Çinin Şandun əyalətinin Haiyang sahillərindəki sulardan havaya qalxan”Gravity 1″ raketi üç peyki təyin olunmuş orbitə çıxarıb, 13 oktyabr 20205 (foto : “TAN KE”)
İran Çində orbitə buraxılmış peyki gizli şəkildə əldə edərək Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına dair kəşfiyyat məlumatları toplayıb. Bu, həmin bazalara zərbələrin planlaşdırılması üçün İrana yeni imkanlar yaradıb. Bu barədə “Financial Times” nəşri İranın sızdırılmış sənədlərinə istinadən xəbər verir.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Çinin “Earth Eye Co” şirkəti tərəfindən hazırlanıb orbitə çıxarılmış TEE-01B peykini hələ 2024-cü ildə əldə edib və ondan Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq və digər ölkələrdəki hərbi bazaların izlənməsi üçün istifadə edib. Peyk vasitəsilə əldə edilən məlumatlar 2026-cı ilin mart ayında — İranın raketlər və dronlarla həyata keçirdiyi zərbələrdən əvvəl və sonra aktiv şəkildə istifadə olunub.
Qəzet qeyd edir ki, peyk yüksək ayırdetmə qabiliyyətinə və İranın əvvəlki sistemləriylə müqayisədə ciddi texnoloji üstünlüklərə malikdir. Bildirilir ki, SEPAH məlumatların emalı üçün Pekindəki “Emposat” şirkəti tərəfindən idarə olunan yerüstü stansiyalara və məlumat mərkəzlərinə çıxış əldə edib. İddialara görə, İran bu razılaşma çərçivəsində ümumilikdə 36,6 milyon dollar ödəyib.
Nəşrin məlumatına əsasən, peyk mart ayının ortalarında Səudiyyə Ərəbistanındakı “Prince Sultan Air Base” aviabazasını da qeydə alıb. İranın bu bazaya endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsinin məhv edildiyi bildirilir.
“Reuters” qeyd edir ki, Vaşinqton və Pekin rəsmiləri məsələylə bağlı şərh verməkdən imtina ediblər. Çinin Vaşinqtondakı səfirliyi isə “Çinə qarşı dezinformasiyanın yayılmasını” rədd etdiyini bildirib.
Ağ Evin nümayəndəsi isə ABŞ Prezidenti Donald Trampın daha əvvəl Çinə İranı hava hücumundan müdafiə sistemlərilə təmin etməyin nəticələri barədə xəbərdarlıq etdiyi xatırladılıb, amma peyklə bağlı məlumata münasibət bildirilməyib.
“Politfm”



