Foto: “Getty İmages”
Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı iki klaster üzrə danışıqlarının bşlamasını bloklayıb.
“Financial Times” (FT) qəzeti məlumatlı mənbələrə istinadən belə yazıb.
Bildirilir ki, texniki məsələlərlə bağlı məsləhətləşmələr zamanı Budapeşt vahid bazara inteqrasiyanı, eləcə də iqtisadi və sosial siyasətin genişləndirilməsini əhatə edən ikinci və üçüncü klasterlər üzrə danışıqların açılmasını ləngidib. Aİ rəsmiləri hesab edirlər ki, Macarıstanın dəstəyini qazanmaq üçün “siyasi təzyiq” lazım olacaq.
Budapeşt Ukraynanın Aİ-yə sürətlə qəbul edilməsinin də əleyhinədir. Adı açıqlanmayan macar rəsmisi bildirib ki, Kiyev uzun illərdir Aİ tələblərinə uyğunlaşmağa çalışan Qərbi Balkan ölkələrindən “daha əlverişli münasibət” görməməlidir.
Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesi altı klasterdə birləşdirilmiş 33 fəsildən ibarətdir. Danışıqların başlaması üzvlüklə bağlı konkret müddət müəyyən etmir və Aİ-yə qəbul olunmağa zəmanət vermir.
Məsələn, gələn il Aİ-yə qoşula biləcəyi ehtimal olunan Monteneqro artıq 14 ildir üzvlüklə bağlı danışıqları aparır. Faktiki olaraq Aİ-yə qoşulmaq perspektivi olmayan Türkiyə isə namizəd statusunu qoruyur və təxminən 21 ildir üzvlüklə bağlı danışıqları davam etdirir.
“Politfm”



