Foto: “Reuters”
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yeni missiyanın başladığını elan edib. O bildirib ki, məqsəd boğazın İran tərəfindən bloklanması səbəbindən üçüncü ölkələrin Fars körfəzində qalmış gəmilərini ordan çıxarmaqdır.
“Yaxın Şərqdə baş verən və bütün dünyanın gözü qarşısında açıq və amansız şəkildə davam edən münaqişədə iştirak etməyən, demək olar ki, bütün ölkələr ABŞ-dən xahiş ediblər ki, gəmilərinin azad olunmasına kömək edək. İranın, Yaxın Şərqin və ABŞ-nin rifahı naminə həmin ölkələri əmin etdik ki, fəaliyyətlərini sərbəst və effektiv davam etdirə bilsinlər deyə onların gəmilərini o qapalı su yollarından təhlükəsiz şəkildə çıxaracağıq” – Tramp özünün “Truth Social” sosial şəbəkəsində belə yazıb.
Missiya “Azadlıq layihəsi” (“Project Freedom”) adlanır və bu gün start götürür.
Tramp bunu “ABŞ-nin, Yaxın Şərq ölkələrinin, müəyyən qədər də İranın humanitar addımı” kimi xarakterizə edib. O qeyd edib ki, bloklanmış gəmilərin bir çoxunda ərzaq ehtiyatları, o cümlədən böyük ekipajların sağlam və normal sanitar şəraitdə qalmaq imkanları da tükənmək üzrədir.
Amerika prezidenti bu təşəbbüsün İranla razılaşdırılıb-razılaşdırılmadığı barədə heç nə yazmayıb.
İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri Ebrahim Əzizi onun açıqlamasına cavab olaraq deyib ki, Hörmüz boğazında ABŞ-nin gəmiçiliyə hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.
İran XİN isə bildirib ki, “Təhlükəsizliyi təmin etmək üçün gəmilər Hörmüz boğazındanbizimlə koordinasiya olmadan keçməməlidir”.
“Politfm”



