Ana Səhifə Dünya Kremldən Qafqaza ‘’Soyuq müharibə’’

Kremldən Qafqaza ‘’Soyuq müharibə’’

124

Kremldə Putin və Paşinyan arasında baş vermiş “soyuq müharibə” dialoqundan nələr oxuya bilərik?

Rusiya İmperiyası artıq özünün təsir zonası, hətta forpostu saydığı ölkələrlə vaxtilə ABŞ-la danışdığı kimi danışır. Bu o deməkdir ki, Rusiya artıq Ermənistan siyasətinə effektiv təsir rıçaqlarını itirib. Əgər belə olmasaydı, Putin Paşinyana dediklərini publik deyil, bağlı qapı arxasında deyərdi. Lap əvvəllər isə Putin heç nə deməzdi, “Ruşaylo” gəlib, “seçki”ni keçirib, “qalib”i elan edib, gedərdi. Yəni Rusiya əvvəlki gücünü azı iki dəfə itirib.

Bu cür açıq danışmaq nəyə hesablanıb? Görünür ki, Rusiya onun tərəfindən rəsmən prosesə qoşulmuş Robert Köçəryanın məğlub olacağını dəqiq bilir. Üstəlik, Köçəryana dəstək üçün Ermənistan daxilində mexanizmlər də xeyli zəifləyib. Bu cür açıq bəyanatla Putin bütün qüvvələri açıq səfərbərliyə çağırır, tərəddüddə olan qruplara mesaj verir. Əlbəttə, bu, kənardan Ermənistana meydan oxumaq kimi görünə bilər, amma yuxarıda dediyimiz kimi, mahiyyətcə təsir imkanlarının itməsi deməkdir.

Paşinyanın cavabları gözlənilməz idimi?

Əslində, Putin Paşinyanın belə açıq cavablar verəcəyini gözləmirdi. Onun reaksiyalarından bunu görmək olardı. Paşinyanın yaxasına taxdığı Ermənistan xəritəsi isə Putinə çox ağır zərbə oldu. Bu mesaj təkcə Putinə deyildi, əslində. Paşinyan Avrasiyaçılıq hərəkatı içərisində yer alan, Böyük Ermənistan ideologiyası arxasında gizlənən erməni lobbi və diasporalarına da açıq meydan oxumuş oldu. O, Ermənistanın Rusiyanın nüfuzunun genişlənməsində alət olmayacağını ifadə etmiş oldu.

Putin Azərbaycana da mesaj vermiş oldu:

İlham Əliyevlə düzələn-pozulan münasibətlər ziqzaqında Putinin ardıcıl apardığı bir xətt var. Bu, Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanımasına olan münasibətdir. Putin bu məsələni həzm edə bilmir. Səbəb isə çox sadədir: bu tanıma böyük genişlənmənin qarşısında bir maneədir. Üstəlik, Əliyev–Putin münasibətləri ən yaxşı səviyyədə olanda da Putin bu məsələdə qəti olub.

Deməli,

-Azərbaycana münasibət heç vaxt konstruktiv olmayıb və bu yanaşma nə Elçibəyə, nə də ata-oğul Əliyevlərə bağlı deyil. Rusiya sadəcə olaraq Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə qarşıdır.

-Kremlin bu siyasəti də onun rəhbərlərindən asılı deyil və imperiyanın mövcudluğu bu siyasəti şərtləndirir.

-Azərbaycan digər qonşuları ilə yaxşı münasibətdə olduqca Rusiyanın təsirini neytrallaşdırmış olur və bu da Kremli narahat edir.

Nə etməli?

  • Müstəqil vətəndaş cəmiyyətinin güclənməsi üçün təşəbbüslər dəstəklənməlidir.
  • Siyasi məhbuslar azadlığa buraxılmalıdır.
  • Siyasi mühit (ritorika və münasibətlər) yumşaldılmalıdır.
  • Parlament və bələdiyyə seçkiləri etimadlı mühitdə keçirilərək cəmiyyətin immuniteti yenilənməli və gücləndirilməlidir

Seymur Həzi