Bu gün Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqiylə bağlı sərəncam imzalayıb.
Bu dəyişikliklər Milli Məclisin fevralın 2-də qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən həyata keçiriləcək.
Ən diqqətçəkən dəyişiklik preambuladadır – 1921-ci ildə imzalanmış Qars və Moskva müqavilələrinə istinad yeni redaksiyada Konstitusiyadan çıxarılıb.
Əvvəlki mətndə qeyd olunurdu ki, Naxçıvanın muxtariyyətinin əsasları 1921-ci il 16 mart tarixli Moskva və 13 oktyabr tarixli Qars müqavilələriylə müəyyən olunub. Bu müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu və sərhədlərinin müəyyənləşdirildiyi təsbit edilirdi.
Yeni redaksiyada isə bildirilir ki, Naxçıvan Muxtar Respublikası (NMR) Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, bir maddə (maddə 5) çıxarılıb.
Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan müddəa (Naxçıvan Muxtar Respublikasısının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olması) NMR Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Digər dəyişiklikləyə əsasən:
NMR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılacaq;
Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbiylə və ya vəzifələrini icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılacaq;
“Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” barədə 5-ci maddə çıxarılacaq;
NMR-in Ali Məclisinə seçkiləri parlament sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13.2);
Azərbaycan Prezidentinin və ya Milli Məclisinin təklifiylə NMR Ali Məclisinin sessiyası qapalı keçiriləcək (maddə 18.4);
NMR Ali Məclisinin sədri seçilmək üçün muxtar respublikada beş ildən az olmayaraq daimi yaşamaq lazım gəlməyəcək (maddə 29,2);
NMR-dəki icra hakimiyyətlərinin başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 32.4-1);
NMR-in Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq, qurumun iş qaydası Azərbaycan Prezidentiylə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).
“Politfm”



