Foto: “worldatlas.com”
Dünən – aprelin 28-də Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxacağını açıqlayıb. Bu qərar İranla müharibənin yaratdığı görünməmiş enerji böhranı fonunda Fars körfəzi ölkələri arasında fikir ayrılıqlarını üzə çıxarır və neft ixrac edən ölkələr qrupuna ciddi zərbə kimi qiymətləndirilir.
Qrupun ən iri istehsalçılarından biri olan BƏƏ-nin onu tərk etməsi OPEC-in qlobal neft təchizatına nəzarət imkanlarını zəiflədir və bu ölkəylə təşkilatın faktiki lideri olan Səudiyyə Ərəbistanı arasında mövcud fikir ayrılıqlarını daha da dərinləşdirir (“Reuters”).
Eyni zamanda, bu addım BƏƏ-yə hasilatı artırmaq imkanı verir. Körfəz marşrutları vasitəsilə ixrac bərpa ediləndən sonra ölkə artıq OPEC kvotalarına tabe olmayacaq.
BƏƏ-nin energetika naziri Suhail Mohamed Əl Məzrui “Reuters”-ə müsahibəsində bildirib ki, qərar ölkənin enerji strategiyasının hərtərəfli təhlilindən sonra qəbul olunub. Onun sözlərinə görə, bu məsələ digər ölkələrlə müzakirə edilməyib.
“Bu, hasilat səviyyəsinə dair indiki və gələcək siyasətin diqqətli təhlilindən sonra verilmiş siyasi qərardır” deyə, nazir vurğulayıb.
BƏƏ-nin təşkilatdan 1 may tarixində çıxacağını bildirən nazir əlavə edib ki, dünya daha çox enerjiyə ehtiyac duyacaq və ölkəsi bu tələbatı qarşılamaq potensialına malikdir.
BƏƏ həm OPEC-dən, həm də tərəfdaş ölkələri birləşdirən OPEC+ formatından çıxacağını açıqlayandan sonra beynəlxalq bazarlarda neft qiymətlərinin artım tempi zəifləyib. Amma Əl Məzrui bazara qısa müddətdə ciddi təsir gözləmədiyini qeyd edib və bunu Hörmüz boğazındakı məhdudiyyətlərlə izah edib.
Hazırda OPEC-ə daxil olan Körfəz ölkələrinin neft və qaz istehsalçıları bu dar keçid vasitəsilə ixracda çətinliklərlə üzləşir. Müharibədən əvvəl dünya xam neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi bu marşrut İranın gəmilərə qarşı təhdid və hücumları ucbatından ciddi risk altındadır.
Beynəlxalq Enerji Agentliyi bildirib ki, OPEC+ ölkələrinin qlobal neft hasilatındakı payı mart ayında fevraldakı 48%-dən 44%-ə düşüb. İstehsalın dayanması halları artdıqca, aprel və xüsusilə də may ayında – dördüncü ən böyük istehsalçı qrupdan çıxadan sonra bu göstəricinin daha da azalacağı gözlənilir.
Trampın qələbəsi?
BƏƏ-nin OPEC-dən çıxmaq qərarı ABŞ Prezidenti Donald Trampın qələbəsi kimi görünür. Tramp hələ 2018-ci ildə – BMT Baş Assambleyasındakı çıxışında OPEC-i neft qiymətlərini süni şəkildə artırmaqda ittiham etmişdi. O, ABŞ-nin Körfəz ölkələrinə hərbi dəstəyini neft qiymətləriylə əlaqələndirərək bildirmişdi ki, OPEC üzvləri Vaşinqtonun onları qorumasından istifadə edərək qiymətləri artırırlar.
Analitiklərin fikrincə, BƏƏ-nin təşkilatdan çıxması istehlakçılar və qlobal iqtisadiyyat üçün də müsbət təsir yarada bilər.
ADCB bankının baş iqtisadçısı Monika Malik deyib ki, bu addım geosiyasi vəziyyət sabitləşdikdən sonra BƏƏ-yə qlobal bazarda payını artırmaq imkanı verəcək.
“Rystad Energy” şirkətinin analitiki Xorxe Leon isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı kimi, BƏƏ də əlavə hasilat gücünə malik azsaylı OPEC üzvlərindən biridir. Onun sözlərinə görə, ölkənin təşkilatdan kənarda istehsalı artırmaq üçün həm motivasiyası, həm də imkanları olacaq, bu isə Səudiyyə Ərəbistanının bazarda sabitləşdirici rolunun davamlılığıyla bağlı suallar yaradır.
BƏƏ–Səudiyyə Ərəbistanı münasibətlərində dərinləşən çat
Bir vaxtlar yaxın müttəfiq olmuş Əbu-Dabi və Ər-Riyad hazırda neft siyasəti, regional geosiyasət, xarici kapital və insan resursları uğrunda rəqabət də daxil olmaqla, bir sıra məsələlər üzrə artan qarşıdurma vəziyyətindədirlər.
BƏƏ regionun əsas biznes və maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, ABŞ-nin mühüm müttəfiqlərindən hesab olunur. Üstəlik, Yaxın Şərqdə və Afrikada öz təsir dairəsini formalaşdırıb.
İranla müharibə dövründə baş verən hücumlardan sonra BƏƏ ABŞ və İsraillə əlaqələrini daha da gücləndirib. 2020-ci ildə “İbrahim razılaşmaları” çərçivəsində qurulan əlaqələr ölkə üçün həm regional təsir aləti, həm də Vaşinqtonla əlavə kommunikasiya kanalı kimi qiymətləndirilir.
Bundan başqa, aprelin 28-də Körfəz ölkələri liderlərinin Səudiyyə Ərəbistanında görüşü keçirilib. Rəsmilərin açıqlamalarına görə, sammitin məqsədi ABŞ-İsrail qüvvələrinin başladığı müharibə dövründə region ölkələrinə minlərlə raket və dron atmış İrana cavab mexanizmi hazırlamaq olub.
“Politfm”



