Foto: internet




“Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görür”.
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitindəki video-çıxışında belə deyib (APA).

 

O həmçinin qeyd edib ki, “Sülhün digər mühüm nailiyyəti bağlantıdır. Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək. Bununla yanaşı, bu marşrut Orta Dəhlizin bir hissəsi olacaq. Həm Ermənistan, həm də Azərbaycan artıq sülhün praktik faydalarını görür. Bu fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim”.

​”Biz neft məhsullarımızın, benzin və dizel yanacağının Ermənistana tədarükünə başladıq, bununla da ticarət əlaqələrinin əsasını qoyduq. Hazırda Ermənistana 12 min ton neft məhsulumuz ixrac edilib” deyən Əliyev əlavə edib ki, Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün tranzitini də təmin edib.

İlham Əliyev bildirib ki, onun sammitdə iştirakı Azərbaycanla Ermənistan arasında sülhün reallıq olduğunu göstərir:

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam. Həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Prezident Koşta və Prezident fon der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycanla Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”.


“Politfm”