Foto: Elizabeth Frantz/”Reuters”



ABŞ prezidenti Donald Tramp ABŞ-nin son sülh təkliflərinə İranın cavabını “tamamilə qəbuledilməz” adlandırıb. O, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

İran mediası xəbər verir ki, Tehranın təklifləri regiondakı müharibənin bütün cəbhələrdə, o cümlədən Livanda başa çatdırılmasını nəzərdə tutur.

“Reuters” mayın 6-da yazmışdı ki, ABŞ və İran silahlı münaqişənin başa çatdığını təsdiqləyən “bir səhifəlik memorandum” imzalamağa yaxındırlar. Agentlik qeyd etmişdi ki, sənəddə İranın nüvə proqramı və ya Hörmüz boğazının açılması kimi mübahisəli məsələlərdən bəhs olunmur. Amma “The Wall Street Journal” qeyd etmişdi ki, ABŞ-nin sülh təşəbbüsü İranın nüvə silahı yaratmaqdan vaz keçməsini, bəzi nüvə obyektlərinin sökülməsini və 20 il ərzində uranın zənginləşdirilməsindən imtina etməsini nəzərdə tutur.

Donald Tramp jurnalist Şeril Attkissona müsahibəsində deyib ki, ABŞ “günün birində” İranın zənginləşdirilmiş uranını götürəcək. Onun sözlərinə görə, ABŞ Kosmik Qüvvələri uran ehtiyatlarının saxlanıldığı məkanı izləyir və Amerika ordusu həmin uranın başqa yerə daşınmasına imkan verməyəcək.

Daha əvvəl İran ABŞ-nin tələblərini dəfələrlə publik şəkildə rədd edib. Medianın yazdığına görə, son təkliflərdə İran rəsmiləri qeyd ediblər ki, dəniz yollarının blokadasının aradan qaldırılması barədə razılıq əldə oluna bilər, nüvə proqramının müzakirəsi isə sonrakı mərhələyə saxlanılmalıdır.

İran parlamentinin nüfuzlu deputatlarından İbarhim Rezai mayın 9-da bildirib ki, ABŞ “təslim olmalı və güzəştə getməli, regionda yeni nizamı” tanımalıdır. O əlavə edib ki, İran gəmilərinə ediləcək hər hansı hücum Amerika gəmiləri və bazalarına zərbələrlə cavablandırılacaq. Oxşar mövqeyi daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da səsləndirmişdi.

Dünən Qətər, BƏƏ və Küveyt hökumətləri gün boyu dron zərbələrinə məquz qaldıqları barədə məlumat yayaraq bu hücumlarda İranı ittiham ediblər. Qətəq sahilləri yaxınlığında kiçik bir gəmi vurulub. Tehran bu hücumlarla əlaqəsi barədə iddiaları şərh etməyib.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirdikdən sonra Tehran Fars körfəzi ölkələrini raket və dronlarla atəşə tutmağa başlayıb, müharibə başlamazdan əvvəl dünya neft-qaz tədarükünün təxminən 20%-inin keçdiyi Hörmüz boğazını blokadaya alıb. ABŞ isə öz növbəsində İranın dəniz limanlarını blokadaya salıb. Aprelin əvvəlindən rəsmi atəşkəs rejimi qüvvədə olsa da, tərəflər hələ də müharibənin tamam dayandırılması barədə razılığa gələ bilməyiblər.

“Politfm”