklə Rusiyaya verilməsi barədə heç bir razılaşması olmayıb.

Tramp bunu mayın 12-də – Çinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onunla Putin arasında bu məsələyə dair hər hansı anlaşma olub-olmaması barədə suala Amerika prezidenti qısa şəkildə “xeyr” deyə cavab verib (“AzadlıqRadiosu”).

TASS agentliyinin sualına cavabında isə Tramp bu il Rusiyaya səfərinin mümkün olduğunu və Ukraynadakı müharibəni dayandırmaq üçün əlindən gələni edəcəyini vurğulayıb. O, müharibənin sonunun getdikcə yaxınlaşdığını qeyd edib.

Moskva atəşkəs üçün Ukrayna qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edir. Rusiya təmsilçiləri açıq deməsələr də, eyham vururlar ki, bu mövzu ötən ilin avqustunda ABŞ və Rusiya liderlərinin Ankoricdəki görüşündə müzakirə olunub. Onlar bildirirlər ki, “Ankoric ruhu” və ya Ankoricdə əldə olunmuş anlaşmalar Ukrayna nizamlanmasının əsasını təşkil etməlidir. Amma həmin görüşün yekunları barədə heç bir rəsmi razılaşma elan olunmayıb.

Ukrayna hakimiyyəti bütün Donbasın Rusiyanın nəzarətinə verilməsi tələbini rədd edir. ABŞ rəsmiləri də bu tələbi dəstəkləməyiblər, amma kiçik bir ərazi mübahisəsinin münaqişənin həllinə mane olduğunu qeyd ediblər. Onların Donetsk vilayətini nəzərdə tutduğu ehtimal olunur.

Ukrayna döyüş əməliyyatlarının cəbhə xətti boyunca dayandırılmasını təklif edir. Bu halda Ukraynanın Donbas vilayətinin böyük hissəsi Rusiyanın nəzarətində qalacaq. Kiyev ərazi itkisini hüquqi baxımdan tanımayacağını bildirir.

“Politfm”