İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi (foto: “Hawzah”)
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş “X” sosial şəbəkəsində yazıb ki, BƏƏ ABŞ, İsrail və İran arasında münaqişənin diplomatik yolla həllini dəstəkləməyə davam edir:
“Fars körfəzindəki ərəb ölkələriylə İran arasındakı münasibətlər qarşıdurma və regional münaqişələr üzərində qurula bilməz; region xalqlarını dərin tarixi köklər birləşdirir”.
“The Times of Israel” nəşrinin Baş nazirin Ofisinə istinadən yaydığı xəbərdə isə bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dövründə Benyamin Netanyahu gizli şəkildə BƏƏ-yə səfər edərək ölkə prezidentiylə görüşüb və “bu səfər İsrail-BƏƏ münasibətlərində tarixi dönüş yaradıb”.
BƏƏ rəhbərliyi məlumatı rəsmi şəkildə təkzib edib.
ABŞ-nin yüksək vəzifəli rəsmiləri bildiriblər ki, İsrail müharibə günlərində BƏƏ-yə “Dəmir gümbəz” HHM sistemini və onu idarə etmək üçün mütəxəssislər göndərib.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, İsrail kəşfiyyatının rəhbəri müharibə dövründə ən azı iki dəfə BƏƏ-yə səfər edib və fəaliyyətlərin koordinasiyasıyla məşğul olub. Nəşr yazır ki, bu iki ölkə İranın iri neft-kimya kompleksinə hücumu koordinasiyalı şəkildə reallaşdırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi “Tehrana qarşı İsraillə əlbir olan” ölkələri hədələyib.
İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi isə yəhudi dövlətinə verdiyi dəstəyə görə BƏƏ-ni “ikinci İsrail” adlandırıb (“tass.com”).
O deyib ki, Əbu-Dabi yəhudi dövlətinin iqtisadi qanadıdır.
Səliminin sözlərinə görə, BƏƏ hakimiyyəti ölkə daxilində dəstəklənmir, artıq ölkənin maraqlarını müdafiə etmir, ABŞ və İsraillə eyni xətt üzrə hərəkət edir.
“Politfm”



