Foto: “Reuters”
ABŞ prezidenti Donald Tramp bildirib ki, daha çox vaxt verilsə, ABŞ qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazını nəzarətə götürə bilərlər.
O bu gün, aprelin 3-də özünün “Truth Social” social şəbəkəsində belə yazıb.
Tramp qeyd edib ki, bu boğaz qlobal enerji təchizatı üçün kritik əhəmiyyət daşıyır və onun üzərində nəzarət böyük iqtisadi üstünlüklər yarada bilər.
Trampın sözlərinə görə, ABŞ bu bölgədə hərbi baxımdan üstün mövqedədir və lazım gələrsə, boğazın açılması və nəzarət altına alınması istiqamətində əlavə addımlar ata bilər.
O həmçinin vurğulayıb ki, bu cür əməliyyatlar üçün “bir qədər daha çox vaxt” tələb olunur və proses davam edir.
Bu bəyanatlar ABŞ və İran arasında artan gərginlik fonunda səsləndirilib. Son günlər tərəflər arasında hərbi toqquşmalar və qarşılıqlı zərbələr barədə məlumatlar yayılır.
Hörmüz boğazı dünya üzrə daşınan neftin təxminən beşdə birinin keçdiyi əsas marşrut hesab olunur və bu səbəbdən regionda baş verən hər hansı eskalasiya qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
“Politfm”



