
Foto: internet
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. 1 mart 2026-cı il tarixinə onların toplam məbləği 562 milyon manat olub. Bu, ötən ilin eyni dövrüylə (480.1 milyon manat) müqayisədə 17.06% və ya təxminən 82 milyon manat artım deməkdir.
Təkcə fevral ayı ərzində vaxtı keçmiş kreditlərin məbləği yanvar ayı ilə müqayisədə 0.8% artıb.
Manatla verilən yeni kreditlərin orta faiz dərəcəsi 19%-ə qədər yüksəlib. Bu, borcların qaytarılmasında çətinlik yaradır. Əhalinin gündəlik xərclər və nəğd ehtiyaclar üçün götürdüyü kiçik həcmli kredirlərin payı yüksək olaraq qalır.
Kimlər daha çox kredit götürür?
Azərbaycanın rəsmi statistikasında (Mərkəzi Bank və Dövlət Statistika Komitəsi) borclanma və problemli kreditlər əhali qrupları (məsələn, gəlir səviyyəsi, yaş qrupları, peşə sahələri və ya sosial təbəqələr) üzrə – təsnifləndirilmiş şəkildə açıqlanmır.
Bu sahədəki statistik boşluğun əsas məqamları bunlardır:
• rəsmi məlumatlar kreditləri, adətən, yalnız sahələr (kənd təsərrüfatı, sənaye, ticarət və s.) və ya kredit növü (istehlak, ipoteka, biznes) üzrə qruplaşdırır. Əhalinin sosial-demoqrafik göstəriciləriylə borclanma səviyyəsi arasındakı əlaqəni göstərən rəsmi matris yoxdur.
• gəlir dekilləri üzrə bölüm mövcud deyil. Beynəlxalq hesabatlarda (məsələn, BTI Transformation Index 2026) qeyd olunur ki, Azərbaycanda ümumi gəlirlərin əhalinin 10%-lik (desil) və ya 20%-lik (kvintil) qrupları üzrə paylanması, həmçinin bu qrupların borc yükü barədə məlumatlar qapalı saxlanır.
• banklar öz daxili skorinq sistemlərində müştəriləri yaş, cins və gəlir qruplarına görə təsnifləndirirlər (risk analizi üçün), lakin bu məlumatlar kommersiya sirri hesab olunur və aqreqasiyalı formada konsolidə edilmiş statistikaya daxil edilmir.
• regional statistika açıqlanmır. Regional təsnifat qismən mövcuddur, borclanmanın böyük hissəsinin (təxminən 75-80%-nin) Bakı şəhərinin payına düşdüyü bilinir, lakin bu, əhali qrupu deyil, coğrafi bölgüdür.
Nəticə etibarilə hansı sosial təbəqənin daha çox borclu olduğunu və ya problemli kreditlərin daha çox hansı gəlir qrupuna aid şəxslərdə cəmləşdiyini müəyyən etmək üçün rəsmi dövlət statistikası yoxdur. Bu məlumatların açıqlanmaması müstəqil ekspertlərin əhalinin real sosial-iqtisadi vəziyyətini və “borc bataqlığı” riskini dəqiq ölçməsini çətinləşdirir.
Problemli kreditlərin banklar üzrə bölgüsü
Problemli kreditlər banklar arasında qeyri-bərabər paylanıb. 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, vaxtı keçmiş kreditlərin ən yüksək olduğu banklar aşağıdakılardır:
1. Azərbaycan Beynəlxalq Bankı – 297.8 milyon manat;
2. “Kapital Bank” – 158.2 milyon manat;
3. “Paşa Bank” – 84.8 milyon manat;
4. “Acsess Bank” – 73.2 milyon manat;
5. “Ziraat Bank” (Azəbaycan) – 63.6 milyon manat.
Problemli kreditlər niyə artır?
Ekspertlər problemli kreditlərin həcminin hər il artmasını bir neçə amillə əlaqləndirirlər.
Kredit faizlərinin yüksəlməsi
Son illərdə (xüsusilə 2024-2025-ci illərdə) kreditlər üzrə faiz dərəcələrində nəzərəçarpan artım baş verib. Faizlərin 25-30% civarında yüksəlməsi borcalanların (həm əhalinin, həm də biznesin) maliyyə yükünü artırıb. Gəlirlər eyni tempdə artmadıqda, aylıq ödənişləri yerinə yetirmək çətinləşir.
Həddindən artıq borclanma
İstehlak kreditləri portfelinin sürətlə böyüməsi əsas risk faktorlarından biridir. Hazırda 3 milyondan çox vətəndaşın aktiv istehlak krediti var. Bəzi borcalanlar bir neçə bankdan eyni vaxtda kredit götürür, bu da onların gəlir-xərc balansını pozur.
Real gəlirlərin ləng artımı
İnflyasiya və gündəlik tələbat mallarının bahalaşması fonunda əhalinin real gəlirlərinin artımı kredit öhdəliklərinin artım sürətindən geri qalır. Bu, xüsusilə aşağı və orta gəlirli təbəqənin ödəniş qabiliyyətinə birbaşa mənfi təsir göstərir.
Qiymətləndirmə problemləri
Banklar bəzən bazar payını itirməmək üçün kredit ayırarkən müştərinin ödəniş qabiliyyətini kifayət qədər dərindən analiz etmir.
Biznes kreditlərində artım
Biznes kreditləri seqmentində də problemli borcların həcmi artıb (təxminən 429 milyon manat civarında). Bu, bəzi sahələrdə iqtisadi aktivliyin zəifləməsi və ya investisiya layihələrinin özünü doğrultmaması ilə əlaqələndirilir.
Vətəndaş bankla məhkəmə arasında
Azərbaycanda məhkəmə işlərinin strukturunda problemli kreditlərlə bağlı iddialar kifayət qədər böyük paya malikdir. Ekspertlər və hüquqşünaslar qeyd edirlər ki, ölkədə ümumi məhkəmə işlərinin ən azı 60%-i (hər 10 işdən 6-sı) birbaşa və ya dolayısıyla problemli kreditlərə aiddir.
Ali Məhkəmənin 2025-ci il hesabatına əsasən, Kommersiya Kollegiyasında baxılan müqavilə mübahisələrinin (ümumi işlərin 68%-ni təşkil edir) daxilində ən çox artım məhz kredit müqavilələri üzrə qeydə alınıb.
İcra məmurlarının təqdimatlarının əksəriyyəti borcunu ödəyə bilməyən şəxslərin inzibati qaydada həbsi və ya ölkədən çıxışına qadağa qoyulması ilə bağlı müraciətlərdir.
Borclunun ödəniş qabiliyyəti olmadıqda, banklar birbaşa zaminlərə qarşı iddialar qaldırır.
Məhkəmə müraciətlərinin bir hissəsi də vətəndaşların bankın hesabladığı əlavə faiz və dəbbə pullarıyla bağlı şikayətlərindən ibarətdir.
Hazırda ölkədə onminlərlə vətəndaşın bank borcuna görə məhkəmə və icra prosesində olduğu təxmin edilir. Əmlakın həbs olunmasına dair qərarların sayı yalnız Ədliyyə Nazirliyinin daxili hesabatlarında mövcuddur.
Beynəlxalq öhdəliklərdən yan keçmək metodu
Azərbaycanın qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına görə, heç kəs yalnız müqavilə öhdəliyini (məsələn, kredit borcunu) yerinə yetirə bilmədiyi üçün azadlıqdan məhrum edilə bilməz.
Əgər şəxsin həqiqətən ödəmə qabiliyyəti yoxdursa (işsizdirsə, əmlakı yoxdursa), onun həbs olunması qanunsuz sayılır. Həbs yalnız “imkanı olub ödəməyənlərə” qarşı bir təzyiq vasitəsi kimi tətbiq edilməlidir.
Rəsmi rəqəmlər “bank borcuna görə həbslər” başlığı altında paylaşılmır, çünki bu, beynəlxalq hüquqa ziddir. Lakin “icra məmurunun tələblərini yerinə yetirməmə” adı altında hər il yüzlərlə borclu inzibati həbsə məruz qalır.
Dünyada banklar bu problemlə necə mübarizə aparır?
Bir çox ölkədə banklar problemli kreditləri həll etmək üçün həm daxili idarəetmə, həm də bazar mexanizmlərinə əsaslanan müxtəlif strategiyalardan istifadə edirlər. Bu proses yalnız pulu geri almaq deyil, həm də bankın maliyyə sağlamlığını və reytinqini qorumaq məqsədi güdür.
– Bank borclunun maliyyə vəziyyətini analiz edərək, onun ödəniş qabiliyyətini bərpa etməyə çalışır.
– Kredit müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması və ya müəyyən güzəşt müddətinin verilməsi prosesi aparılır.
– Borcun kapitala çevrilməsi həyata keçirilir. Bu, xüsusilə böyük korporativ müştərilərə tətbiq edilir. Bank borcun əvəzində şirkətin səhmlərini əldə edərək onun idarəçiliyinə daxil olur.
– Bank daxilində yalnız problemli kreditlərlə məşğul olan, peşəkar hüquqşünas və maliyyəçilərdən ibarət xüsusi departamentlər yaradılır.
– Avropa və ABŞ-də banklar çox vaxt problemli portfeli toplu şəkildə ixtisaslaşmış investisiya fondlarına və ya kollektor şirkətlərinə satırlar. Məsələn, 100 milyonluq borc portfeli 20-30 milyona satılır. Beləliklə, Bank dərhal nağd vəsait əldə edir və həmin borcların idarə edilməsi yükündən azad olur.
– Banklar problem yaranmazdan əvvəl prosesə müdaxilə edirlər. Süni intellekt və “big data” vasitəsilə müştərinin davranışları analiz edilir və kredit hələ “problemli” statusu almadan müştəriyə dəstək paketləri təklif olunur.
Azərbaycanın bank sektounun çatışmazlıqları
Həm ekspertlər, həm də beynəlxalq reytinq agentlikləri qeyd edirlər ki, Azərbycanın bank sistemində bir sıra çatışmazlıqlar var.
Azərbaycanda bank sektorunun ən çox tənqid olunan tərəfi kredit faizlərinin yüksək olmasıdır.
– Bankların depozitlər üçün verdiyi faizlə kreditlər üçün istədiyi faiz arasındakı fərq (marja) inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər böyükdür (təxminən 6% və daha çox).
– Banklar ucuz və uzunmüddətli resurslara (məsələn, pensiya fondları və ya investisiya fondlarından gələn vəsaitlər) çıxış tapmaqda çətinlik çəkirlər, bu da daxili bazarda kreditlərin bahalaşmasına səbəb olur.
– Banklar daha çox riskin az, gəlirin isə sürətli olduğu istehlak kreditlərinə (məişət texnikası, şəxsi ehtiyaclar və s.) daha çox üstünlük verirlər. İstehsal və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar üçün girov tələblərinin ağırlığı və faizlərin yüksək olması bank kreditlərini əlçatmaz edir.
– Banklar əsasən Bakı şəhərindəki daşınmaz əmlakı girov kimi qəbul etməyə meyllidirlər, bu da rayonlardakı sahibkarlar üçün ciddi maneədir.
– Bank sektorunda aktivlərin böyük hissəsi bir neçə böyük bankın əlində cəmləşib.
Bazarda bir neçə bankın dominantlıq etməsi rəqabəti zəiflədir və xidmət keyfiyyətinin artmasına mane olur. Kiçik banklar isə rəqabətə dözməyərək ya bağlanır, ya da birləşmək məcburiyyətində qalırlar.
– Beynəlxalq reytinq agentliklərinin (məsələn, “Fitch” və S&P) qeyd etdiyi digər mühüm məqamlardan biri də budur ki, bir çox bankın kredit portfeli bir neçə iri müştəridən və ya konkret bir sektordan asılıdır. Həmin müştərilərin ödəmə qabiliyyəti pisləşdikdə, bu, birbaşa bankın sabitliyinə təsir edir.
– Bəzi banklarda hələ də qərar qəbulu prosesi və risklərin idarə edilməsi beynəlxalq standartlara tam cavab vermir.
– Bakıdan kənarda bank xidmətlərinin keyfiyyəti və əlçatanlığı hələ də aşağıdır.
Paytaxtda rəqəmsal ödənişlər sürətlə artsa da, regionlarda hələ də nağd puldan asılılıq yüksəkdir.
– Əvvəlki illərdə bağlanan bankların təcrübəsi bəzi vətəndaşlar arasında hələ də bank sisteminə qarşı müəyyən ehtiyatlılıq yaradır.
– Hər nə qədər azalma müşahidə olunsa da, depozitlərin və xüsusilə biznes kreditlərinin bir hissəsinin hələ də xarici valyutada olması məzənnə dəyişikliyi zamanı həm bank, həm də müştəri üçün risk yaradır.
Kredit faizlərini tənzimləmə rıçaqları
Azərbaycan qanunvericiliyinə və bazar iqtisadiyyatı prinsiplərinə görə, hökumət bankların təyin etdiyi kredit faizlərinə birbaşa inzibati müdaxilə edə bilməz. Yəni, Nazirlər Kabineti və ya hər hansı dövlət qurumu banklara “faiz dərəcəsini 10%-dən yuxarı qaldırmayın” deyə rəsmi əmr vermək səlahiyyətinə malik deyil. Lakin hökumət və Mərkəzi Bankın əlində faizləri dolayısı ilə aşağı salmaq üçün kifayət qədər güclü tənzimləmə rıçaqları mövcuddur.
Bu təşəbbüslər əsasən aşağıdakı istiqamətlərdə ola bilər:
Birincisi, Mərkəzi Bankın uçot dərəcəsi vasitəsilə tənzimləmədir. Əgər Mərkəzi Bank uçot dərəcəsini aşağı salarsa, bu, kommersiya banklarının mərkəzi bankdan aldığı vəsaitin ucuzlaşması deməkdir. Nəticədə bankların resurs xərcləri azaldığı üçün onlar müştərilərə daha aşağı faizli kreditlər təklif etmək imkanı qazanırlar. Bu, ən klassik və bazar iqtisadiyyatına uyğun iqtisadi rıçaqdır.
İkincisi, güzəştli kreditləşmə proqramlarıdır. Hökumət büdcə vəsaitləri hesabına Sahibkarlığın İnkişafı Fondu və ya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə strateji sahələrə (məsələn, kənd təsərrüfatı, sənaye, kiçik biznes) çox aşağı faizlə (adətən 5-7% arası) kreditlərin verilməsini təmin edir. Bu, bazar faizlərini birbaşa dəyişməsə də, iqtisadiyyatın müəyyən sektorları üçün alternativ və ucuz maliyyə qaynağı yaradır.
Üçüncüsü, rezerv normalarının və risk çəkilərinin tənzimlənməsidir. Mərkəzi Bank banklardan tələb olunan məcburi ehtiyat normalarını aşağı sala və ya aşağı faizlə verilən kreditlər üçün risk çəkilərini azalda bilər. Bu, bankların sərbəst vəsaitlərinin həcmini artırır və onları daha rəqabətli, yəni daha aşağı faizli kreditlər verməyə təşviq edir.
Dördüncüsü isə inzibati məhdudiyyətlərin (tavan faizləri) tətbiqidir. Bəzi ölkələrdə “sələmçilik əleyhinə qanunlar” çərçivəsində kredit faizlərinə yuxarı hədd (tavan) qoyulur. Azərbaycanda da Mərkəzi Bank istehlak kreditləri üzrə xərclərin yuxarı həddini (faktiki illik faiz dərəcəsi) tənzimləmək səlahiyyətinə malikdir. Bu, faizlərin həddindən artıq, məntiqsiz dərəcədə yüksəlməsinin qarşısını alan bir növ qoruyucu mexanizmdir.
Hökumət bankın daxili qərarına əmr verə bilməsə də, iqtisadi mühiti elə tənzimləyə bilər ki, banklar rəqabət şəraitində faizləri endirməyə məcbur olsunlar. Hazırkı şəraitdə ən böyük təşəbbüs məhz rəqabətin artırılması və bankların xaricdən daha ucuz vəsait cəlb etməsinə şərait yaradılması ola bilər.
Azərbaycan banklarının əsas funksiyası
Əslində, Azərbaycanda banklardan tabeliyində olduqları holdinqlərin layihələrini ucuz maliyyələşdirmək və rəqiblərin bazara girişini əngəlləmək üçün istifadə olunur. Əgər bir holdinq həm gömrüyə, həm bazara, həm də həmin bazarı maliyyələşdirən banka nəzarət edirsə, burada hər hansı rəqabətdən və faiz endirimindən söhbət gedə bilməz.
Mərkəzi Bank (MB) müstəqil tənzimləyici deyil. MB-nin qərarları hakimiyyətin iqtisadi maraqlarının makroiqtisadi sabitliyini qorumağa xidmət edir.
MB uçot dərəcəsini endirəndə bunu “iqtisadiyyata dəstək” kimi təqdim edir, amma bilir ki, endirim istehlakçıya çatmayacaq. Bu, sadəcə iri bankların MB-dən daha ucuz resurs alıb onu vətəndaşa yenə 20-25%-lə sataraq “aralıq mənfəətini” artırmasına xidmət edir. MB faktiki olaraq bu prosesin qanuniləşdirilməsinə nəzarət edən bir “notarius”dur.
Azərbaycan bank sektoruna real xarici investorun (məsələn, Avropa nəhənglərinin) buraxılmaması milli təhlükəsizlik məsələsi kimi şərh edilsə də, əslində məqsəd mənfəət təhlükəsizliyidir.
Əgər bazara illik 3-5%-lə kredit verən Almaniya və ya Fransa bankı gəlsə, yerli “oliqarxik” banklar çox qısa bir müddətə müflis ola bilər. Buna görə də qanunvericilik və lisenziya şərtləri elə qurulub ki, kənar oyunçu bu labirintdə sağ qala bilməsin. ÖQalan bir neçə kiçik və orta bank sadəcə “rəqabət var” görüntüsü yaratmaq üçündür.
Kredit faizləri niyə düşmür?
Banklar faizlərin yüksək olmasını risklə (borcun qaytarılmaması ehtimalıya) izah edirlər. Amma bu, doğru deyil. Əsl səbəb monopoliya mühitində vətəndaşın başqa seçiminin olmamasıdır. Əgər vətəndaş çörəyi yalnız bir mağazadan ala bilirsə, o mağaza qiyməti istədiyi qədər qaldıra bilər.
Azərbaycanda rəsmi inflyasiya 1-2% olduğu halda, kreditin 20% olması dünya iqtisadiyyatında analoqu olmayan bir “soyğunçuluq” dərəcəsidir. Aradakı 18%-lik fərq birbaşa “inhisar rentasıdır”.
Bundan başqa, Azərbaycanda bankların məhkəmə sistemi üzərində mütləq hakimiyyəti var. Vətəndaşın bankla mübahisədə qalib gəlmə şansı sıfıra yaxındır. Bu əminlik bankları daha aqressiv və insafsız faiz siyasəti yürütməyə həvəsləndirir.
Beləliklə, Azərbaycanın bank sektoru iqtisadiyyatın və vətəndaşın gəlirlərini sovuran bir sistem olaraq fəaliyyət göstərir.
“Politfm”


