Hörmüz boğazı, Musandam, Oman; 17 avqust 2026 (foto:”Reuters”)

 

 


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla danışıqlar aparılmadığını və Hörmüz boğazının açıq olduğunu deyib.

Təxminən altı aydır davam edən münaqişənin sona çatdırılması üzrə razılaşma perspektivlərinin zəifləməsi çərşənbə axşamı neft qiymətlərinin yenidən artmasına səbəb olub. Bununla yanaşı, fond bazarlarında eniş qeydə alınıb. Böhranının uzunmüddətli inflyasiya və maliyyə nəticələri ilə bağlı narahatlıqlar fonunda ABŞ də daxil, bütün iri iqtisadiyyatların borclanma xərcləri son illərin ən yüksək səviyyəsinə çatıb.

Müvəqqəti atəşkəs razılaşmasının müddəti bazar ertəsi başa çatıb. İranın yüksək rütbəli məmur “Reuters”-ə bildirib ki, diplomatik dalan vəziyyətinə görə ölkəsi “tamamilə hücum xarakterli” hərbi mövqeyə keçir. Bununla belə, çərşənbə axşamı tərəflərin bir-birinə qarşı yeni zərbələr endirməsi barədə məlumat yayılmayıb.

“İran İslam Respublikası ilə nə sövdələşmələr aparılır, nə danışıqlar, nə də hər hansı danışıqlar planlaşdırılır. Dəniz blokadası tam şəkildə davam edir və qüvvədədir. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları zərərsizləşdirilib və ya partladılıb” – Tramp “Truth Social” hesabında belə yazıb.

Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnersə bazar ertəsi demişdi ki, İranla danışıqlar hələ də davam edir – “əvvəlkindən daha fəal” şəkildə.

ABŞ və İsrailin İrana birgə zərbələri ilə başlayan və təxminən altı aydır davam edən münaqişə hazırda davamlı qarşıdurma vəziyyətinə keçib. İran boğazdan keçən gəmiçiliyə təhdidlərini davam etdirir, Vaşinqton isə danışıqlar uzunmüddətli razılaşma ilə nəticələnmədiyi təqdirdə hücumları yenidən başlada biləcəyini bildirir.

ABŞ-nin əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Lakin ekspertlər hesab edirlər ki, ABŞ ordusunun zərbələrinə məruz qalmış obyektlərdə basdırıldığı ehtimal edilən zənginləşdirilmiş uran ölkədən çıxarılmadan buna nail olmaq çətin olacaq.

Gəmiçiliyə maneələr 

Trampın Fars körfəzində vəziyyətin yaxşılaşdığı barədə açıqlamalarına baxmayaraq ölkələr gəmiçiliyə maneələrin davam etdiyini bildiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran ərazisindən buraxılan iki ballistik raket aşkar etdiyini açıqlayıb. Bu, mayın 4-də Füceyrə limanına endirilən zərbədən sonra daha bir hücumla bağlı verilən ilk məlumatdır.

Daha sonra nazirlik “X” platformasında yaydığı açıqlamada bildirib ki, raketlər “dəniz nəqliyyatını” hədəf alıb, amma hər iki raket dənizə düşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BƏƏ-nin ittihamlarının “əsassız olduğunu” bildirib.

BƏƏ Xarici İşlər Nazirliyi isə regionda gərginliyin artmasını əsas gətirərək İrana dair bütün ticarət tədbirlərini, mübadilələri və maliyyə əməliyyatlarını növbəti bildirişə qədər dayandırdığını açıqlayıb. Nazirlik bunun regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirdiyini bildirib.

BƏƏ ilə İran arasında birbaşa yük daşımaları iyunun sonunda, Dubaydakı Cəbəl-Əli limanı vasitəsilə bərpa edilib. BƏƏ İranla birbaşa dəniz daşımalarını müharibə başlayandan cəmi bir neçə gün sonra, martın əvvəlində dayandırmışdı.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti (UKMTO) çərşənbə axşamı bildirib ki, Hörmüz boğazından çıxan gəminin naməlum mərmi ilə vurulması barədə məlumat alıb. Hadisə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həlak olub. Məlumata görə, Oman Sahil Mühafizəsi ekipajın sağ qalan üzvlərinə yardım göstərib.

Tehran hələ ki bununla bağlı açıqlama verməyib.

İran “Hörmüz” boğazınını bağlı olduğunu bildirir

Çərşənbə axşamı açıqlanan gəmiçilik məlumatları göstərib ki, bazar ertəsi Hörmüz boğazından keçən gəmilərin sayı hələ də birrəqəmli səviyyədə qalıb.
İranın əsas danışıqçısı Məhəmməd Baqer Qalibaf dövlət mediasında yayımlanan açıqlamasında bildirib ki, ABŞ iyunda İranla imzaladığı müvəqqəti razılaşmanın şərtlərini yerinə yetirənədək boğaz bağlı qalacaq.

Qalibaf parlamentdə çıxışı zamanı deyib ki, həmin şərtlərə ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması, İran neftinə qarşı sanksiyaların ləğvi, Tehranın dondurulmuş aktivlərinin azad edilməsi, eləcə də bütün cəbhələrdə təhdid və hərbi əməliyyatlara son qoyulması daxildir.

İyunun 17-də imzalanmış Anlaşma Memorandumunda İranın nüvə proqramı və ABŞ-nin sanksiyaları ilə bağlı daha geniş razılaşmanın əldə olunması üçün 60 günlük müddət müəyyənləşdirilib. Bazar ertəsi bu müddət başa çatıb və Tramp onu uzatmaq niyyətində olmadığını bildirib.

“Bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını” nəzərdə tutan razılaşma Hörmüz boğazına nəzarətlə bağlı mübahisə səbəbindən qısa müddətdə pozulub. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının beşdə biri bu dar su marşrutu vasitəsilə həyata keçirilirdi.

“İran hələ də ABŞ ilə dialoqa açıqdır, lakin danışıqları təslim olmaqla eyniləşdirmir” – İranın ali liderinin müşaviri Məhəmməd Mohber çərşənbə axşamı belə deyib. Məlumatı yarı-rəsmi “Fars” agentliyi yayıb.

Mohber bildirib ki, hərbi təzyiq və sanksiyalar İranın qətiyyətini sarsıda bilməz. Onun sözlərinə görə, İran müharibəyə can atmadan öz təhlükəsizliyini, ləyaqətini və müttəfiqlərini müdafiə edəcək.

İran müharibədə dayanıqlılıq nümayiş etdirsə də, bildirilir ki, ölkə rəhbərliyi iqtisadi təzyiqlərin daha da gücləndirilməsinin vəziyyəti ağırlaşdıra, etirazları yenidən alovlandıra və İslam Respublikasının legitimliyini daha da zəiflədə biləcəyindən narahatdır. Bu barədə “Reuters”-ə üç iranlı məmur məlumat verib.

Münaqişə zamanı minlərlə insan həlak olub, əsasən də İran və Livanda. İran Oman, İordaniya, Küveyt, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə ABŞ-nin hərbi bazalarına və infrastrukturuna zərbələr endirib.

Əsas neft markası olan “Brent” üzrə fyuçerslərin qiyməti kəskin artaraq bir barel üçün 126 dollara çatıb. Bu, müharibədən əvvəlki səviyyədən təxminən 75% çoxdur. Çərşənbə axşamı “Brent” fyuçersləri daha 20 sent bahalaşaraq bir barel üçün 91 dollardan bir qədər yuxarı səviyyəyə yüksəlib.

ABŞ administrasiyasının nümayəndəsi isə İran iqtisadiyyatına qarşı zərbələri daha da genişləndirə biləcəyi barədə Vaşinqtonun xəbərdarlığını təkrarlayıb:
“Qarşıdakı həftə və aylarda prezidentin daha sərt bir şəkildə istifadə edə biləcəyi çoxsaylı təsir vasitələri var”.

“Politfm”