Foto: “Getty İmages”
“Azərbaycanda su qıtlığı problemi yoxdur, baxmayaraq ki, su ehtiyatlarımızın 70%-ni xaricdən alırıq. Problem daha çox idarəetmə ilə bağlıdır”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bunu ötən həftə – Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” konfransında deyib (APA).
O bildirib ki, problemi həll etmək üçün müxtəlif addımlar atılır:
“İlk növbədə, su anbarlarının yaradılması və sutoplama sistemlərinin qurulması istiqamətində işlər görülür. Suyun düzgün idarə olunması üçün ikinci mühüm məsələ isə suyun açıq kanallarla, xüsusilə torpaq kanalları ilə daşınmasından beton kanallara və hətta qapalı sistemlərə, xüsusilə boru kəmərləri vasitəsilə daşınmasına keçiddir”.
Nazirin açıqlaması uzun illərdir müzakirə olunan, amma son illərdə daha kəskin xarakter alan strateji problemi bir daha gündəmə gətirir – su ehtiyatlarının düzgün idarə edilməməsi ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının dayanıqlığı, regional inkişaf siyasəti və hətta sosial sabitliyi ilə bağlı dərin struktur risklərindən xəbər verir.
“Su ehtiyatlarının düzgün idarə edilməməsi” nə deməkdir?
Azərbaycan həqiqətən də transsərhəd sulardan ciddi şəkildə asılı ölkələrdən biridir. Kür və Araz hövzəsi ölkənin əsas su mənbələridir və bu suların böyük hissəsi Gürcüstan, Ermənistan, Türkiyə və İran ərazilərində formalaşır. İqlim dəyişiklikləri, regionda yağıntının azalması və çay axınlarının zəifləməsi problemi son illərdə daha da ağırlaşdırıb. Rəsmi qurumlar dəfələrlə bildiriblər ki, adambaşına düşən illik su ehtiyatı azalır və Azərbaycan artıq “su stressi yaşayan ölkələr” kateqoriyasına yaxınlaşır.
Ancaq ekspertlər bildirirlər ki, problem yalnız resurs çatışmazlığından qaynaqlanmır, su böhranı uzun illər ərzində idarəetmə böhranına çevrilib. Çünki ölkədə mövcud su ehtiyatlarının əhəmiyyətli hissəsi köhnəlmiş və səmərəsiz suvarma sistemlərində itirilir. Müxtəlif rəsmi və beynəlxalq hesabatlarda qeyd olunur ki, açıq kanallar vasitəsilə daşınan suyun böyük hissəsi buxarlanma, sızma və texniki itkilər səbəbindən tarlalara çatmadan itir.
Sovet dövründən qalma suvarma infrastrukturu bu gün də əsasən eyni vəziyyətdədir. Minlərlə kilometrlik kanalların betonlaşdırılması başa çatdırılmayıb, drenaj sistemlərinin bir hissəsi sıradan çıxıb, nasos stansiyalarının əhəmiyyətli hissəsi ya köhnəlib, ya da yüksək enerji xərclərinə görə tam gücüylə işləmir. Xüsusilə Aran bölgəsində su itkisi və torpaqların şoranlaşması artıq kənd təsərrüfatının məhsuldarlığını ciddi dərəcədə aşağı salır.
Beləliklə, Azərbaycanda su qıtlığı problemi bu üç səbəbdən qaynaqlanır:
Mövsümi qıtlıq və iqlim dəyişikliyi
Quraqlıq dövrləri son illərdə daha uzun və intensiv olur. Yay aylarında çay axınları azalır, bu isə xüsusilə Aran zonasını və suvarma əkinçiliyini birbaşa zərbə altında qoyur. Yəni illik “kifayət qədər su var” hesabatı ilə yay aylarında “su çatmır” reallığı üst-üstə düşmür.
İnfrastruktur və itkilər
Köhnə suvarma kanallarında və açıq sistemlərdə ciddi itkilər var. Suyun bir hissəsi buxarlanma və sızma problemlərinə görə tarlaya çatmır. Bu isə formal “su var” vəziyyətini “praktik çatışmazlıq” vəziyyətinə çevirir.
Bölgü və əlçatanlıq
Su hər bölgədə eyni səviyyədə əlçatan deyil. Bəzi yerlərdə iri təsərrüfatların daha stabil su aldığı, kiçik fermerlərin isə mövsümi çatışmazlıq yaşadığı barədə uzun illərdir davam edən iddialar mövcuddur. Bu, nazirin “qıtlıq yoxdur” fikrini lokal qıtlıq reallığıyla üz-üzə qoyur.
Bundan başqa, quraqlıq faktoru sistem riskini artırır. Çünki xaricdən formalaşan çayların axını azalanda ölkənin bufer imkanları məhdud olur. Yəni su ehtiyatı olur, amma elastiklik azalır.
Rəsmi statistikaya görə, Azərbaycanda istifadə olunan suyun 70 faizdən çoxu kənd təsərrüfatının payına düşür. Amma bu suyun nə qədər səmərəli istifadə edildiyi sual altındadır. Damcı suvarma və müasir texnologiyalar barədə illərlə danışılmasına baxmayaraq onların tətbiqi məhdud miqyasdadır.
Kiçik və orta fermerlərin böyük hissəsi hələ də primitiv suvarma üsullarından istifadə edir. Bunun əsas səbəblərindən biri isə həmin texnologiyaların baha olması, subsidiyaların məhdudluğu və fermerlərin kredit resurslarına çıxış imkanlarının zəifliyidir.
Digər tərəfdən, su resurslarının bölgüsüylə bağlı illərdir səslənən narazılıqlar da problemin siyasi və sosial tərəfini ortaya qoyur. Müxtəlif regionlardan olan fermerlər dəfələrlə bildiriblər ki, suvarma suyu ilk növbədə iri təsərrüfatlara və hakimiyyətə yaxın şəxslərin əkin sahələrinə yönləndirilir. Xüsusilə pambıqçılıq, taxılçılıq və ixracyönümlü iri aqrar layihələrin yerləşdiyi ərazilərdə su təminatının daha stabil olduğu, kiçik təsərrüfatlarınsa mövsüm ərzində ciddi su çatışmazlığıyla üzləşdiyi barədə çoxsaylı şikayətlər mövcuddur.
Rəsmilər bu iddiaları sistemli problem kimi qəbul etməsələr də, əkin sahələrindən yayılan görüntülər və fermerlərin açıqlamaları illərdir eyni mənzərəni göstərir: bəzi kəndlərdə insanlar növbəylə gecələr su gözləyir, kanallar quruyur, əkin sahələri yanır, amma paralel olaraq iri təsərrüfatlarda geniş suvarma davam edir. Bu isə su problemin yalnız ekoloji və texniki məsələ olmadığını göstərir, sosial ədalət məsələsini də ön plana çıxarır.
Ekspertlər: İdarəetmə şəffaf, bölgü ədalətli olmalıdır
Son illərdə hökumət müəyyən addımlar atmağa çalışıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb, yeni su anbarları və magistral kanallar layihələri elan olunub, bəzi rayonlarda qapalı suvarma sistemlərinin qurulmasına başlanıb. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı su idarəçiliyi” modeli barədə də tez-tez danışılır. Bundan əlavə, dövlət proqramlarında su itkilərinin azaldılması və suvarma səmərəliliyinin artırılması prioritet kimi göstərilir.
Amma ekspertlər bildirirlər ki, problem yeni layihələrlə həll olunacaq səviyyədə deyil. Çünki əsas məsələ idarəetmənin şəffaflığı, su bölgüsünün ədalətlili olması və kənd təsərrüfatı modelinin özüdür. Azərbaycanda son illərdə su tələb edən sahələrin, xüsusilə də pambıqçılığın inzibati təşviqi daha da güclənib. Halbuki pambıq ən çox su tələb edən məhsullardan biridir. Bu siyasət bir tərəfdən ixrac və sənaye məqsədlərilə əsaslandırılır, digər tərəfdənsə onsuz da məhdud olan su ehtiyatları üzərində əlavə təzyiq yaradır.
İqlim dəyişikliyi fonunda vəziyyətin gələcəkdə daha da ağırlaşacağı gözlənilir.
Temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması və çay axınlarının azalması Azərbaycanın kənd təsərrüfatı modeli üzərində yenidən düşünməyi zəruri edir. Ekspertlərin bir qismi hesab edir ki, yaxın illərdə ölkə su resurslarını strateji təhlükəsizlik məsələsi kimi idarə etməyə məcbur olacaq.
“Politfm”



