“İran və Ermənistan cümə axşamı iki gün davam edən birgə hərbi təlimləri başa çatdırmağa hazırlaşırlar. Bu təlimlər İranın nüvə proqramı ilə bağlı gərginliklər və uzunmüddətli rəqiblər olan Ermənistan və Azərbaycan arasındakı münasibətlərin fonunda keçirildi.” Bu barədə Reuters tərəflərə istinadən yaydığı məqalədə söz açıb.
Daha sonra “Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü verdiyi açıqlamada bildirib ki, hər iki tərəfin xüsusi təyinatlı qüvvələrinin iştirak etdiyi təlimlər ölkələrin 44 km (26 mil) uzunluğundakı ucqar sərhədi boyunca hər iki tərəfdə keçirilir.
Bildirilirdi ki, tərəflər sərhəd-keçid məntəqələrinə “simulyasiya olunmuş terror qruplarının hücumları”na cavab verməyi məşq edəcəklər.
İranın dövlət mediası, İnqilab Keşikçiləri Korpusunun bir rəsmisinə istinadən yazıb: “Bu təlimlərin məqsədi iki ölkənin ortaq maraqları əsasında sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir.”
Son illərdə Ermənistanın Qərbə yaxınlaşmasına baxmayaraq, o, Qərb ölkələri ilə nüvə proqramı üzərində qarşıdurma yaşayan İranla isti münasibətlərini qoruyub saxlayır.
Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə sərhədləri artıq otuz ildən çoxdur ki, bağlıdır. Bu səbəbdən İranla olan dağlıq sərhədi ölkə üçün qeyri-adi dərəcədə böyük iqtisadi əhəmiyyət daşıyır
İran sərhədi yaxınlığındakı ərazi, Ermənistanın demək olar ki, dörd onillikdir Dağlıq Qarabağ uğrunda münaqişə yaşadığı Azərbaycanla gərginliyinin ön cəbhəsində yerləşir.
Azərbaycan Bakı ilə onun eksklavı olan Naxçıvan və müttəfiqi Türkiyəni birləşdirəcək sərhəd zonası boyunca bir dəhlizin təmin edilməsini Ermənistandan tələb edir.
Həm Ermənistan, həm də Azərbaycan ötən ay münaqişəyə son qoymaq məqsədilə sülh sazişi mətnində razılığa gəldiklərini açıqlamışdılar, lakin bu müddətdən sonra sərhəddə baş verən atışma hadisələrinə görə bir-birlərini yenidən ittiham etməyə davam ediblər.
Son illərdə Ermənistan Qərblə əlaqələrini daha da gücləndirib. Bu, ənənəvi müttəfiqi olan Rusiya ilə münasibətlərin pisləşməsi fonunda baş verib. Bəzi ermənilər Moskvaya onları Azərbaycandan qorumaqda uğursuz olduğu üçün irad bildirirlər” deyə Reutersin materialında bildirilir .
Politfm.com



