İran donanması naməlum bir ərazidə raket atır. Görüntü 8 may 2026-cı ildə yayımlanan videodan götürülmüş kadrdır (foto: WANA/ “Reuters” vasitəsilə)

 

 

Fars körfəzində ABŞ və İran qüvvələri arasında yeni qarşıdurma yaşanıb. Eyni zamanda BƏƏ ərazisinə də hücum edildiyi bildirilir. Hadisələr bir ay əvvəl əldə olunmuş atəşkəsin gələcəyi ilə bağlı narahatlığı artırıb.

Gərginlik Vaşinqtonun Tehranın atəşkəs təklifinə cavab gözlədiyi vaxtda baş verib. Münaqişə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hava hücumlarından sonra başlayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç döyüş gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
“Amerikaya məxsus üç böyük döyüş gəmisi Hörmüz boğazından keçərkən atəşə tutuldu. Gəmilərə ciddi ziyan dəymədi, amma İran tərəfi itki verdi” – Tramp özünün “Truth Social” platformasında belə yazıb.

Daha sonra jurnalistlərə açıqlama verən Tramp atəşkəsin hələ qüvvədə olduğunu vurğulayıb:

“Bu gün bizimlə oynamaq istədilər. Biz isə onlara layiqincə cavab verdik”.
İran tərəfi isə ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib. Tehran bildirib ki, ABŞ İranın neft tankerini və digər gəmiləri hədəfə alıb, həmçinin Hörmüz boğazındakı Qeşm adası və yaxın sahil bölgələrində mülki obyektlərə zərbələr endirib.

İran ordusu cavab olaraq Hörmüz boğazının şərqində və Çabahar limanı yaxınlığında ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb. İran tərəfi gəmilərə “əhəmiyyətli ziyan” vurduqlarını iddia etsə də, ABŞ Mərkəzi Komandanlığı öz obyektlərinə zərbə dəymədiyini bildirib.

“Politfm”