Foto: internet
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlara əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə pərakəndə ticarət dövriyyəsi 38 milyard 358,5 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb.
Hesabat dövründə istehlakçılara 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı real ifadədə 1,4 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,6 faiz artıb.
Avtomobil yanacağı üzrə pərakəndə satış 2 milyard 327,3 milyon manat təşkil edib və real ifadədə 4,9 faiz artıb.
İlin ilk 7 ayında hər istehlakçı orta hesabla ayda 533,6 manatlıq məhsul alıb. 2025-ci ilin eyni dövrüylə maqayisədə (489,6 manat) bir nəfərin orta aylıq pərakəndə alışlarının məbləği bir il ərzində 44 manat, yaxud təxminən 9 faiz artıb.
533,6 manatın 290 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 243,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb (Bu göstərici ümumi ailə büdcəsini yox, pərakəndə ticarət şəbəkəsində alınan malların orta aylıq dəyərini ifadə edir).
Hər 100 manatın yarısı ərzağa xərclənib
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində aldığı mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarına, 4,3 faizi içkilər və tütün məmulatlarına, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6,1 faizi avtomobil yanacağına, 4,8 faizi elektrik malları və mebellərə, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 18,1 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.
Yanacağın pərakəndə ticarət xərclərində 6,1 faizlik payı diqqətçəkən göstəricidir. Bu, 38 milyard 358,5 milyon manatlıq ümumi dövriyyə daxilində 2 milyard 327,3 milyon manatlıq yanacaq satışının çəkisini ifadə edir.
2025-ci ilin eyni dövründə avtomobil yanacağının pərakəndə ticarətdə payı 6,0 faiz olub. Beləliklə, bir il ərzində yanacağın ümumi pərakəndə xərclərdəki payı 0,1 faiz bəndi artıb.
Ərzağın payında isə əks istiqamətdə dəyişiklik olub. 2025-ci ilin yanvar-iyul aylarında ərzaq məhsullarının pərakəndə ticarətdə payı 50,5 faiz olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 50,0 faizə enib.
Yəni pərakəndə istehlak strukturunda böyük dəyişiklik baş verməsə də, ərzağın payı bir qədər azalaraq ümumi xərclərin yarısına, avtomobil yanacağının payı isə 6,1 faizə çatıb.
Nominal artım 9,3 faiz, real artım isə 3,8 faizdir
2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi təxminən 35,1 milyard manat olub. 2026-cı ilin eyni dövründə bu rəqəm 38 milyard 358,5 milyon manata yüksəlib.
Beləliklə, pərakəndə ticarət dövriyyəsi manat ifadəsində təxminən 3,3 milyard manat, yaxud 9,3 faiz artıb. Lakin DSK bu dövr üzrə real artımı 3,8 faiz göstərir.
Bu, vacib məqamdır. Çünki nominal artım dövriyyənin manatla nə qədər böyüdüyünü, real artım isə qiymət dəyişikliklərinin təsiri nəzərə alınmaqla hesablanan satış həcmini göstərir. Yəni 9,3 faizlik nominal artım istehlakın bu səviyyədə artması demək deyil.
Eyni fərq ərzaq və qeyri-ərzaq mallarında da müşahidə olunur. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə nominal satış təxminən 8 faiz artdığı halda, real artım cəmi 1,4 faiz olub. Qeyri-ərzaq mallarında isə nominal artım təxminən 10,8 faiz, real artım 6,6 faiz təşkil edib.
“Politfm”



