Ana Səhifə Manşet ƏLIYEV DÜZƏLDİMİ? İRAN NİYƏ DANIŞDI? OYUN NECƏ POZULDU?

ƏLIYEV DÜZƏLDİMİ? İRAN NİYƏ DANIŞDI? OYUN NECƏ POZULDU?

1

İlam Əliyevin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv etmək cəhdindən bir gün qabaq onun “Tramp yolu” prosesində könüllü olmadığını yazmışdım. Əlbəttə, vəziyyətin mürəkkəbliyi də yazıya təsir etmişdi. Mənim bir qədər az vaxt ayırmağım da. Ona görə də bir az suallar yaratmışdı. Amma sağ olsunlar bir gün sonra hər şeyə bir aydınlıq gətirdilər.


Təbii ki, bir məsələni ortaya atan müəllifin vəzifəsidir ki, kifayət qədər faktlar ya da arqumentlər təqdim etsin. Amma bəzən bu mümkün olmur. Məsələn, “Atlantic Council” kimi ciddi düşüncə mərkəzi Trampla Putin arasındakı görüşü heç bir məlumata istinad etmədən şərh etmişdilər və bildirmişdilər ki, görüşün detallarına çıxış əldə etmək mümkün olmayıb. Bunları xatırlatmaqda məqsədim niyə əvvəlki yazıda ciddi istinadlar yoxdur sualına açıqlama gətirməkdir. Bəzən belə vəziyyətlər olur. O zaman bizim işimiz tendensiyanı kompleks analiz edib, bu cür vəziyyətlərdən öncəki və sonrakı hərəkətlənməni diqqət altında saxlamaqdır. Burası belə.
İkincisi və əsası odur ki, Əliyev heç vaxt Qərblə birlikdə uzun müddətli yol düşünməz. Bu onun maraqlarına ziddir. Ömürlük hakimiyyət düşünən Əliyev niyə cəmi 3 ili qalmış Trampla elə anlaşmalara girsin ki, ondan sonra gələn ABŞ hökumətlərindən də asılı olsun? Əlbəttə, çətin vəziyyətlər, dar boğazlar yarana bilir, bunları keçmək üçün isə qısamüddətli addımlar atılır. Məsələn, sülh imzalayacağın haqqında sənəd imzalayırsan, sonra da hələ imzalamadığın sülhə görə Trampı Nobel sülh mükafatına namizəd verirsən. Üstəlik, bu namizədliyi verəndə Nobel komitəsini də aşağılayırsan, “iyrənc qərarlar verirlər” deyirsən. Onun ardınca da deyirsən ki, eybi yox heç olmasa, Trampa verin mükafatı. Bu elə “bizə fikir verməyin, mükafatı da Trampa verməyin” demək deyilmi? Bu vəziyyəti görmək çoxmu çətin işdir? Şübhəsiz, sual ritorikdir.

Aydın görünürdü ki, Əliyev orada candərdi durub və ABŞı yox, Trampı qabartmaqla hər şeyi qarşıdakı üç ilə hesablayıb, vaxt udur.
Ehtimal olunan Tramp Putin razılaşması nə idi? Peşəkar hərbçilər bilir ki, taktika, strategiya və hərəkət planı əksərən “ehtimal olunan, düşmən birlikləri”nin uyğun vəziyyətinə görə hazırlanır. Ona görə ehtimal olunan ki, çox vaxt düşmən özü haqqında məlumatları gizli saxlayır. Ciddi strateqlər buna görə A, B,C planları hazırlayırlar. Yəni heç bir vəziyyətə “sürpriz” deməmək üçün. Belə işlərdə, elə siyasətdə də sürprüz ancaq, minalara və “mina”lara deyirlər. Tramp Putinin başının üstündən Əliyev və Paşinyanı çağırıb, dərhal sənəd imzalatdırır. Bu imzalamadan qabaq Trampın xüsusi nümayəndəsi Uitkov Moskvaya gedir, bir həftə sonra Bakıya gəlir və ardınca da bu imzalama baş tutur. Üstəlik, Tramp Azərbaycan və Ermənistan arasında sülhə dair razılaşmanın imzalanmasından sonra yenidən başlayır Ukraynanı ərazi güzəştlərinə çağırmağa. Siz nə başa düşdüz? Özü də Zaxarovanın bu razılaşmanı qınayacağı yerdə qeyri müəyyən bir açıqlama ilə dəstəkləməsi fonunda. Bu prosesi nə dayandıra bilərdi? Avropa ölkələrinin Ukraynaya birmənalı dəstək verib, Trampı Putinə verdiyi ehtimal olunan sözdən döndərməsi. Bu belə də oldu. İkinci hissə alınmadı. Tramp Ukraynaya ərazi güzəşti çağırışlarını “işğalçıya hücum edərələr” ritorikası ilə əvəzlədi. Elə məhz bundan sonra prosesin birinci hissəsi də qüvvədən düşmüş sayıldı. Məhz bunun ardınca, “Tramp yolu” bizə mane olmur deyən İran başladı danışamağa. Dedi ki, sülhdən yanayıq, amma üçüncü ölkəni burada istəmirik. Təbii ki, İran bu açıqlamanı Rusiyanın təsiri ilə etdi. Necə ki, Rusiyanın təsiri ilə susurdu.

Əliyev Çinlə münasibətləri isti tutmağa davam edir. Çünki Qərblə məsələyə müvəqqəti baxır. Onun Pekinlə yaxınlaşması Putin üçün də bir təsəllidir. Çünki Putin də çətinə düşəndə Çinlə yaxınlaşıb, nəfəs almaq istəyir. O ki, qaldı Hindistanın Azərbaycanın ŞƏT-ə daxil olmağına veto qoyub, bizi “xilas” etməyinə, əlbəttə, təskinlik üçün pis təqdimat deyil. Amma, məncə, üzərində düşünülməli olan məsələlər Əliyevin ŞƏTə niyə belə can atması və uzun zamandır, dünyanın bütün dillərində “Əliyev düzəlir”, “Əliyev Putindən qopur”, “Əliyev əvvəlki Əliyev deyil, ola bilmir” , “Rusiya ilə konfilikt oyun deyil” təbliğatının nəticələridir. İndi arxadan atılan daş heç topuğa da dəymir

SEYMUR HƏZİ