Foto: “Shutterstock”
ABŞ-nin iqtisadi təzyiqi nəticəsində yaranan “bəzi çatışmazlıqlar və qiymət artımları” son müharibədən sonra ölkədə yeni iğtişaşlara səbəb ola bilər.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi xəbərdarlıq edib.
Nazirlik mayın 27-də yaydığı bəyanatda iddia edib ki, ABŞ və İsrail artan iqtisadi təzyiqin yaratdığı çatışmazlıqlardan və qiymət artımlarından yararlanmağa çalışırlar. Qurumun açıqlamasında həmçinin qeyd olunur ki, bu iki ölkə “düşmən agentləri” və xaricdəki farsdilli media vasitəsilə sosial narazılığı qızışdırmağa cəhd edirlər (“AzadlıqRadiosu”).
ABŞ-nin dəniz blokadası fonunda İranda yüksək inflyasiya, istehlak qiymətlərində kəskin artım davam edir. Ölkənin neft ixracı ciddi azaldığından hökumətin gəlirlərinin sürətlə azaldığı bildirilir.
Bu ilin yanvar ayında ölkə boyunca keçirilən etiraz aksiyaları amansızlıqla yatırılmışdı. Etirazlar İran bazarlarında, ticarət mərkəzlərində milli pulun sürətlə dəyərsizləşməsindən sonra başlamışdı. Təhlükəsizlik qüvvələri etirazçılara divan tutmuş, minlərlə insan öldürülmüşdü.
Nazirlik xüsusilə İranın şimal-qərb və cənub-şərq bölgələrində mümkün “terror əməliyyatları və sərhəd təxribatları”, eləcə də “sui-qəsd və sabotaj aktları” barədə də xəbərdarlıq edib.
Bəyanatda ABŞ və İsrailin İrana silah, sursat və qeyri-qanuni rabitə avadanlıqları, xüsusilə də “Starlink” cihazları keçirməyə çalışdığı da iddia olunub.
Hakimiyyət 88 günlük blokadadan sonra internetə çıxışı bir neçə gün əvvəl qismən bərpa etməyə başlayıb.
“Politfm”



