Iran və Rusiya arasında imzalanan saziş köhnə konfiqurasiyanın yeni həmləsidir. Bu bizim regionumuz üçün nə deməkdir?
Birincisi, hər iki tərəf deyə bilər ki, iki suveren dövlətin bir-biri ilə müttəfiqlik sazişi imzalamasında nə var? Buna görə kənarda niyə narahat olurlar ki?
– Əgər bu iki ölkənin birinin silahı ilə digərinin əsgəri üçüncü ölkənin ərazisində işğalçı kimi görüşürsə, əlbəttə, onların münasibətlərinə dair hər şey kənarda, xüsusilə qonşuluqda və yaxın regionda narahatlıq yaratmalıdır. Ukrayna ərazisində İran dronlarının Rusiya işğalçılarına verdiyi dəstəyi təbii ki, unutmamışıq. Üstəlik, İran hələ də regionda qeyri-qanuni silahlı dəstələrdən, proksi qüvvələrdən imtina etdiyini açıqlamayıb. Buraya Həmas və Hizbullah kimi təşkilatlar daxildir. Bundan əlavə, Rusiya və İran arasındaki razılaşmanın ən ciddi təkanverici qüvvəsi hər iki ölkənin Suriyada ciddi məğlubiyyətlə üzləşməsi olduğunu deyə bilərik. Bununla da, bu müttəfiqlik razılaşmasına biz həm də ilkin mərhələdə siyasi revanş deyə bilərik. Rusiyanın az qala bütün dünya ilə qarşı-qarşıya olduğu bir dövrdə bu addımın atılması İranın yeni hakimiyyəti haqqında müsbət düşünən çevrələrə yenidən düşünmək çağırışı edir.
Pezeşkian ikinci vədi də pozdu.
– O, baş örtüsü məsələsində yumşalma ilə bağlı vədini nəinki yerinə yetirdi, əksinə, bu barədə rejim daha da sərtləşdi. Küçədə qadınlara hücumlar davam etməkdədir. Bu İranın daxilinə dair vəd olduğu üçün yalnız insan haqları fəallarının və təşkilatlarının diqqətini çəkdi. „Rusiya ilə məsəfə saxlayacam“, „Elmin texnologiyanın yanında olacam“ bəyanatalrı verib, Qərblə savaşdan bezən kütlələrin səsini alan Pezeşkianın bu addımı isə beynəlxalq müstəvidə verdiyi vədlərdən imtinadır. Bu həm də regionun taleyi ilə bağlı məsələdir. Biz Rusiyanı gücləndirən heç bir addıma hansısa dövlətin daxili işi kimi baxa bilmərik. Bu mənada yeni saziş İran siyasi sisteminin qabıq dəyişdirəndən sonra ilk sancması kimi qiymətləndirilə bilər.
Rusiya ilə kimlər belə yaxınlaşıblar?
Yaxın tarixdə, Ukraynaya hücum ərəfəsində və sonra Rusiya ilə bu sazişi imzalamış dövlət və hökumət başçıları kimlərdir?
Baxmayaraq ki, 2022-ci ilin 4 fevralında olub, amma Çin lideri Si Pin Putinlə bu cür sənədləri imzalamış birinci şəxsdir. Müharibə təhdidi qapının ağzında ikən bu saziş imzalanıb. İkinci belə sazişi 2022-ci ilin 22 fevralında müharibədən cəmi iki gün qabaq İlham Əliyev imzalayıb. Bu hələ ki, Putinlə imzalanan ən qarmaşıq sənəddir. O mənada ki, lazım gələndə ölkələrin bir-birinin ərazisinə müdaxilə etmək hüquqi bu sazişdə yer alıb. Azərbaycanın Rusiyaya qoşun yeridəcəyi barədə yəqin ki, düşünənlər yoxdur. Üçüncü yerdə isə Şimali Koreya lideri Kim Çen Un gəlir. Onların arasında 2024-cü ilin 19 iyununda belə bir saziş imzalanıb. Nəhayət İranın islahatçı adı ilə, Qərblə yumşalma bəyanatları ilə hakimiyyətə gələn Pezeşkian.
Buradan aydın görünür ki, 2022-ci ilin fevralından Putin öz ətrafında bəlli bir çərçivə sazişi ilə koalisiya qurmaqdadır. Yuxarıdaki siyahıdan da görünür ki, bu təsadüfi bir birləşmə deyil və arxasında antiqərb-antidemokratiya ideologiyası durur. Bu həm də davam etməkdə olan və genişlənəcəyi, fərqli xarakter alacağı gözlənilən müharibənin müəyyən mənada parktiki- nəzəri tərəflərini ortaya qoyan mənzərədir. Əlbəttə, biz unutmamışıq ki, Putin BRİCS-i də antiqərb klubuna çevirmək istəyirdi, amma Hindistan və Brazilyanın müdaxiləsi ilə bu alınmadı.
SEYMUR HƏZİ


