Krımın Saki şəhərindəki yanacaqdoldurma məntəqəsində yanacaq üçün növbə, 1 iyun 2026 (Foto: Aleksey Pavlişak/”Reuters”)


 

İyunun ortalarına olan vəziyyətə görə, Rusiyanın əksər regionlarında yanacaqla bağlı problemlər yaranıb. Ölkənin 53 regionunda, eləcə də Moskvanın ilhaq etdiyi Ukrayna ərazilərində fiziki şəxslərə yanacaq satışına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bu barədə “The Bell” nəşri məlumat verib.

May ayında Rusiyada neft hasilatı son bir ilin ən aşağı səviyyəsinə enib. Buna səbəb Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına və neft bazalarına hücumlarının intensivləşməsi olub.

“Reuters” agentliyinin məlumatına görə, mayın sonunda endirilən zərbələr nəticəsində ölkənin mərkəzi hissəsində yerləşən iri neft sənayesi obyektlərinin, demək olar ki, hamısı fəaliyyətini məhdudlaşdırmağa və ya müvəqqəti dayandırmağa məcbur olub.

Tədarükdəki fasilələrə görə Omsk, İrkutsk, Voronej, Saratov, Vladimir vilayətlərində və ilhaq edilmiş Krımda yanacaq satışına limitlər tətbiq olunur.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko sosial şəbəkədə bildirib ki, bundan sonra kanistrlərə doldurmaq üçün yanacaq satılmayacaq. Birdəfəyə n maksimum 40 litr benzin və ya 80 litr dizel yanacağı almaq mümkün olacaq.
Xotsenkonun “magistral yanacaqdoldurma məntəqələri” adlandırdığı stansiyalarda isə birdəfəyə 200 litrə qədər dizel yanacağı doldurmağa icazə veriləcək.

Rusiyanın müxtəlif regionlarında benzinin satışına məhdudiyyət qoyan digər rəsmilər kimi, o da bu qərarı Ukraynanın neft infrastrukturuna zərbələriylə yox, “ajiotaj tələbat”la izah edib. Xotsenko bu ajiotajın səbəbi barədə heç nə deməyib. Qubernatorun sözlərinə görə, 40 litrlik limit “yanacaqdoldurma məntəqələrində süni ajiotajın və möhtəkirliyin qarşısını almaq məqsədilə” tətbiq olunub.

Ondan əvvəl Saratov vilayətinin rəsmiləri də benzin satışına limit tətbiq edilməsini eyni arqumentlə əsaslandırmışdılar.
Həm Omskda, həm də Saratovda neft emalı zavodları fəaliyyət göstərir. Ukrayna dronları Saratovdakı zavodu dəfələrlə vurublar. Omsk zavodu isə hələlik hücuma məruz qalmayıb. Çünki bu müəssisə Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 2,5 min kilometr uzaqlıqda yerləşir.

İyunun ilk yarısında Omsk vilayətində yalnız bir dəfə “PUA təhlükəsi” rejimi elan edilib. Bu isə Ukrayna dronlarının hava məkanında görünə biləcəyilə bağlı xəbərdarlıq deməkdir.

“İyunun 23-dən Penza vilayətində avtomobil yanacağının satışına müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Bu addım daxili yanacaq-enerji bazarında sabitliyin qorunması üçün atılır” – vilayətin qubernatoru Oleq Melniçenko “Telegram” kanalında belə yazıb.

Benzin satışına limitlərin Novosibirsk vilayətində də tətbiq olunacağı gözlənilir.
Vilayətin qubernatoru Andrey Travnikov deyib ki, “Qonşu regionların bəzilərində yanacağın satışına məhdudiyyət qoyulduğunu nəzərə alsaq, spekulyativ tələbatın qarşısını almaq üçün bizim də belə bir qərar qəbul etməyimiz qaçılmaz görünür”.

Bir gün əvvəl məlum olmuşdu ki, “Lukoyl” şirkəti Voronej vilayətində yanacaq satışını məhdudlaşdırıb. İyunun 23-dən etibarən birdəfəyə maksimum 30 litr benzin və ya 60 litr dizel yanacağı almaq mümkün olacaq. Magistral məntəqələrdə isə 200 litrə qədər dizel satılır.

Oryol vilayətinin rəhbəri Andrey Klıçkov yaranmış situasiyanı belə şərh edib:
“Bu vəziyyət COVID-19 pandemiyası zamanı qarabaşaq yarması və tualet kağızıyla bağlı yaşananları xatırladır. Moskvada bəzi yanacaqdoldurma məntəqələrində benzinin litri 100 rubla qədər qalxmışdı və bu, ajiotaja, kütləvi alışlara səbəb oldu. Bu, Moskva neft emalı zavodlarına zərbələr endirilməsi nəticəsində yaranıb. Nəticədə yanacağa tələbat gündəlik tədarük həcmini üstələyib”.

Müəyyən məhdudiyyətlər Tver və Kirov vilayətlərində də qüvvəyə minib. “Tatneft” şirkəti Kazandakı neft emalı zavoduna hücumdan sonra Moskva və Sankt-Peterburq da daxil olmaqla, bir neçə şəhərdə satışa məhdudiyyətlər tətbiq etmişdi.

Rusiyanın ilhaq etdiyi Krımda isə bazar günü səhər dron hücumlarından sonra fiziki şəxslərə benzin satışı tamamilə dayandırılıb.

“Politfm”