Foto: “Yabloko”nun Mətbuat xidməti

 

 

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müxalif “Yabloko” partiyasının Duma seçkilərə buraxılması barədə qərar qəbul edib.

Bu barədə BBC məlumat yayıb.

Partiyanın seçki siyahısına rəhbərlik edən Yaroslav Şerbakov deyib ki, “Bu, vətəndaşlarımız üçün alternativi seçmək, sülhə səs vermək imkanıdır. İllüziyalarımız yoxdur, amma ümidimiz var”.

MSK sədri Ella Pamfilova antimüharibə mövqeli partiyanın seçkilərə buraxılmasını belə izah edib: “Fərqli qütblər var”.

Dövlət Dumasına seçkilər ərəfəsində Rusiya hakimiyyəti ölkənin ən qədim liberal partiyası olan “Yabloko”ya qarşı indiyədək görünməmiş təzyiqlər həyata keçirib. Onlarla partiya üzvü, o cümlədən təşkilatın sədri Nikolay Rıbakov “ekstremist simvolların yayılması” üzrə işlərə və ya “xarici agent” statusuna görə namizəd olmaq hüququndan məhrum edilib.

Partiya sədrinin müavini, Rusiyada müharibəyə qarşı ən tanınmış siyasətçilərdən biri olan Lev Şlosberq (o da “xarici agentlər” reyestrinə daxil edilib) isə “ordu haqqında saxta məlumat yaymaq” ittihamı ilə dekabr ayından istintaq təcridxanasında saxlanılır.

Buna görə də “Yabloko” Dövlət Dumasına seçkilərlə bağlı ümumfederal siyahısına mərkəzi aparatdan və regionlardan az tanınan yeddi partiya üzvünü əlavə etməli olub.
Hətta bu tərkiblə belə, MSK-nın partiya siyahısını qeydiyyata alacağına şübhələr qalırdı. Çünki Ukraynada genişmiqyaslı müharibənin başladığı son dörd il ərzində partiya nə qubernator, nə də regional parlament seçkilərində iştirak edə bilmişdi.

Dövlət Dumasına sentyabrda keçiriləcək seçkilər partiyanın rəsmi qeydiyyatını qorumaq üçün faktiki olaraq son şansı idi. Qanunvericiliyə əsasən, əgər siyasi partiya yeddi il ərzində seçkilərdə iştirak etməzsə, fəaliyyətinə son verilə bilər. “Yabloko”nun bələdiyyə seçkilərindəki iştirakı bunun qarşısını almağa kifayət etməyə bilər.

Kreml seçki kampaniyasına hakimiyyətin reytinqinin düşməsi və cəmiyyətdə narahatlığın artması fonunda başlayıb. Buna qiymət artımı, internetdə tətbiq olunan məhdudiyyətlər, eləcə də Ukrayna dronlarının cəbhə xəttindən uzaqda yerləşən şəhərlərə hücumları təsir göstərib.

Hakimiyyətə yaxın olan İctimai Rəy Fondunun (FOM) məlumatına görə, iyul ayında Vahid Rusiya Partiyasına dəstək 33% təşkil edib. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri qeydə alınan ən aşağı göstəricidir.

Kremlin razılığı ilə yaradılmış Yeni İnsanlar Partiyasının reytinqi isə 7%-ə yüksəlib. Bununla da Ədalətli Rusiya Partiyasından önə keçən partiya müharibəni tənqid etməsə də, internet məhdudiyyətlərinə qarşı ehtiyatlı çıxışları belə onun populyarlığının artmasına səbəb olub.

FOM-un açıq sorğularında “Yabloko” və digər parlamentdənkənar partiyalar yer almır. Amma jurnalist Farida Rustamovanın yazdığına görə, partiya özü seçici dəstəyini 5 faizlik keçid həddinə yaxın qiymətləndirir. FOM-un iyul ayında keçirdiyi qapalı sorğunun nəticələrinə görəsə partiyanın ölkə üzrə reytinqi 5,5%, Moskva və Sankt-Peterburqda isə 11% olub.

“Onlar, çox güman, qeyri-rəsmi razılaşmaya əsasən qeydiyyatdan keçiblər – internet istisna olmaqla, real seçki kampaniyası aparmamaq şərtilə. İnternetdə isə onlar “Yeni insanlar”ın səslərinə ortaq ola bilərlər” – siyasi şərhçi Aleksandr Kınev BBC-yə belə deyib.

Onun sözlərinə görə, “”Yeni İnsanlar”ın gözlənilmədən güclənməsi situativ olaraq “Yabloko”ya seçki bülleteninə düşmək imkanı yaradıb”.

“Politfm”