Foto: internet
Fransa, Polşa və Litva Suvalki dəhlizi bölgəsində “Gallant Boar 2026” (“Cəsur qaban”) adlı hərbi təlim keçirəcəklər. Strateji əhəmiyyət kəsb edən bu ərazi Polşa və Litva sərhədində, Rusiyanın Kalininqrad vilayətiylə Belarus arasında yerləşir.
Təlimlər iyunun 16-dan 26-dək davam edəcək. Hərbçilər birgə əməliyyatlarda iştirakı məşq edəcək, Suvalki dəhlizinin sürətli və effektiv müdafiəsi üçün qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa çalışacaqlar.
Suvalki dəhlizi NATO üçün ən həssas bölgələrdən biri hesab olunur. Uzunluğu 100 kilometrdən az olan bu dar zolaq Baltik ölkələrini Avropa İttifaqının qalan hissəsiylə birləşdirir, Rusiyanın Kalininqrad vilayətini isə Belarusdan ayırır.
NATO-da ehtiyat edirlər ki, mümkün münaqişə zamanı Rusiya bu ərazi üzərində nəzarəti ələ keçirməyə cəhd göstərə bilər. Bu, Litva, Latviya və Estoniyanın müttəfiqlərlə quru əlaqəsinin kəsilməsinə gətirib çıxarar.
Polşa və Litva mütəmadi olaraq Suvalki dəhlizi yaxınlığında hərbi təlimlər keçirir və bölgədəki hərbi infrastrukturu gücləndirirlər. 2026-cı ilin aprelində Litva parlamenti Suvalki dəhlizinin yaxınlığında yeni hərbi poliqon tikmək planını dəstəkləyib.
Tikintini 2028-ci ildə başa çatdırmaq planlaşdırılır. Obyekt eyni vaxtda 4 minədək hərbçini qəbul edə biləcək.
“Politfm”



