Foto: internet
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə qadınların başçılıq etdiyi ailələrdə adambaşına aylıq gəlir 398 manat təşkil edib. Bu, kişilərin başçılıq etdiyi ailələrdəki göstəricidən (387 manat) 11 manat və ya təxminən 2,8 faiz çoxdur.
Amma birincilərdə adambaşına ümumi gəlirin daha yüksək olması əməkhaqqı və özünüməşğulluq gəlirləri hesabına formalaşmır. Əksinə, bəzi əsas gəlir mənbələrində ikincilər üstünlük təşkil edir.
Başçısı qadın olan ailələrdə yüksək göstəricini əsasən pensiya və digər cari transfertlər, eləcə də digər ailələrdən alınan vəsaitlər təmin edir.
Kişilərin başçılıq etdiyi ailələrdə özünüməşğulluq gəlirləri daha yüksəkdir
Əməkhaqqından əldə edilən gəlirlər baxımından bu iki qrup arasında ciddi fərq yoxdur. Adambaşına düşən əməkhaqqı gəliri birinci qrupda 147,2 manat, ikinci qrupda isə 146 manat təşkil edib. Fərq cəmi 1,2 manatdır.
Özünüməşğulluqdan əldə edilən adambaşına aylıq gəlirdə isə fərq daha böyükdür. Qadınların başçılıq etdiyi təsərrüfatlarda bu göstərici (107 manat) kişilərin başçılıq etdiyi ev təsərrüfatlarında olduğundan (130,1 manat) 23,1 manat və ya 21,6 faiz azdır.
Kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlərdə də oxşar fərq müşahidə olunur. Birinci qrupda aylıq kənd təsərrüfatı gəliri 32,1 manat, ikinci qrupda 40 manat təşkil edib. Fərq 7,9 manat və ya 24,6 faizdir.
Mülkiyyətdən əldə edilən gəlirlər, məsələn, kirayə gəlirləri isə hər iki qrupda ümumi gəlirlərdə çox kiçik paya malikdir – birinci qrupda 1,8 manat, ikinci qrupda 1,3 manat.
Qadınların başçılıq etdiyi ailələrdə pensiya gəlirləri daha yüksəkdir
Ailə başçısının qadın olduğu təsərrüfatların ümumi gəlir göstəricisinin daha yüksək olmasında əsas amillərdən biri cari transfertlərdir. Statistika məlumatlarında pensiya və müavinətlərlə yanaşı, alimentlər və digər oxşar daxilolmalar da cari transfertlər kateqoriyasında birləşdirilir.
2025-ci ildə qadınların başçılıq etdiyi ev təsərrüfatlarında adambaşına aylıq cari transfertlər 91,1 manat, kişilərin başçılıq etdiyi ailələrdə isə 78,9 manat təşkil edib.
Bu fərqin (12,2 manat) böyük hissəsi pensiya gəlirlərinin payına düşür. Birinci qrupda adambaşına aylıq pensiya gəliri 78,8 manat, ikinci qrupda 66,5 manat təşkil edib.
Müavinət, təqaüd və digər sosial ödənişlər üzrə isə iki qrup arasında fərq yoxdur: hər iki halda adambaşına aylıq göstərici 11,7 manatdır.
Digər ailələrdən daxil olan vəsaitlər də fərqi artırır
Ailələrin gəlirləri arasındakı fərqin daha aydın göründüyü mənbələrdən biri də digər gəlirlərdir.
Birinci qrupun ev təsərrüfatlarında bu mənbədən adambaşına ayda 50, 9 manat, ikinci qrupda 30,7 manat daxil olub. Fərq 20,2 manat və ya təxminən 66 faizdir.
Bu gəlirlərin mühüm hissəsini digər ailələrdən daxil olan vəsaitlər təşkil edir. Statistikaya görə, ölkə daxilindən daxil olan vəsait qadınların başçılıq etdiyi təsərrüfatlarda adambaşına aylıq 36,2 manat, kişilərin başçılıq etdiyi təsərrüfatlarda isə 26,5 manat olub.
Xaricdən göndərilən vəsaitlərdə fərq daha böyükdür. Birinci qrupda xaricdən adambaşına ayda orta hesabla 14,7 manat, ikinci qrupda isə 4,2 manat daxil olub (3,5 dəfə az).
11 manatlıq fərq necə yaranır?
Beləliklə, qadınların başçılıq etdiyi ailələrdə adambaşına ümumi gəlir daha yüksək (11 manat) olsa da, bu üstünlük əməkhaqqı, özünüməşğulluq və kənd təsərrüfatı gəlirlərindən yaranmır.
Əksinə, bu üç əsas gəlir mənbəyində ikinci qrupun göstəriciləri daha yüksəkdir. Əməkhaqqı gəlirlərində birinci qrupda cüzi üstünlük (1,2 manat) olsa da, bu ailələr özünüməşğulluqda 23,1 manat, kənd təsərrüfatında isə 7,9 manat geridə qalırlar.
Başqa sözlə, qadınların başçılıq etdiyi ailələrdə adambaşına gəlirin daha yüksək olması əməkhaqqı və biznes fəaliyyətindən əldə edilən gəlirlərlə yox, sosial transfertlər, pensiyalar və digər ailələrdən alınan vəsaitlərlə əlaqəlidir. Bu rəqəmlər ailə gəlirlərinin strukturunda ailə başçısının cinsindən asılılıq meylləri olduğunu da göstərir.
“Politfm”



