Foto: “Getty Images”
Vaşinqton-London cəbhəsində diplomatik böhran dərinləşir. Prezident Donald Trampın Böyük Britaniyanın Baş naziri Kir Starmeri hədəf alan çıxışı iki müttəfiq arasındakı münasibətləri qırılma nöqtəsinə gətirib.
Ağ Evdə təşkil olunan ənənəvi Pasxa naharı bu dəfə bayram ab-havasıyla yox, siyasi qalmaqalla yadda qalıb. Medianın yazdığına görə, Tramp çıxışında britaniyalı həmkarını tənqid edib. O, Starmerin hərbi məsələlərlə bağlı qərar verməzdən əvvəl öz komandasıyla məsləhətləşməsini zəiflik kimi qiymətləndirərək baş naziri lağa qoyub. Britaniya liderinin səsini və davranışlarını təqlid edən Tramp Böyük Britaniyanın artıq ABŞ üçün “ən yaxşı müttəfiq olmadığını” bəyan edib.
“Təyyarədaşıyan gəmi” iddiası
Trampın əsas iddiası İranla bağlıdır. O bildirib ki, Vaşinqton Londondan bölgəyə iki təyyarədaşıyan gəmi göndərməsini xahiş edib, Starmersə ona “komandamla məsləhətləşməliyəm” deyə cavab verərək vaxt qazanmağa çalışıb:
“Müharibə artıq başlamışdı və bir neçə günə bitə bilərdi. Belə bir məqamda komandanın iclasını gözləmək mənasız idi”.
Dauninq-strit bu iddiaları qətiyyətlə rədd edir. Britaniya hökumətinə yaxın mənbələr ABŞ-dən rəsmi olaraq belə bir müraciətin daxil olmadığını və Londonun gəmi göndərməklə bağlı vəd vermədiyini bildirirlər.
Londonun strateji səbri: “Emosiyalar deyil, maraqlar önəmlidir”
Starmerin Trampın iddialarına cavab verməməsi diplomatik dairələrdə “doğru və təmkinli addım” kimi qiymətləndirilir. Britaniya parlamenti də Baş naziri dəstəkləyir. Leyboristlər vurğulayırlar ki, müharibə kimi ciddi məsələlərdə qərarlar təkbaşına yox, mütəxəssislərin rəyi əsasında verilməlidir.
Ekspertlərin fikrincə, ABŞ-nin təzyiqləri Londonu digər tərəfdaşlara yönəlməyə məcbur edir. Onların təxminlərinə görə, Böyük Britaniya aşağıdakı istiqamətlərdə əlaqələrini gücləndirəcək:
– Kanada və Avstraliya: “AUKUS” formatında əməkdaşlığın dərinləşməsi;
– Avropa İttifaqıyla və iqtisadi təhlükəsizlik üçün Avropa bazarıyla yeni yaxınlaşma.
– diversifikasiya: Trampın proqnozlaşdırıla bilməyən iqtisadi təzyiqlərinə qarşı yeni tərəfdaşlıqlar.
ABŞ Avropaya cəbhə açır?
Tramp təkcə Starmeri tənqid etməklə kifayətlənməyib, Fransa Prezidenti Emmanuel Makron haqqında da qeyri-diplomatik ifadələr işlədib, onun şəxsi həyatını hədəf alıb. Bu, ABŞ-nin yeni rəhbərliyinin Avropa liderlərinə qarşı daha sərt və “filtrsiz” siyasət yürüdəcəyinin siqnalı kimi qəbul edilir.
Bəzi diplomatlar ümid edirlər ki, Kral III Çarlzın ABŞ-yə planlaşdırılan səfəri iki ölkə arasındakı “soyuq küləkləri” bir qədər səngidə bilər. Amma şəxsi münasibətlərdə yaranan bu qədər dərin zədənin tam bərpası asan görünmür.
Starmer parlamentdəki çıxışında mövqeyinin dəyişmədiyini nümayiş etdirib:
“Britaniyanın milli maraqları emosional reaksiyalardan üstündür. Təzyiqlərə baxmayaraq biz ölkəmizin təhlükəsizliyi üçün ən doğru olanı etməyə davam edəcəyik”.
Aqil Əli Məhərrəm



