Foto: “Armenpress”



Ermənistan parlamentinin deputatları baş nazir Nikol Paşinyandan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbycan prezidentinin köməkçisi Hikmət Hacıyevi iyunun 14-də Ermənistanda keçirilmiş görüşü barədə məlumat verməsini istəyiblər.

“Jam.news” yazır ki, görüşə marağın səbəbi yalnız Ermənistan ərazisində bu səviyyədə keçirilən ilk belə tədbir olması deyil. Bir çoxları səfərin seçki nəticələrinin elan olunduğu gün baş tutmasına da diqqət çəkiblər. Bu seçkilər Ermənistanın növbəti beş il üçün siyasi kursunun müəyyənləşdirilməsi baxımından kritik əhəmiyyət daşıyırdı. Nəticələrə əsasən, Paşinyanın Vəqəndaş Müqaviləsi Partiyası parlament çoxluğunu qazanıb və hökuməti təkbaşına formalaşdıracaq.

Deputatların suallarını cavablandıran baş nazir bildirib ki, görüş “müharibə təhlükəsinin idarə olunması” məqsədilə təşkil edilib.
Paşinyan uzun müddətdir ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu deyir. Amma son zamanlar qeyd edir ki, seçkiqabağı kampaniya dövründə rüşvət paylayan siyasi qüvvələr müharibə təhlükəsi yaradır. O, “Ermənistan” və “Güclü Ermənistan” bloklarını, eləcə də “Çiçəklənən Ermənistan” partiyasını nəzərdə tutur. Hakim çoxluq bu qüvvələri “üçbaşlı müharibə partiyası” adlandırır. Səbəb kimi isə onların liderlərinin “sülhün yenidən nəzərdən keçirilməsi” tərəfdarı olmaları və bunun yeni eskalasiyaya gətirib çıxara biləcəyi göstərilir.

Baş nazir dünən keçirdiyi ənənəvi həftəlik brifinqdə də Hacıyev-Qriqoryan görüşü barədə suala cavab verib. Bu dəfə o, jurnalistlərə izah edib ki, eskalasiya ehtimalını müxalif siyasətçilərin seçkiqabağı kampaniya boyunca “300 min azərbaycanlının geri qayıdışı” barədə səsləndirdikləri fikirlər yaradıb.

“Bu mövzunu gündəmə gətirənlər regionda vəziyyətin gərginləşməsinə çalışırlar. Məsələ ondadır ki, onlar bunu istəyən qüvvələrin əlində oyuncaqdırlar. Biz isə vəziyyətin qızışmaması üçün çalışdıq və bu baş vermədi” deyə, o vurğulayıb və bəyanını təkrarlayıb: “Müharibə olmayacaq, sülh olacaq”.

Jurnalistlərdən biri onun parlamentdəki açıqlamasına əsasən soruşub ki, “Ermənistanın daxili siyasi həyatının Bakıyla müzakirə edilməsi alçaldıcı deyilmi?” Paşinyan deputatlara demişdi ki, görüş zamanı Qriqoryan Hacıyevə seçkilərin nəticələrini təqdim edib.

O, suala cavabında bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinə azərbaycanlı həmkarıyla əlaqə saxlayıb görüşə ehtiyac olub-olmadığını dəqiqləşdirməsiylə bağlı şəxsən tapşırıq verib.
Baş nazir bu təşəbbüsünü hər iki ölkənin ekspert dairələrinin qiymətləndirmələrində vəziyyətin gərginləşməsinə dair “müəyyən tendensiyaların” müşahidə olunmasıyla izah edib:
“Biz öz vəzifələrimizi yerinə yetirərək vəziyyətin idarə olunmasıyla məşğul oluruq. Heç kimə hesabat verməmişik. Dünyanın bütün ölkələriylə diplomatik işin mahiyyəti tərəflərin öz mövqelərini bir-birinə izah etməsindən ibarətdir”.

Paşinyanın sözlərinə görə, bu mövqelərin üçüncü şəxslər vasitəsilə, mətbuatdan və ya başqa kanallarla deyil, birbaşa iki ölkənin nümayəndələri tərəfindən çatdırılması vacibdir.
O əmin edib ki, Ermənistan öz daxili siyasi məsələlərini heç kimlə müzakirə etmir:
“Digər tərəfdən, seçkilərlə bağlı siyasi nəticələrimizi və seçkidən sonrakı strategiyamızı istisnasız olaraq bütün beynəlxalq tərəfdaşlarımızla bölüşmüşük. Bu, normal praktikadır. Siz soruşursunuz ki, bu alçaldıcı deyilmi? Sizin sözlərinizi başqa cür ifadə etsəm, belə səslənər: “Dövlət olmaq alçaldıcıdırmı?’”

Baş nazir həmçinin qeyd edib ki, bütün dövlətlər qonşularıyla və beynəlxalq tərəfdaşlarla daim əlaqə saxlayır, planlarını və onları narahat edən məsələləri müzakirə edirlər.
Paşinyan əlavə edib ki, Qriqoryan-Hacıyev görüşündə onlarla məsələ, o cümlədən sərhəddə vəziyyətin idarə olunması məsələsi müzakirə edilib.

“Politfm”