Foto: TASS
Rusiyanın müxtəlif bölgələrindəki neft emalı zavodlarına Ukrayna dronlarının endirdiyi zərbələr yanacaq böhranı yaratdığına görə həmin ərazilərdə yüksək hazırlıq rejimi tətbiq olunmağa başlayıb.
Belə rejimi ilk olaraq iyunun 25-də Zabaykal diyarının yerli hakimiyyəti elan edib. Bölgədə fiziki şəxslərə benzinin satışı 15 litrlə məhdudlaşdırılıb.
İyunun 28-də analoji qərar İrkutsk vilayətində qəbul edilib. Vilayətin qubernatoru İqor Kobzev bildirib ki, “Fövqəladə vəziyyətin qarşısını almaq üçün bu tədbir zəruridir”.
Bölgədəki “Rosneft” yanacaqdoldurma məntəqələrində bir avtomobilə maksimum 50 litr benzin satılmasına limit qoyulub, digər məntəqələrə isə daha sərt məhdudiyyətlər tətbiq etmək icazəsi verilib. Polis benzin alverçilərini həbs etməyə başlayıb.
İyunun 30-da isə Penza vilayətinin qubernatoru Oleq Melniçenko bölgədə yüksək hazırlıq rejiminə keçildiyini açıqlayıb.
“Əsas məqsəd fövqəladə hallara operativ reaksiya xidmətlərinin və sosial əhəmiyyətli obyektlərin, o cümlədən yanacaq-energetika kompleksinin fasiləsiz fəaliyyətini təmin etməkdir” deyə, o bildirib.
Bu vilayətdə iyunun 23-dən etibarən yanacaq satışına məhdudiyyət tətbiq olunur. Yeni qaydalara görə, bir avtomobilə maksimum 100 litr benzin və ya 200 litr dizel yanacağı satıla bilər.
“Politfm”



