Ana Səhifə Manşet GEDƏCƏYİMİZ YER DOSTLARIMIZIN YANIDIR

GEDƏCƏYİMİZ YER DOSTLARIMIZIN YANIDIR

1

Dünən Bəşir Süleymanlını və Məmməd Məmmədzadəni tutdular. Ondan qabaq iki ilə yaxındır hökumət nəfəsdərmədən, gözqırpmadan tutur. Tutur ki, səsimizi kəsək. Tutur ki, onun korrupsiyasından danışmayaq. Medianı-saytları, kanalları tamam bağlayır, ölkədən qovur. İlham Əliyev ölkəni qapamaq istəyir, yavaş-yavaş da qapayır. Bunun qarşısını alacaq yeganə güc bizik, bizim özümüzük. Biz yazmalıyıq. Biz mövqe qoymalıyıq. Təslim olmamalıyıq, təslim olmadığımızı bəyan eləməliyik. Ataları türmədə olan uşaqları düşünməliyik, türmə qapılarındakı, zindan divarları arasındakı xanımları düşünməliyik. Düşünməliyik ki, bu səngər boş qalmamalıdır. Yoxsa bu rejim ciyərimizə keçirdiyi dişlərini bir-birinə vurana qədər sıxmaq niyyətindədir. Canımızı almaq niyyətindədir.

Biz bu sistemə can verəcəyikmi? Ya bu cəmiyyəti tərpədib, onun özünə sahib çıxmaq ruhunu dirçəldəcəyikmi? Bizdən asılıdır. Zindandan yazan, mövqe bildirən  Sevinc Vaqifqızının, Ülvi Həsənlinin, Akif Qurbanovun, Elnarə Qasımovanın  bu işi hansı şəraitdə etdiklərini o divarlar arasında olanlar bilir. Bilir ki, çox çətindir. Çətindir, amma mümkündür. Qaradan artıq rəng varmı yoxmu bilmirəm, amma Sevincgilin yanından o tərəfə yol yoxdur. Gedəcəyimiz yer uzaq başı dostlarımızın yandır. Bu rejim bizi dostlarımızın yanına getməklə qorxuda bilməməlidir.

SEYMUR HƏZİ