Foto: “Reuters”
ABŞ Dövlət katibi Marko Rubio bazar günü bildirib ki, İran davam edən Yaxın Şərq münaqişəsində Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edir. O əlavə edib ki, qlobal gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün digər ölkələr də üzərlərinə düşən məsuliyyəti bölüşməlidirlər.
Rubio Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Filippinə yola düşməzdən əvvəl jurnalistlərə deyib:
“Aydındır ki, İran, yaxud ən azı İrandakı bəzi dairələr, boğaza nəzarət etmək və bundan dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Birləşmiş Ştatlar qlobal gəmiçiliyi qorumaq üçün lazım olan hər şeyi edir və etməyə davam edəcək. Lakin digər ölkələr də bu yükü bölüşmək üçün istər hərbi imkanlar, istərsə də maliyyə baxımından daha fəal dəstək verməlidirlər” (“tbsnews.net”).
Rubiodan gərginləşən münaqişənin diplomatik yolla həllinin hələ də mümkün olub-olmadığı soruşulduqda o, belə cavab verib:
“Düşünürəm ki, biz diplomatiyaya hər zaman açığıq. Amma bu, real olmalıdır. Bu, onların əməl etməyə hazır olduqları bir razılaşma olmalıdır”.
Müharibədən əvvəl qlobal neft və qaz tədarükünün təxminən beşdə birinin daşındığı strateji beynəlxalq su yolu olan Hörmüz boğazında İranın gəmilərə hücum etdiyi iddialarından sonra Tehran və Vaşinqton arasında qüvvədə olan kövrək atəşkəs pozulub.
“Əgər onlar şərtləri pozurlarsa, həmin razılaşma artıq qüvvədə hesab oluna bilməz. Deyə biləcəyim odur ki, Birləşmiş Ştatlar diplomatik həll yoluna hər zaman açıqdır. Biz İranla dəfələrlə razılıq əldə etməyə çalışmışıq və bu cəhdləri davam etdirəcəyik” – Rubio belə deyib.
“Politfm”



