Ana Səhifə Dünya İranda rejimi yeniyetməyə ağır işgəncələr verir

İranda rejimi yeniyetməyə ağır işgəncələr verir

İranda hakimiyyət əleyhinə etiraz aksiyaları davam edir. Nümayişləri yatırmaq üçün bütün qüvvəsini səfərbər edən rejim yeniyetmələrə qarşı da repressiya maşınını işə salıb.

Cənubi Azərbaycandakı mənbələrdən yayılan məlumata görə, rejimin qəzəbinə tuş gələn şəxslərdən biri də Təbrizdəki Mirak Gözəl Sənətlər Liseyinin şagirdi, 16 yaşlı Atilla Arfaidir. O bu ilin sentyabrın 21-də Təbrizdə keçirilən etiraz aksiyası zamanı İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi tərəfindən həbs olunub.

Mənbə Atillanın müstəntiqlər, hakimlər, eləcə də İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Birliyinin əməkdaşları tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirilər. O dəfələrlə ən ağır formada döyülüb, burun sümüyü sındırılıb, üz və ağız əzələləri qırılıb.

Atilla Arfaini ilə birgə həbsxanada kamerada saxlanılan və sonradan azadlığa buraxılan digər yeniyetmənin sözlərinə görə, ona davamlı və şiddətli fiziki işgəncə ilə yanaşı, psixoloji təsir də göstərilir. Atilla Arfai həm də ağır astma xəstəliyindən əziyyət çəkir.

Mənbə qeyd edir ki, Atilla Arfainin dosyesi Təbriz Ədliyyəsinin 15 saylı Təbatəbai şəhərciyinə göndərilib və o, qanuna uyğun olaraq zaminə buraxıla bilər. Lakin İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi məhkəmənin Atillanın zaminə buraxılmasına icazə vermir.

Dosye ilə tanış olan ittihamçı prokuror oğlanın ailə üzvlərinə bildirib ki, İslam İnqilabı Keşikçiləri Təşkilatının Kəşfiyyat Bölməsi Atillaya qarşı ağır ittihamlar irəli sürüb. Atilla Arfai istintaq zamanı türk sözlərindən istifadə etməkdə, Atatürkün şəklini mobil telefonun ekranına qoymaqda, sosial media vasitəsilə xalqı qızışdırmaq və təşkilatlandırmaqda, küçə iğtişaşlarına rəhbərlik etməkdə, ictimai əmlaka ziyan vurmaqda ittiham olunur.