Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı Fazil Qasımov və Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Mahirə Kərimovanın hökmü ilə Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətə azadlıqdan məhrum edilib.

Fazil Qasımov son sözündə özünü təqsirli bilmədiyini, istintaqda verdiyi ifadələri təyziq və psixotrop dərmanların təsiri altında verdiyini bildirib, həbsini siyasi səbəblərlə əlaqələndirib.

Xatırlatma:

2023-cü ilin iyulunda iqtisadçı Qubad İbadoğluya qarşı açılmış cinayət işi çərçivəsində həmin ilin avqustunda Türkiyənin İstanbul Universitetinin doktorantı Fazil Qasımov, ardınca isə Anar Əliyev həbs edildi. 2024-cü ilin aprelində İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra onun cinayət işi ayrıca icraata götürüldü.

F. Qasımov Azərbaycan Cinayət Məcəlləsinin saxta pul əldə etmə maddəsi, A. Əliyev isə həm bu, həm də qanunsuz odlu silah saxlamaq maddəsində ittiham olunurdu.