Videomateraildan götürülmüş bu kadrda İrana endirilən zərbələr zamanı naməlum ərazidə baş vermiş partlayışdan qalxan tüstü görünür, 19 iyul 2026 (foto: “Reuters”)

 

 

ABŞ qüvvələri ardıcıl doqquzuncu gündür İrana zərbələr endirir. İran iki neft tankerinin partladığını bildirdikdən sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqlar kəskin şəkildə artıb.

 

ABŞ-dən “yeni zərbələr dalğası”

ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazındakı həyati əhəmiyyət daşıyan gəmiçilik marşrutlarında mülki gəmilərə hücum imkanlarını “zəiflətməyə” yönəlmiş “yeni zərbələr dalğasına” başladığını bildirib. Bəyanatda əməliyyatla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Bu zərbələr bir ay əvvəl imzalanmış müvəqqəti atəşkəs sazişinin pozulmasından sonra ABŞ və İran arasında getdikcə kəskinləşən hücumlar silsiləsinin tərkib hissəsidir. Münaqişə Hörmüz boğazına nəzarət uğrunda mübarizəni daha da dərinləşdirib, enerji təchizatında fasilələr yaradıb və qlobal inflyasiya ilə bağlı narahatlıqları artırıb.

İran şəhərlərində partlayışlar

İranın yarımrəsmi “Tasnim” xəbər agentliyi müxbirlərinə istinadən xəbər verib ki, bazar ertəsi səhər saatlarında ABŞ raketləri ölkənin bir neçə şəhərinə zərbə endirib. Agentliyin məlumatına görə, Təbriz, Çabahar, Kənarak, Bəndər Mahşəhr və Bəndər İmam Xomeyni şəhərlərində partlayış səsləri eşidilib.

Vaşinqtonun mövqeyi: “Hörmüz beynəlxalq su dəhlizidir”

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İran qlobal ticarət gəmiçiliyinə hücumlarını davam etdirdiyi müddətdə Vaşinqton ona qarşı zərbələri dayandırmayacaq.

“Hörmüz boğazı beynəlxalq su dəhlizidir və onlar bu beynəlxalq su dəhlizindəki gəmilərə hücum etməyə davam edirlər. İran beynəlxalq su dəhlizinə nəzarət etməkdə israr etdiyi müddətdə, biz buna cavab verməli olacağıq. Birləşmiş Ştatlar diplomatik həll yolu üçün həmişə açıqdır” – Rubio belə deyib.

İran ABŞ bazalarına hücum edildiyini, neft tankerlərinin zədələndiyini bildirir
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın Əl-Tənf bölgəsində düşmənin xüsusi əməliyyat qərargahına gözlənilməz zərbə endirildiyini açıqlayıb.

SEPAH həmçinin İordaniyanın Əqəbə hava limanında yerləşən ABŞ təyyarələrinin ballistik raketlərlə hədəfə alındığını bildirib. İran dövlət televiziyasının bazar günü yaydığı məlumata görə, bundan əvvəl Küveytdəki Əl-Adiri düşərgəsində və Əli Əl-Salem Hərbi Hava Bazasında yerləşən ABŞ hərbi obyektləri və texnikasına da pilotsuz uçuş aparatları ilə hücum edilib.

Küveyt hökuməti dəniz suyunun şirinləşdirilməsi qurğusunun ardıcıl ikinci gündür hücuma məruz qaldığını və ərazidə yanğın baş verdiyini bildirib. Rəsmi açıqlamada hadisə mühüm mülki infrastruktura birbaşa zərbə kimi qiymətləndirilib.

ABŞ və İran atəşkəs sazişini dəfələrlə pozmaqda bir-birini ittiham edir. Hörmüz boğazı vasitəsilə enerji təchizatının davamlılığı ilə bağlı narahatlıqlar isə qalmaqdadır.

Hörmüz boğazında gəmiçilik böhranı

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) bazar günü gecə Oman sahilləri yaxınlığında bir gəmidə yanğın baş verməsi barədə məlumat aldığını, lakin hadisənin səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb.

SÜPAH bu gün bildirib ki, iki neft tankeri Hörmüz boğazından təhlükəsiz hesab edilməyən cənub marşrutu ilə keçməyə cəhd etdikdən sonra partlayıb və hərəkətsiz qalıb. Bəyanatda iddia olunur ki, ABŞ hərbçiləri gəmiləri məhz bu marşrutdan istifadə etməyə təşviq ediblər. “Reuters” bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazıb.

SEPAH-ın bəyanatında gəmilərin adları, bayraqları, heyət üzvləri və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.

Qurum xəbərdarlıq edib ki, ABŞ-ın regiondakı “təcavüzü” davam etdiyi müddətdə su dəhlizi təhlükəsiz olmayacaq və “bu keçid neft-kimya məhsullarının, hətta bir damla neft və qazın tranziti üçün belə təhlükəsiz olmayacaq”.

LSEG-in məlumatına görə, bazar günü Hörmüz boğazından dörd gəmi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan səkkiz gəmi ilə müqayisədə xeyli azdır. Məlumatlara əsasən, cümə günündən bəri neft yükləmək məqsədilə boğaza ən azı üç neft məhsulları tankeri və bir neçə çox böyük xam neft daşıyıcısı (VLCC) daxil olub.
Bazar ertəsi neftin qiyməti 2% artaraq bir barel üçün 90 dolları ötüb.

ABŞ ordusundakı itkilər

ABŞ ordusu bazar günü bildirib ki, şənbə günü İraqın şimalında yerləşən hərbi bazalardan birində vurulan İran pilotsuz uçuş aparatının partlamamış sursatı nəzarətli şəkildə zərərsizləşdirilərkən bir hərbçi həlak olub.

ABŞ ordusu daha əvvəl İordaniyada iki hərbi qulluqçunun öldüyünü, üçüncü hərbçinin isə itkin düşdüyünü açıqlamışdı. Mərkəzi Komandanlıq bazar günü cümə günkü hücumun baş verdiyi ərazidə şəxsiyyəti hələ müəyyən edilməmiş insan qalıqlarının tapıldığını və onların identifikasiyası üzrə işlərin davam etdiyini bildirib.
Son açıqlanan itkilərlə birlikdə müharibə başlayandan bəri həlak olan ABŞ hərbi qulluqçularının sayı 17-yə çatıb. Yaralananların sayı isə 420-ni ötüb.

ABŞ və İsrailin fevralın 28-də Tehranın nüvə və raket proqramlarını sıradan çıxarmaq, həmçinin onun regiondakı müttəfiq silahlı qruplaşmalarını zəiflətmək məqsədilə İrana hücum etməsindən sonra başlayan münaqişə minlərlə insanın həyatına son qoyub. Ölənlərin əksəriyyəti İran və Livanda qeydə alınıb.

“Politfm”