Aprelin 2-dən Bakıda minlərlə taksi sürücüsünün tətilə başlayacağı bildirilir. Bu barədə Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov “Oxu.az”a məlumat verib. Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etirazlar davam edəcək.
Sürücülərin tələbləri arasında taksi dayanacaqlarının artırılması, avtobus zolaqlarından istifadə icazəsinin verilməsi və minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsi var.
Eldarov qeyd edib ki, minimal qiymətlə uzun məsafələr qət etmək məcburiyyətində qalırlar. Şəhərin mərkəzində dayanacaqların çatışmazlığı, sərnişinləri götürməyin çətinliyi və bu səbəbdən cərimələrin tətbiqi də problemlər arasındadır.
Sürücülər fərqlənmə nişanı olan taksilərə avtobus zolaqlarında qısa müddətli dayanma icazəsinin verilməsini tələb edirlər. Hazırda bu qaydanı pozan sürücülərə 80-100 manat məbləğində cərimələr tətbiq olunur.



