ABŞ Prezidenti Donald Tramp İran müharibəsinə görə artan neft qiymətlərini aşağı salmaq üçün “bəzi ölkələrə qarşı sanksiyaların ləğv ediləcəyini” açıqlayıb.
Tramp bunu Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra deyib.
Amma o, hansı sanksiyalardan söhbət getdiyini açıqlamayıb.
“Kim bilir, bəlkə də onları yenidən tətbiq etməyə ehtiyac qalmaz? O qədər çox sülh olacaq ki” deyə, Trampəlavə edib.
Trampdan İranla bağlı ziddiyyətli mesajlar
ABŞ prezidenti Tramp noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində yanacaq qiymətlərini və inflyasiyanı nəzarətdə saxlamaq məcburiyyətilə üzləşib.
Dünənki mətbuat konfransında “Düşünürəm ki, müharibə böyük ölçüdə başa çatdı” desə də, elə həmin gün başqa bir açıqlamasında İranı enerji ixracına mane olacağı təqdirdə “daha sərt şəkildə vurmaqla” hədələyib.
ABŞ və İsrailin İrana hücumuyla başlayan müharibə neft qiymətlərində 2022-ci ildən bəri ən sürətli artıma səbəb olub. İranın cavab hücumları dəniz nəqliyyatını iflic edib. Mühüm neft və qaz istehsalçısı olan Körfəz ölkələrində istehsal da zəifləyib.
ABŞ prezidenti dünya yük daşımalarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından istifadə edən tankerəri qorumağa hazır olduqlarını dünən bir daha vurğulayıb.
Tramp və Putin nədən danışıblar?
ABŞ Prezidenti Donald Tramp martin 9-da Rusiya lideri Vladimir Putinə zəng edib. Tramp İran müharibəsi və Ukraynada sülh ehtimalı barədə danışdıqlarını açıqlayıb.
Danışığın olduqca müsbət keçdiyini qeyd edən Amerika prezidenti bildirib ki, Putin İran məsələsində kömək etmək istəyir:
“Mən də dedim ki, Ukrayna-Rusiya müharibəsini bitirsək, daha çox kömək etmiş olarsan. Bu daha böyük kömək olar”.
Telefon danışığı barədə Kremlin açıqlamasında bildirilir ki, liderlər İran müharibəsinin tez bir zamanda sona çatdırılmasıyla bağlı Rusiyanın təkliflərini, Ukraynadakı hərbi vəziyyəti və Venesuelanın qlobal neft bazarına təsirini müzakirə ediblər.
Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov danışığın “kifayət qədər geniş və əhatəli” olduğunu, “iki ölkənin gələcək əməkdaşlığı baxımından praktik əhəmiyyət kəsb edə biləcəyini” deyib.
Kiyev sanksiyaların ləğvi ehtimalından narahatdır
“Reuters” agentliyinə danışan mənbələr bildiriblər ki, müzakirələr sanksiyaların geniş çərçivədə yumşaldılmasını əhatə edə bilər. Eyni zamanda, Hindistana Rusiya neftini almağa icazə verildiyi kimi, bəzi ölkələr üçün daha hədəfli variantlar da nəzərdən keçirilə bilər.
ABŞ-nin maliyyə naziri Scott Bessent keçən həftə bildirib ki, Vaşinqton Hindistanın Moskvadan neft almasına müvəqqəti yaşıl işıq yandırandan sonra Rusiya neftinə qarşı əlavə sanksiyaların ləğv edilməsini də nəzərdən keçirir.
Bununla ABŞ Yaxın Şərqdəki münaqişələr səbəbindən azalan qlobal neft təkliflərini artırmağı və qiymətləri aşağı salmağı hədəfləyir.
Qərb ölkələrinin Ukraynaya hücuma görə Rusiyaya tətbiq etdiyi sanksiyalar Moskvanın neft və qaz gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Bu gəlirlər yanvar ayında son beş ilin ən aşağı səviyyəsinə enib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibə imkanlarının zəiflədilməsi üçün bu ölkəyə qarşı sanksiyaların daha da genişləndirilməsini və onların tətbiqinə daha sərt nəzarət edilməsini tələb edir.
Bunun əksi həm siyasi, həm də hərbi baxımdan Ukraynaya ciddi zərbə kimi qiymətləndirilir.
“Politfm”



