Amerika Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir, Nyu-York, ABŞ, 23 sentyabr 2025 (foto: “Reuters”)
Tramp administrasiyası son həftələrdə BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) ilə əməkdaşlığa son qoymaq məsələsini nəzərdən keçirib. Bu, diplomatların və BMT rəsmilərinin Vaşinqtonu dəstəyini davam etdirməyə inandırmaq üçün kampaniya başlatmalarına səbəb olub.
“Reuters” agentliyi məsələdən xəbərdar olan mənbələrə istinadən belə yazıb.
“Reuters”ə danışan səkkiz mənbə – diplomatlar, humanitar yardım təşkilatlarının nümayəndələri və Konqresdəki bir mənbə bildirib ki, tarixən UNHCR-in ən böyük maliyyə donoru olan ABŞ agentliklə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir. Bir neçə mənbənin sözlərinə görə, qərarın ötən həftə açıqlanacağı gözlənilsə də, bununla bağlı heç bir bəyanat verilməyib. Bu isə lobbiçilik səylərinin sözügedən addımın təxirə salınmasına və ya qarşısının alınmasına təsir göstərdiyini deməyə əsas verir.
UNHCR İkinci dünya müharibəsindən sonra – müharibə, təqib və zorakılıqdan qaçan insanlara yardım göstərmək məqsədilə yaradılıb.
Mənbələrdən beşinin dediyinə görə, ABŞ-də qurumdan çıxmaqla bağlı müzakirələr ali komissarın müavini postuna təyinatla bağlı fikir ayrılığından sonra başlayıb.
Onların bildiriblər ki, agentlik öz tərəfdaşlarını ABŞ-nin qara siyahısına salına biləcəy, nəticədə maliyyələşməsinin dayandırılacağı və Vaşinqtonun təşkilatın İcraiyyə Komitəsindən də çıxa biləcəyi barədə xəbərdar edib.
Diplomatlar və humanitar yardım rəsmiləri qeyd edirlər ki, Ukrayna və Sudandakı kimi uzunmüddətli münaqişələr fonunda – məcburi köçkünlərin dünya üzrə sayının rekord həddə çatdığı bir vaxtda ABŞ maliyyəsinin kəsilməsi agentliyin fəaliyyətinə ciddi zərbə vuracaq.
Danışıqlarda iştirak edən humanitar yardım qrupunun bir üzvü “Reuters”-ə deyib ki, “UNHCR öz tərəfdaşlarını administrasiyadakı əlaqələrindən istifadə etməyə çağırıb”.
Başqa bir diplomatın sözlərinə görə, UNHCR rəsmiləri ötən həftə tərəfdaşlarından ABŞ ilə mövcud diplomatik kanalların hamısından istifadə edərək Vaşinqtonu agentliyə dəstəyi davam etdirməyə təşviq etmələrini xahiş ediblər.
UNHCR-in mətbuat katibi şərh sorğusuna cavab verməyib.
“Məsələylə bağlı heç bir məlumatımız olmadığı üçün şərh vermirik” – BMT-nin mətbuat katibi Stefan Düjarrik isə belə deyib.
Amma Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun UNHCR ilə əməkdaşlığında hər hansı dəyişikliyin olmadığını vurğulayıb:
“Bir çox beynəlxalq təşkilatlarla olduğu kimi, ABŞ-nin xarici siyasət maraqlarının irəlilədilməsi və insan həyatının xilas edilməsi baxımından zəruri hesab etdiyimiz hallarda UNHCR-lə də əməkdaşlıq edirik. ABŞ-nin beynəlxalq təşkilatlardakı rolunu bundan sonra da qiymətləndirəcəyik”.
Donald Tramp ikinci prezidentlik müddətinə başladıqdan sonra BMT agentliklərinə ayrılan maliyyəni azaldıb, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla, BMT-nin bir sıra qurumlardan çıxıb. Tramp administrasiyası digər ölkələri də sığınacaq siyasətini sərtləşdirməyə yönəlmiş qlobal təşəbbüsə qoşulmağa çağırıb.
Liderlik dilemması
Mübahisə ABŞ diplomatı Tressa Rey Finertinin ötən ay UNHCR-in ali komissarının müavini vəzifəsinə təyin olunmasından sonra yaranıb.
BMT-nin Baş katibi Antoniu Quterreş və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərhəm Salih Tramp administrasiyasının dəstəklədiyi digər namizədi – UNHCR-i “kütləvi miqrasiya gündəliyi” həyata keçirməkdə günhalandıran keçmiş xarici xidmət əməkdaşı Saymon Hankinsonu dəstəkləməyiblər.
“Əgər məqsəd UNHCR-də islahatlar aparmaq, qurumu həqiqi qaçqınlara yardım göstərmək kimi ilkin missiyasına qaytarmaq, büdcə və xərclərə ciddi nəzarət etmək idisə, bu iş üçün doğru namizəd mən idim” – Hankinson belə deyib.
Amerika nümayəndələrinin rəhbər vəzifələrə təyin olunması məsələsində Beynəlxalq Əmək Təşkilatı və digər BMT agentlikləri də oxşar fikir ayrılıqlarıyla üzləşiblər.
İki mənbənin bildirdiyinə görə, Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunda dövlət katibinin köməkçisi və antimiqrasiya mövqeli Endryu Veprek Hankinsonun namizədliyini dəstəkləyənlərdən biri olub. Dövlət Departamenti onun bu prosesdəki rolu ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Ən böyük donor
“Reuters” yazır ki, ABŞ 2025-ci ildə UNHCR-ə 868 milyon dollar ayırmaqla təşkilatın ümumi vəsaitinin təxminən dörddə birini təmin edib və ən böyük donor statusunu qoruyub.
Agentliyin məlumatına əsasən, UNHCR artıq maliyyə böhranı ilə üz-üzədir. 2025-ci ildə agentliyin maliyyələşməsi əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb. Bunun nəticəsində təşkilat minlərlə əməkdaşını ixtisar edib və ilin sonunadək yeni ixtisarların olacağını açıqlayıb.
Diplomatlar və humanitar təşkilatların nümayəndələri hesab edirlər ki, ABŞ-nin tamamilə geri çəkilməsi maliyyə böhranını daha da dərinləşdirəcək. Bu, qaçqınların müdafiəsi sisteminin əsasını təşkil edən, 1951-ci ildə qəbul olunmuş Qaçqınların Statusuna dair Konvensiyaya dəstəyi sarsıda bilər.
“Belə bir qərar UNHCR-in fəaliyyəti üçün ciddi təhlükə yaradar. Bu, zəncirvari domino effekti doğura bilər” – qurumun keçmiş rəsmilərindən biri belə deyib.
“Politfm”



